“XXIII Dünya Enerji Konfransı çərçivəsində OPEK və qeyri-OPEK ölkələrinin görüşü keçirildi və bir nəticə hasil olmadı. Görüş iştirakçıları oktyabrın 29-da daha bir toplantı keçirməklə bağlı razılığa gəldilər. Ancaq ümumilikdə götürdükdə, konfrans dialoq üçün bir platformadır. Burda enerjiyə aidiyyatı olan nəhəng şirkətlərin top-menecerləri, ekspertlər, bu sahə üzrə nazirlər, müvafiq qurumlar fikir mübadiləsi aparırlar. Hazırkı vəziyyəti, yaxın perspektivlər üçün çağırışları, uzaq perspektivlər üçün hədəfləri müzakirə edirlər. Konfrans bir məqamla da yadda qaldı. Əgər bundan öncəki konfrans neftin yüksək qiymətlərində olan ab-hava ilə gündəmdə idisə, 2016-cı il toplantısı artıq dünyada neftin qiymətinin kəskin aşağı düşməsi və bütün proqnozların yaxın 10 il ərzində dünya enerji bazarında qiymətlərin aşağı səviyyədə olması çərçivəsində inkişafını ortaya qoyur”.
Bunu Teleqraf.com-a açıqlamasında “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.
İ.Şabanın sözlərinə görə, çox maraqlıdır ki, dünyanın ən məşhur şirkət rəhbərləri, ən iri treyderləri də konfransda bunun niyə belə olacağını göstərirdilər.: “Neftin nə 100, nə də 25 dollar qiyməti reallıq deyil. Dünya enerji bazarı yaxın 10 ildə 50-75 dollar arasında olan bir çərçivədə inkişaf edəcək. Dünyanın keçəcəyi yol artıq ənənəvi enerjinin azalması, bərpa olunan, alternativ enerjinin, atom və hidroenergetikanın inkişafıdır. Yəni, konfransın yadda qalan istiqaməti budur”.
İ.Şaban qeyd edib ki, konfransda “Cənub Qaz Dəhlizi” ilə bağlı TANAP-ın baş direktoru Saltuk Düzyol çox maraqlı çıxış edib: “O TANAP-ı sadəcə Türkiyənin şərqindən başlayıb qərbində bitən boruların düzümü kimi yox, bir ölkənin hansısa infrastruktur layihəsi kimi deyil, Xəzərdə başlayıb Avropada bitən böyük bir layihənin əsas seqmenti kimi ortaya qoydu. Bu onu göstərdi ki, TANAP açıq bir boru kəməri olacaq. Ondan ancaq hazırda Azərbaycan və Avropadakı alıcılar, o cümlədən Türkiyədəki alıcılar deyil, gələcəkdə Xəzərin o tayı, Yaxın Şərq ölkələri, Aralıq dənizi hövzəsində olan ölkələr belə yararlanıb öz xammallarını istehlakçılara çatdıra biləcəklər. İstehlakçılar da indiyədək əldə edə bilmədikləri imkanları – alternativ marşrutlarla yanacaq əldə etmək imkanları qazanacaqlar”.
Konfrans çərçivəsində Rusiya və Türkiyə prezidentləri arasında “Türk axını” layihəsinin imzalanmasına münasibət bildirən İ.Şaban qeyd edib ki, imzalanan anlaşma iki ölkə arasında buzların əriməsi baxımından çox yaxşı hazırlamış bir tədbir idi: “Hər iki hökumət maksimum səy göstərmişdi ki, Enerji Konfransı çərçivəsində sazişi imzalasınlar. Bu da baş verdi. Faktiki olaraq iki ölkə regional əməkdaşlıq istiqamətində gələcəyə doğru mühüm addım atdı. İki ölkənin enerji əlaqələrinin güclənməsi ümumilikdə enerji təhlükəsizliyinin təmin edilməsi deməkdir. Enerji təhlükəsizliyinin davamlı, stabil olması isə bütün dünyada milli təhlükəsizliyin qarantı deməkdir. Bu baxımdan “Türk axını”nın imzalanması sülh və əmin-amanlığa gətirib çıxaracaq bir məsələdir”.
Qeyd edək ki, XXIII Dünya Enerji Konfransında regionun mühüm enerji dövləti olan İran iştirak etməyib. Məlumata görə, rəsmi Tehran konfransda heç səfirlik səviyyəsində də təmsil olunmayıb. Bəs, bunun səbəbləri nə ilə izah oluna bilər? İ.Şaban bu sualı cavablandırmaqda çətinlik çəkdiyini bildirib. O, İranın adətən bu cür platformalardan istifadə etdiyini vurğulayıb: “İran sanki oyundankənar vəziyyətdədir. İstənilən halda İranla Türkiyə arasında enerji məsələsində daim rəqabət var. Digər tərəfdən Rusiya ilə İran arasında da belə bir rəqabət mövcuddur. Bu məsələlər hər zaman oynayır. Görünür, İranın konfransda iştirakdan imtina etməsi də bununla bağlıdır”.
Səxavət HƏMİD