Teleqraf.com xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu Ermənistan silahlı qüvvələrinin dünən Tovuz rayonunun Qaralar kəndini atəşə tutması və nəticədə 13 yaşlı Yusifov Raminin yaralanması faktı barədə danışarkən qeyd edib.
Politoloqun sözlərinə görə, Rusiya Azərbaycana mümkün olan pisliyi edib, vaxtilə Dağlıq Qarabağ və ətraf rayonların işğalında Ermənistana dəstək verib, indi isə Moskva erməniləri bütün sərhəd boyu təxribatlara həvəsləndirir:
“Mən “Türkiyə ilə hərbi ittifaqı yeni mərhələyə qaldırmaq, qardaş ölkənin hərbi bazalarını Azərbaycanda yerləşdirmək üçün Ankara ilə danışıqlara başlamaq lazımdır” deyərkən elə bu günü nəzərdə tuturdum.
Hərbi ittifaqın qarşısında başqa hərbi ittifaq dayanmalıdır. Qətər kimi dövlət belə gələcəkdə başına gələ biləcəkləri nəzərə alaraq ərazisində ABŞ-la yanaşı, Türkiyənin hərbi bazalarını yerləşdirdi.
O ki qaldı Tovuzda yaralanan uşağa, bunun cavabı Qarabağda deyil, məhz elə həmin istiqamətdə verilməlidir”.
Elxan Şahinoğlunun fikrincə, Azərbaycan Xarici İşlər Nazirliyi ilə Müdafiə Nazirliyi birgə açıqlama yayaraq Ermənistanın Rusiyanı müharibəyə qatmaq prosesinin yaxşı nəticə verməyəcəyi haqqında indidən Moskvanı xəbərdar etməlidir.