23 Fevral 2017 22:58
320

Əli Həsənov: ""Prezidentimiz ölkəmizdə qurulan, yeni istehsal, iqtisadi münasibətlərin təməlini təşkil edən şirkətlərə kifayət qədər yüksək qiymət verir"

Bu gün Dreamland "Xəyal Adası"nda "Azərsun Holdinq" in prezidenti Abdolbari Gözələ "Şöhrət" ordeninin təqdim edilməsi mərasimi keçirilib.

Teleqraf.com-un məluumatına görə, təqdimat mərasiminə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov,Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik, Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov da qatılıb. Təqdimat mərasimindən öncə "Azərsun Holdinq" in bu günə qədər keçdiyi yolu, şirkətin Azərbaycan iqtisadiyyatına töhvəsini əks etdirən film nümayiş olunub. Daha sonra Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Abdolbari Gözələ "Şöhrət" ordenini təqdim edib. Təqdimat mərasimində çıxış edən Ə. Həsənov bildirib ki, “Azərsun Holdinq” artıq milli şirkət deyil. Bu şirkət sərhədləri adlamış, kifayət qədər yer tutaraq xarici bazarlarda rəqabətədavamlığı ilə bölgənin transmilli şirkətlərindən biri kimi tanınır: “Təkcə onu qeyd etmək kifayət edir ki, holdinqin Azərbaycanda yaratdığı infrastruktur, istehsalat sahələri, logistika beynəlxalq standartlara cavab verir. Şirkətlər qrupunda, eləcə də kənd təsərrüfatı sahəsində on minlərlə vətəndaşımız çalışır ki, onlar yüksək əmək haqları ilə təmin olunublar. Holdinqin istehsal etdiyi məhsullar nəinki daxili tələbatı ödəyir, eyni zamanda milli brend kimi bölgənin müxtəlif ölkələrində,xarici bazarlarda tanınır. Bu da Azərbaycana kifayət qədər valyuta ehtiyatları gətirir. “Azərsun Holdinq” ölkəmizə yeni istehsalat mədəniyyəti gətirib. “Azərsun Holdinq” ölkənin qida təhlükəsizliyinin təmin olunmasında müstəsna yer tutur. Holdinqin uğurlarının təməlində dayanan əsas amil odur ki, Abdolbari Gözəl bura ən zəhmətkeş insanları toplaya bilib. Bu şirkət daim ümumilli lideri Heydər Əliyevin qayğısında olub. Bu gün isə ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunur. Çünki, bu şirkət Azərbaycan üçün çalışır, Azərbaycan vətəndaşına iş yeri verir, keyfiyyətli ərzaqla təmin edir. Qida təhlükəsizliyində mühim yer tutur. Bu gün Azərbaycanda Azərsun kimi çoxsaylı şirkətlər var ki, dövlətin bütün sahələr üzrə qayğısı ilə əhatə olunub. İstər kredit ayırması olsun, istər vergi güzəştləri olsun, istər də digər kommersiya sahəsinə verilən dəstək olsun. Prezidentimiz ölkəmizdə qurulan, yeni istehsal, iqtisadi münasibətlərin təməlini təşkil edən şirkətlərə kifayət qədər yüksək qiymət verir. Onların nümunəsi kimi bu gün həmin şirkətlərdən birinin rəhbəri, Azərbaycan zəhmətkeşlərinin kifayət qədər yaxşı tanıdığı şəxsə cənab Prezidentin təltf etdiyi "Şöhrət ordeni"ni təqdim ediləcək. Fəlsəfəsini "Qurani Kərim"dən götürən belə bir deyim var. Böyük Mövlanə bu kəlamı çox istifadə edirdi. “Hər gün öləcəyin kimi yaşa, amma heç zaman ölmədiyin kimi çalış. Abdolbari Gözəl bu cür insanlardandır ki, heç vaxt ölməyəcəyi kimi çalışır, hər gün öləcəyi kimi yaşayır ”.

Abdolbari Gözəl isə çıxışına xatirələri ilə başlayıb: “Mən Azərbaycana Turqut Özalın təklifi ilə gəlmişəm. O vaxt İrandan Türkiyəyə gedərkən Özala İsveçrəyə gedəcəyimi dedim. Çünki İran hakimiyyətinə dəstək versək də bunun qarşılığını almadıq. Özal isə məni israrla Azərbaycana göndərdi. O zaman ilk dəstəyi Heydər Əliyevdən aldıq. Həmin dövrdə bizə tez-tez nazirlər “qonaq gəlirdilər”. Bu barədə Heydər Əliyevə edim. Prezident çox əsəbləşdi və onları ciddi xəbərdarlıq etdi. Ardınca ölkə başçısı mənə dedi ki, “bundan sonra qonaq gələn olmayacaq. Biz o zaman qida sektoruna daxil olduq. İstehsal etdiyimiz çay artıq bir dünya brendi olub. Biz iş görərkən heç vaxt pulu, qazancı düşünməmişik. Bizdə bir məşhur misal var: böyük tikə boğazda qalar. Başqa sözlə, az ye, həmişə ye. Həmin dövrdə Azərbaycanda insanların maddi durumu çox pid idi. Qolundakı saatı sataraq evinə çörək alan adamları tanıyırdım. Çox şükür, o çətinliklərin öhdəsindən gəldik. Bu gün isə mənə prezident İlham Əliyevin verdiyi “Şörhət”ordeni təqdim edilir. Ölkə başçısının bu mükafatı onu göstərir ki, biz həqiqətən də çalışmışıq və çalışırıq. Bu mükafat mənə bir daha onu göstərdi ki, çəkilən zəhmət qiymətsiz qalmır. Mən ölkə başçısına öz dərin minnətdarlığımı bildirirəm".

Daha sonra tədbirdə Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik çıxış edib.

Qeyd edək ki, 2016-cı ilin dekabr ayının 28-də prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, A. Gözəl "Şöhrət" ordeni ilə təltif edilib.


Müəllif: