6 İyul 2017 20:14
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasda YAP-ın sədr müavini və icra katibi, baş nazirinin müavini Əli Əhmədov iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində erməni silahlı birləşmələrinin növbəti təxribatı və insan təlafatı haqqında məlumat verib.

Əli Əhmədov bildirib ki, iyul ayının 4-də Füzuli rayonunun Alxanlı kəndində erməni silahlı birləşmələrinin növbəti təxribatı nəticəsində azyaşlı Zəhra Quliyeva və Sahibə Quliyevanın qətlə yetirilməsi qəti şəkildə pislənilməlidir. Qeyd edilib ki, insanlığa yaraşmayan bu hərəkət erməni terrorçularının uşaq qatili olduğunu bir daha sübuta yetirir: “Ermənistanın işğalçı hərbi birləşmələri tərəfindən təmas xəttinə yaxın ərazilərin atəşə tutulması, dinc əhalinin qətlə yetirilməsi Ermənistanın dövlət siyasətinə çevrilib. Bu vəhşilik bir daha göstərir ki, erməni təcavüzünün qarşısının alınmaması, beynəlxalq təşkilatların, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin biganəliyi erməni terroristlərinin əl-qolunu açır və mahiyyət etibarı ilə dinc insanların vəhşicəsinə qətlə yetirilməsinə rəvac verir”.

İdarə Heyətinin iclasında qərara alınıb ki, YAP əməkdaşlıq etdiyi partiyalara, parlamentarilərə müraciət edərək erməni silahlı birləşmələrinin növbəti vəhşiliyini və bu uşaq qatillərinin əməllərini pisləməyə səsləsin.

İdarə Heyətinin iclasında, həmçinin, 2017-cı ilin birinci yarısında həyata keçirilmiş tədbirlər və İdarə Heyətinin 2017-cı ilin ikinci yarımilliyinə dair iş planı müzakirə olunub. YAP İdarə Heyətinin 2017-cı ilin birinci yarımillik fəaliyyəti haqqında hesabatı qəbul edilib. Hesabatda qeyd edilir ki, 2017-cı ildə də Azərbaycanın iqtisadi və sosial həyatında inkişaf uğurla davam edib. Vurğulanır ki, 2017-cı ilin müvafiq dövründə Yeni Azərbaycan Partiyası müxtəlif xarakterli bir sıra mühüm tədbirlər həyata keçirməklə ölkənin ictimai-siyasi həyatında yaxından iştirakını davam etdirib.

YAP beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində səylərini uğurla davam etdirib. Xüsusilə müxtəlif ölkələrin aparıcı partiyaları və demokratik təsisatları ilə Yeni Azərbaycan Partiyası arasında işgüzar və səmimi münasibətlər daha da genişləndirilib, bir sıra mühüm görüşlər keçirilib.

Qeyd olunub ki, 2017-cı ilin birinci yarım ilində Yeni Azərbaycan Partiyasının sıralarına 13 min nəfərdən çox yeni üzv qəbul edilib, bununla da partiya üzvlərinin sayı 700 min nəfəri keçib. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edir.

İclasda YAP İdarə Heyətinin 2017-cı ilin birinci yarım ilinə dair hesabatı, İdarə Heyətinin 2017-cı ilin ikinci yarımilliyinə dair iş planı geniş müzakirə olunduqdan sonra qəbul olunub.


Müəllif: Cavad

Oxşar xəbərlər