Teleqraf.com-un suallarını “Baku Bus” MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev cavablandırıb:
-Mansur müəllim, əvvəl “Baku Bus”un fəaliyyətindən danışaq...
-Fəaliyyətə başladığı ilk gündən Bakı şəhərində sərnişindaşıma sahəsində təhlükəsiz, rahat və yüksək xidmətlə yanaşı, uzun illərdən bəri formalaşmış sürücü-sərnişin münasibətlərini daha sivil müstəviyə keçirməyi, bu sahədə olan sterotipləri qırmağı hədəfləmiş “Baku Bus” qısa zaman kəsiyində bu istiqamətdə müəyyən yol qət edib. “Baku Bus” sərnişindaşıma xidmətini gündəlik maddi gəlirlər üzərində quran şirkət deyil, biz məhz yüksək xidmət və müasir meqapolislərdə olduğu kimi keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətini həyata keçirməyi qarşımıza məqsəd qoymuşuq. Ona görə də bütün fəaliyyət istiqamətlərimiz üzrə alınan qərarlar günlük tələbatlar yox, bu xidmət sahəsinin inkişaf etdirilməsi və gələcəkyönümlü xarakter daşıyır.
Əlbəttə, günlük iş şəraitində müəyyən çatışmazlıqlar da mövcuddur. Bu çatışmazlıqların isə davamlı və sistematık tədbirlərin həyata keçirilməsi ilə aradan qaldırılacaq. Təbii ki, buna müəyyən zaman lazımdır.
Eyni zamanda unutmaq olmaz ki, sərnişindaşıma xidməti çoxtərəfli münasibətlər sistemi üzərində qurulan xidmət növüdür. Burada sərnişinlər, daşıyıcı şirkətlər, bu sahəyə yardımçı təşkilatlar, dövlət nəzarətini həyata keçirən qurumlar var.
-Gələcəkdi hansı marşurut xətləri açıla bilər, bununla bağlı vətəndaşlar tərəfindən sizə müraciətlər olurmu? Olursa əsasən şəhərin hansı istiqamətində “Baku Bus” marşrutlarının açılması barədə müraciətlər daxil olur?
-Gün ərzində daxil olan müraciətlər içərisində bu cür fikirlər səsləndirən vətəndaşlarımıza da rast gəlmək olar. Hətta yeni xətt təklif edərək bunu açılacağı təqdirdə şirkətin mənfəət qazanacağını əsaslandırmağa çalışan sərnişinlərimiz də var. Ancaq bu cür sərnişinlərimiz bir şeyi yaddan çıxarırlar ki, yeni marşrut xətlərinin açılması və onların hərəkət trayektoriyasının təyin edilməsi, eyni zamanda dayanacaqların müəyyənləşdirilməsi “Baku Bus”un səlahiyyətlərinə daxil deyil.
Bu məsələlər Bakı Nəqliyyat Agentliyi tərəfindən tənzimlənir. Əlbəttə, bu cür müraciətlər birbaşa aidiyyəti quruma yönləndrilir. “Baku Bus” daşıyıcı şirkətdir, yeni marşrut xətti açılanda biz sadəcə öz xidmətimizi təklif edir və bu xətt üzrə keyfiyyətli sərnişindaşıma fəaliyyətinin tərəfimizdən təmin olunmasını əsaslandırırıq. Bu zaman aidiyyətı qurum tərəfindən şirkətin texniki imkanlarını, kadr potensialı və yüksək xidmətin təşkili ilə bağlı digər vasitələri də nəzərə alınaraq müəyyən marşrut xəttinin müvəqqəti olaraq istismarı “Baku Bus”a həvalə olunur. Bundan sona isə biz öz xidmətimizi həmin marşrut xətti üzrə həyata keçirməyə başlayır.
-Vətəndaşlardan əsasən hansı müraciətlər daxil olur?
-Əvvəlcə qeyd edim ki, vətəndaşlardan daxil olan müraciətlər günün 24 saatı fəaliyyət göstərən *4242 qaynar xətti ilə yanaşı, şirkətin FB səhifəsindən, eləcə də [email protected] elektron ünvanından daxil olur. Bu müraciətlərin hər biri mütəxəssislər tərəfindən qeydə alınır və icra olunması üçün aidiyyətı üzrə ünvanlanır. Daxil olan müraciətlərdə marşrut xətləri və xidmətlərlə bağlı məlumat istəyənlər daha çoxdur.
Ancaq günün pik vaxtlarında intervallarda yaranan gecikmələrlə bağlı və bəzən sürücü kobudluğu ilə bağlı da şikayətlər daxil olur. Daxil olan hər bir şikayət qanunvericiliyin tələblərinə uyğun araşdırılır. “Baku Bus” avtobuslarında quraşdırılmış, 24 saat görüntüləri qeydə alan videokameralar araşdırma zamanı obyektiv nəticə çıxarılması üçün işimizi xeyli asanlaşdır.
Təbii ki, əgər sərnişinin şikayəti əsaslı olarsa və sürücünün qayda pozuntusu əyani şəkildə sübuta yetirilərsə, həmin sürücü haqqında qanunvericiliyə uyğun tədbir görülür. Bununla yanaşı gün ərzində “Baku Bus”un qaynar xəttinə və şirkətin elektron səhifəsinə daxil olan şikayətlərin araşdırılması zamanı öz təsdiqini tapmayan, hətta qərəzli müraciətlər də aşkar olunur. Bu kimi halların səbəbi bəzi sərnişinlərin ictimai nəqliyyatdan istifadə zamanı mövcud qaydalar haqqında kifayət qədər məlumatlı olmamaları və bu qaydalara əməl etməmələri ilə bağlıdır. Bəzən bu kimi əsassız şikayətlərin araşdırılmadan mətbuat səhifələrinə düşməsi, ictimailəşməsi göstərilən xidmətə və işgüzar nüfuza xələl gətirir, sərnişindaşıma sahəsində görülən işlərə, tətbiq olunan yeniliklərə qarşı əvvəlcədən mənfi ictimai rəyin formalaşmasına şərait yaradır.
Təəssüf ki, əksər hallarda sərnişinlər üçün məsuliyyət yaradan hərəkətlər və əsassız məlumatların yayılması ilə bağlı qanunvericiliyin tələbləri diqqətdən kənarda qalır. Hesab edirəm ki, sərnişinlər də məsuliyyət daşımalı və hər hansı sərnişin qaydaları pozaraq, ictimai nəqliyyatın fəaliyyətini iflic etdikdə, təhlükə yaratdıqda sərnişin də məsuliyyətə cəlb olunmalı və cavabdehlik daşımalıdır.
-Mansur müəllim, xüsusən səhər saatlarında mərkəzi küçələrdə baş verən gecikmələrin səbəbi nədir?
-Avtobus yerüstü nəqliyyat vasitəsidir. Buna görə də digər avtomobillər kimi yolda yaranan sıxlıq, tıxac və hərəkəti məhdudlaşdıran başqa vasitələr avtobusların da hərəkətinə mane olur. Əgər yolda avtomobil sıxlığı varsa, avtomobil çoxluğuna görə sürət aşağıdırsa və yaxud yol qəza hadisəsi, təmir, hər hansı tədbirlə əlaqədar müvəqqəti bağlıdırsa, əlbəttə, marşrut avtobusu dayanmaq məcburiyyətindədir. Bu isə daşıyıcı şirkətdən asılı olmayan səbəblə bağlı intervallarda gecikmələrə gətirib çıxarır. Burada daşıyıcı şirkəti günahlandırmaq insafsızlıq olardı.
Ancaq təəssüf ki, çox vaxt günahlandırılır... Təbii ki, texniki problem səbəbindən gecikmə olarsa, dərhal əlavə tədbirlər görülür. Lazım olarsa xəttə əlavə avtobus çıxarılır ki, interval pozulmasın və marşrut xəttində xidmət təsdiq olunmuş qrafik üzrə həyata keçirilsin .
-İntervallarda yaranan problemlər üçün yolu tənzimləyən mütəxəssislər varmı?
-Təbii ki, var. Mütəxəssislərimiz tərəfindən avtobuslarımız gün ərzində davamlı olaraq onlayn şəkildə izlənir. Marşrutun hərəkətində xırda bir dəyişiklik olan zaman dərhal mütəxəssislər onu monitordan görür və avtobusun ləngimə səbəbi araşdırılır. Əgər yol bağllanıbsa, az müddətdirsə avtobus gözləmə vəziyyətində qalır. Tıxacın açılması gec olacaqsa, aidiyyətı qurumların razılığı əsasında marşrut avtobusu müvəqqəti olaraq alternativ yoldan istifadə etməyə məcbur olur. Tıxacdan qalan avtobuslar həmin alternativ yoldan sadəcə müvəqqəti istifadə edirlər və əlbəttə ki, sonra öz xətləri üzrə hərəkəti davam etdirilirlər.
Bu cür hallarda xətt nəzarətçiləri, dispetçerlər, fasiləsiz olaraq avtobusları izləyən mütəxəssislər həmin intervalların normal qaydasına salınması üçün tədbirlər görürlər.
-Marşrut xətlərinin intervalları neçə dəqiqə müəyyənləşdirilib?
-İntervallar marşrut xətlərinin uzunluğu və digər keyfiyyətlərinə görə fərqli olur. Ancaq ümumilikdə “Baku Bus” avtobuslarında intervallar arası məsafə 3-6 dəqiqə müəyyənləşdirilib. Onu da deyim ki, yolda avtobusun ləngiməsi, intervalın pozulması sərnişinlərdən daha çox bizi narahat edir. Çünki biz intervalı əvvəlki qrafikə salmaq üçün əlavə tədbirlər görmək məcburiyyətndə qalırıq. Sərnişinlər bir məsələni də nəzərə almalıdır ki, yolda olan istənilən maneə marşrut avtobusunun hərəkətinə mənfi təsir göstərir, ləngidir.
-“Baku Bus” marşrutlarından uzun xətt olan marşrut hansıdır?
-Marşrut xətlərimizin bəzilər kifayət qədər uzundur və şəhərin mərkəzi küçələrindən keçir. Ən uzun 2 və 6 saylı marşrut xətləridir. Onların uzunluğu 36 km-dən bir qədər çoxdur.
-Bəs marşrutlarının saat qrafiki necədir?
-Marşrut xətlərimizdə avtobuslar səhər saat 06:00-dan etibarən fəaliyyətə başlayırlar. Qrafik üzrə işin bitmə vaxtı isə marşrut xəttindən və sonuncu dövrədən asılı olaraq fərqli ola bilər. Sonuncu dövrələr isə əsasən gecə saat 00:10-00:20 iradələrində başa çatır.
-Mansur müəllim, bəzən insanlar öz əşyalarını hardasa unudub gedirlər. “Baku Bus”-da sizdə itirilmiş əşyalar olur. Bununla bağlı məlumat verərdiz...
-“Baku Bus” avtobuslarında itirilmiş əşyalara cavabdehlik daşımır. Çünki avtobusda hər hansı əşya itirirsə, digər sərnişinlər tərəfindən götürülə bilər. Bu barədə hər bir marşrut avtobuslarımızda lövhələr də quraşdırılıb. Ancaq biz sərnişinlərimizin məmnunluğunu qazanmaq üçün itmiş və tapılmış əşyaların vaxtında onlara təqdim olunması üçün bu işi sistemləşdirmişik.
Bizim şirkətin marşrutları axırıncı dayanacaqda dayanan zaman dispetçerlər avtobusu yoxlamaq üçün salona daxil olur və oturacaqlara diqqət yetirirlər. Aşkar olunan əşyalar kamera altında götürülərək inzibati binaya göndərilir.
İtmiş əşya daxil olarkən dərhal vətəndaşların müraciətləri ilə bağlı Qaynar xətt proqramında “itmiş və tapılmış əşyalar bölməsi”nə əlavə olunur. Əyər itirən şəxs əvvəlcə müraciət edibsə, əşya haqqında məlumatlar daxil edilərkən dərhal proqram onun sahibinin müraciət etdiyini bildirir və tapılan əşyanın təhvil verilməsi daha asan olur. Yox, əgər əşyasını itirmiş şəxs gec müraciət edirsə, əşya saxlanılır və biz onlar haqqında, şəkilləri ilə birlikdə şirkətin elektron səhifəsində elanlar yerləşdiririk.
-Daha çox hansı əşyalar tapılır?
-Bu, ilin fəsillərinə görə dəyişir… məsələn, payız aylarında, yağışlı havalarda çətir, kitab, məktəb ləvazimatları, şərf, papaq, şəxsiyyət vəsiqələri, sənədlər, xaricidən gələn qonaqların əşyaları, milli suvinerlər, telefonlar və s. Tək yerli insanlar deyil, xarici vətəndaşlar bizimlə əlaqə saxlayıb, marşrutda əşyalarını unutduqlarını deyirlər. Əşya bizdədirsə biz onu təhvil veririk. Bəzən olur ki, itən əşya bizdə 4-5 ay qalır. Biz o əşyalar barədə elan verməli oluruq.
İlhamə ƏBÜLFƏT