Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, aksiyada Ermənistan ordusunun vəhşiliyini göstərən plakat və banerlərdən istifadə olunub. İştirakçılar Ermənistanın işğalçılıq siyasətini pisləyən “Sərkisyan uşaq qatilidir”, “Terrora, təcavüzə dur deyirik”, “Mən Zəhrayam”, “Zəhraya ədalət” kimi şüarlar səsləndiriblər.
Xocalı faciəsində həlak olmuş şəhidlərin də yad edildiyi aksiyada Alman-Azərbaycan Mədəniyyət Evinin rəhbəri Təranə Tağıyeva, həkim Ruslan Cəfərli, Avropa Atatürkçü Düşüncə Dərnəyinin Bielefeld şöbəsinin rəhbəri Məhmət Əli Ölməz alman və Azərbaycan dillərində çıxışlarında erməni vəhşilikləri barədə məlumat veriblər. Azərbaycan torpaqlarının işğaldan azad olunmasını, beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasətinə son qoyulması üçün qəti tədbirlər görməsini tələb ediblər.