Qeyri-sabit hava şəraiti ilə bağlı əlaqədar səhər saatlarından etibarən "Azəravtoyol" ASC-nin Bakı şəhərində balansında olduğu küçə və prospektlərə, o cümlədən respublikanın avtomobil yollarına kifayət qədər maşın-mexanizm və texnika çıxarıb.
"Azəravtoyol" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, qar təmizləyən və qum səpən texnikalar avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunan ərazilərə cəlb edilib. Qısa müddət ərzində sözügedən yollarda qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi işləri həyata keçirilib. Nəticədə hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.
"Azəravtoyol" ASC-yə məxsus maşın-mexanizmlər və canlı qüvvə gecə boyu qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilərdə vəziyyətə nəzarət edib, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədi ilə gecə və səhər saatlarında buzlaşma baş verən yollara qum-duz qarışığı səpilib.
Qeyd edək ki, Bakı şəhərinin küçə və prospektlərində, həmçinin respublikanın avtomobil yollarında həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində səhər saatlarında avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə olunmayıb.
Hazırda da yollarda vəziyyət normaldır. Yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi istiqamətində atılan addımlara baxmayaraq nasaz, şinləri mövsümə uyğun olmayan və təcrübəsiz sürücülər tərəfindən idarə olunan avtonəqliyyat vaitələrinjn hərəkətində problemlərin olması qaçılmazdır. Həmçinin bu cür sürücülər digər hərəkət iştirakçılarının da hərəkətinə mane olmaqla yollarda tıxacın yaranmasına gətirib çıxarırlar. Bu üzdən hazırlıqsız sürücülərin yollara çıxması məsləhət görülmür.