6 İyul 2017 16:23
1 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun cəbhədə baş verən son hadisələr, Azərbaycan tərəfinin cavab addımları və s. məsələlərlə bağlı müsahibəsini təqdim edir.

- Ayaz müəllim, cəbhədə baş verən son hadisələri necə qiymətləndirirsiniz?

- Bu, vəhşilikdir. Buna başqa ad vermək olmaz. Vəhşilik və barbarlıqdır. Mən bu hadisəni pisləyirəm. Azərbaycan vətəndaşlarına, mülki əhaliyə qarşı erməni vəhşiliyinə son verilməlidir. İnanın bu elə vəhşilikdir ki, adam bu haqda danışanda belə ürəyi sancır.

- Sizcə, nədən indiki mərhələdə ermənilər cəbhədə gərginlik yaradır, belə hadisələrin baş verməsinə səbəb olurlar?

- Bu hadisələrin arxasında müəyyən adamlar və dairələr var. Digər tərəfdən, Ermənistan rəhbərliyinin bu işdə şəxsən əli ola bilər. Biz Ermənistanın mövqeyindən çıxış edərək qiymət versək, deyə bilərik ki, bunu qızışdırıcı bir hal kim ortaya atıb nəyəsə nail olmaq istəyirlər. Bəlkə də öz baxışlarına görə Azərbaycanı hədələyirlər. Ancaq bunun xeyri yoxdur. Erməni tərəfi onsuz da özünü aqressiv və təcavüzkar kimi qələmə verir. Bu hadisəni törətməklə öz imiclərini bir qədər də irəli aparacaqlar.

- Cəbhədə vəziyyətin ermənilər tərəfində qızışdırılması işində başqa ölkələrin də marağı ola bilərmi?

- Ola bilər. Xarici ölkələrin öz mənafeləri, məqsədləri, maraqları var. Onlar da məqsədlərinə nail olmaq üçün müəyyən tədbirlərə əl ata bilərlər. Mən konkret olaraq ölkə adı çəkə bilmərəm, amma nəzərdə tutduğumuz sözsüz ki, böyük dövlətlərdir. Ümumiyyətlə isə Qərb, Şərq, elə Şimalın özü də. Demək olar ki, Rusiyanın Azərbaycanda marağı var. Bəli, Rusiya öz mənafeyini güdməkdə israrlıdır, lakin belə vəhşiliyə onlar yol verə bilməz. Çünki belə durum ruslara lazım deyil. Üstəlik Azərbaycan-Rusiya münasibətləri dövlət səviyyəsində çox yüksəkdir və bu münasibətlərə şübhə etmək olmaz.

- İş ondadır ki, Azərbaycan 2 yaşlı Zəhra Quliyevanın yasını tutanda, bu vəhşiliyi dünyaya yayan anda Rusiya Xarici İşlər Nazirliyi Bakıdan tələb etdi ki, onun erməni əsilli vətəndaşlarını hava limanından deportasiya etməsin...

- Bu bizim öz işimizdir. Əgər yüksək səviyyədə məsləhət görülürsə ki, erməni əsilli Rusiya vətəndaşları ilə bağlı hansısa tədbirlər görülsün, deməli müəyyən səbəblər var. Bu səbəblərə görə də Azərbaycan bu addıma gedir. Bir sözlə, ortada haqq-hesab var və biz də buna getməliyik. Üstəlik Azərbaycan elə bir dövlət deyil ki, onunla hesablaşmayasan, istədiyin zaman gəlib-gedəsən və həm də düşmən mövqeyini də saxlayasan. Bu mümkün deyil.

- Yeri gəlmişkən, hazırda Xankəndində əsir olan Dilqəm Şahbazov Rusiya vətəndaşıdır. Sizcə, niyə Rusiya diplomatiyası onun əsirlikdən azad edilməsi üçün addımlar atmır?

- Mən bunun səbəbini deyə bilmərəm. İşin içində olmadığım üçün əsaslı bir söz deyə bilmərəm. Əlbəttə, mən bu haqda eşitmişəm, lakin məşğul olmamışam. Ona görə də bu işdə hansı məqsədin olduğu, hansı qüvvələrin buna mane olduğu və ya təsir etdiyi haqda konkret söz deməyim əsaslı olmaz.

- Uzun illər Moskvada yaşamışınız, yəqin ki, rus siyasətinə bələd adamsınız. Rusiyada ermənipərəst qüvvələr nə dərəcədə güclüdür?

- Mən etiraf edirəm ki, Rusiyada ermənipərəst qüvvələr güclüdür. Onların atdığı addımlar var. Biz heç vaxt başqa ölkənin torpağını işğal etməmişik. Həmin qüvvələr erməni-Azərbaycan münasibətlərini öz maraqlarına xidmət etdirmək istəyirlər, bunda maraqlı olublar. Mənim mövqeyim son dərəcədə açıqdır: Azərbaycan haqlıdır, təcavüzə məruz qalıb, torpaqları işğal edilib. Buna son qoymaq lazımdır. Buna son qoymaq üçün Qərb və Rusiya hansısa qərara gəlməlidir. Biz də hələlik gözləyirik. Ölkəmizin prezidenti açıq deyib ki, Azərbaycan öz gücünü göstərə bilər. Odur ki, bizim əsəblərimizlə oynamaq düzgün deyil. Mən dəfələrlə demişəm ki, siz məntiqsiz olaraq Azərbaycanı Ermənistanla eyni tərəzinin gözünə qoyursunuz. Bu gün bir nəfər azərbaycanlı belə Ermənistanda yaşamır, amma Azərbaycanda minlərlə erməni yaşayır.

İkincisi, Minsk Qrupunun fəaliyyətinə diqqət yeriməliyik. Burada ABŞ, Fransa və Rusiyanın adı var, lakin ortada nəticə yoxdur. Bu vaxta qədər Minsk Qrupu ortada olan açıq faktlara konkret münasibət bildirməyib. Bu da reallıqdır.

- Cəbhədəki erməni vandalizmindən sonra sülh danışıqları haqqında nə düşünürsünüz?

- Əgər biz Minsk Qrupundan imtina etsək, bundan bizim əleyhimizə istifadə edəcəklər. İlk növbədə Ermənistan istifadə edəcək. Bu mənada biz özümüzü təcrid etməməliyik. Ancaq səbirlə beynəlxalq aləmlə daha yaxın olmalı, onlarla daha ciddi iş aparmalıyıq. Bizim fəaliyyətimizdə yeni təkan var və bundan daha çox istifadə etməliyik. Yəni irəliləyişi təşkil etmək üçün özümüz işləməliyik. Mən mətbuatdan öyrəndim ki, hökumətin müəyyən qərarları var. Prezident yaranan vəziyyəti təhlil edəcək və fəaliyyətimiz güclənəcək. Mən buna şübhə etmirəm.


Müəllif: Cavad