Martın 30-da Azərbaycan Bəstəkarlar İttifaqında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsinə həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə bildirib ki, ermənilər iki əsrdən artıq müddətdə azərbaycanlılara qarşı soyqırım, kütləvi qırğın, amansız cinayətlər törədiblər.
1918-ci ilin martında erməni daşnakları tərəfindən Azərbaycanın Bakı, Quba, Qarabağ, Şamaxı, Kürdəmir, Salyan, Lənkəran və başqa bölgələrində törədilən soyqırımı nəticəsində on minlərlə günahsız insan qətlə yetirilib.
İttifaqın rəhbəri ermənilərin Azərbaycan torpaqlarında törətdikləri qanlı faciələrdən danışıb, bu barədə dünya xalqlarına daha geniş məlumatlar çatdırılmasının vacibliyini vurğulayıb.
Tədbirdə Əməkdar incəsənət xadimləri Sərdar Fərəcov, İmruz Əfəndiyeva və başqaları 31 mart soyqırımının həm də bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu söyləyiblər, tarixən ermənilərin azərbaycanlılara qarşı yönəlmiş təxribatlarından bəhs ediblər.