Daxili İşlər və Ədliyyə nazirlikləri, Dövlət Təhlükəsizlik Xidməti nümayəndələrinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli struktur rəhbərləri, Ağstafa, Qazax, Tovuz, Gədəbəy və Şəmkir rayon prokurorlarının iştirakı ilə Ağstafa Heydər Əliyev Mərkəzində müşavirə keçirilib.
Teleqraf.com xəbər verir ki, müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş olunub.
Tədbiri açan Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bildirib ki, respublikamızda vicdan azadlığı tam təmin edilib, məscid və kilsələrin fəaliyyətinə icazə verilib, ölkə Konstitusiyasında bütün dini etiqadların qanun qarşısında bərabər olduğu göstərilib.
Qeyd edilib ki, hazırda qeyri-ənənəvi dini cərəyanlar və dini radikalizm bütün cəmiyyətlər üçün bəlaya çevrilib. Onun qarşısını vaxtında almaq ən vacib məsələlərdəndir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov “Dini ekstremizm və radikalizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüququ əsasları” mövzusunda çıxış edib. O, bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəlmiş pozuculuq cəhdlərini, vətəndaşlarımızı xaricdə fəaliyyət göstərən dini ekstremist qrupların və onların silahlı dəstələrinin tərkibinə qoşmaq istəklərini qətiyyətlə pisləyib. Bu cür əməllər törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən aparılan mübarizə tədbirləri barədə geniş məlumat verib.
O, bildirib ki, dini ekstremizm və radikalizmə qarşı mübarizə təkcə dövlət qurumları tərəfindən deyil, bütövlükdə cəmiyyət tərəfindən aparılmalıdır.
Baş Prokurorluğun işçisi Alim Cəbrayılov və Daxili İşlər Nazirliyinin nümayəndəsi Oktay Tağıyev çıxışlarında ölkəmizdə dini ekstremizmə və radikalizmə qarşı aparılan mübarizə tədbirlərindən söz açıb. Müxtəlif dini cərəyanlar və onların fəaliyyət metodları haqqında ətraflı məlumat verilib.