“Novruz bayramı ilə əlaqədar paytaxtda 10 yarmarka çadırı quraşdırılıb”.
Bunu Teleqraf.com-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.
Onun sözlərinə görə, yarmarka çadırları metroların yaxınlığındadır: “Həmin yarmarka çadırlarında müxtəlif bayram şirniyyatları, çərəzlər, ədviyyatlar, bayram atributları, gül-çiçəklər və bayram hədiyyələri satılır. Məhsullar bazar qiymətlərindən ucuzdur”.
Əlabbas Bağırov yarmarka çadırlarında bayram şey-şüyü, məhsulları ilə yanaşı digər əşyaların da satılmasına aydınlıq gətirib: “Bizə qabların satılması ilə bağlı müraciət daxil olmuşdu, bu məsələ ilə maraqlandıq. Yarmarkada satılan dibçəkdə güllər, qablar, əşyalar bayram hədiyyəsi kimi nəzərdə tutulub. Qab-qacaq almaq istəyən bu yarmarkadan ala bilər. Başqa bir məqsəd yoxdur”.
Qurum rəsmisinin sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığı ilə həmin yarmarka çadırlarını Xidmət və Ticarət Departamenti təşkil edib: “Havaların isti keçməsi ilə əlaqədar yarmarkalarda qızdırıcıdan istifadə edilmir. Gündüz gün işığından istifadə olunur, gecələr də yarmarka çadırını bağlayıb, gedirlər. Qızdırıcıya ehtiyac olmadığı üçün Bakı Şəhər İcra Hakimiyyəti digər strukturara ehtiyac görməyib”.
Qeyd edək ki, paytaxtda təşkil olunan yarmarka çadırları mart ayının 25-dən sonra yığışdırılacaq.
İlhamə ƏBÜLFƏT