6 Mart 2017 22:54
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bilirsiniz ki, Azərbaycan artıq demokratik ənənələri olan hüquqi dövlətdir. Azərbaycan Respublikasında bütün növ qanun pozuntuları mütləq hüquqi müstəvidə dəyərləndirilir, qiymətləndirilir və məhkəmə-hüquq sistemi tərəfindən müvafiq cəza tədbirləri həyata keçirilir. Mehman Hüseynov da baxmayaraq ki, ictimai fərddir, ancaq bununla bərabər öz fəaliyyətində Cinayət Məcəlləsinin konkret maddəsinə görə konkret hüquq pozuntusuna yol verib. Bu da əlbəttə ki, Azərbaycanın məhkəmə sistemi tərəfindən düzgün təhqiq edilərək müvafiq cəza tədbirləri görülüb. Mən düşünürəm ki, bu, tamamilə doğrudur”.

Bunu Teleqraf.com-a açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, əgər hər hansı ölkədə hüquqi sistem işləməsə, orda cəzasızlıq mühiti formalaşar və beləliklə də söz və mətbuat azadlığından sui-istifadə etməyə çalışan ayrı-ayrı mərkəzlər üçün müəyyən fəaliyyət sferası, yaxud platforması yarana bilər: “Ona görə də Azərbaycanın bütün vətəndaşları ölkə qanunları qarşısında bərabərdir və bizim məhkəmə sisteminin konkret şəxslərlə bağlı qəbul etdiyi qərarlar istər cəmiyyət, istərsə də beynəlxalq təşkilatlar tərəfindən hörmətlə qarşılanmalıdır. Mən düşünürəm ki, kim olmasından, hansı peşənin daşıyıcısı olmasından asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir və qanun pozuntusuna yol verən şəxslər mütləq qanun çərçivəsində də cəzalandırılmalıdır. Ona görə düşünürəm ki, bu məsələni məhz bu cür qiymətləndirmək lazımdır. Normal bir hadisədir. Azərbaycan məhkəmələrinin qəbul etdikləri qərarlara hörmətlə yanaşmaq lazımdır”.

Qeyd edək ki, son günlər bloqçu Mehman Hüseynovun həbsi ilə əlaqədar bəzi daxili və xarici qruplar, təşkilatlar Azərbaycan hakimiyyətinə çağırışlar ünvanlayıblar. Bu məsələnin bəlli daxili və xarici siyasi qruplar, onların təsiri altında olan təşkilatlar tərəfindən süni şəkildə siyasiləşdirildiyi açıq-aşkar ortadadır. Halbuki, M.Hüseynov saxlandığı Nəsimi rayon Polis İdarəsində təzyiqə məruz qalması barədə açıqlama verməsindən sonra idarənin rəisi Musa Musayev onunla bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. O, bloqçunun Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib. Məhkəmənin hökmü ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər