Lütfi Zadə böyük bir məktəb idi. Baxmayaraq ki, o, heç vaxt Nobel mükafatı almadı, amma əvəzində yüzlərlə alimin Nobel almasına vasitəçi oldu.
Bu sözləri Teleqraf.com-a açıqlaması zamanı yazıçı-publisist Çingiz Abdullayev deyib. O, Zadə kimi insanların azlığından gileylənib:
“Lütfi Zadə dünyada tanınmış alimdir. Mən fəxr edirəm ki, o da azərbaycanlı idi, mən də! Dünyada nə qədər belə çox alimimiz olsa, o qədər yaxşı olar. Çox təəssüf ki, belə insanlar dünyaya az gəlir. Çox istedadlı adam idi. Heyf... Allah rəhmət eləsin!”
Azərbaycanın xalq artisti, bəstəkar Faiq Sücəddinov da Zadənin ölümünə görə üzüldüyünü açıqlayıb:
“O, nəinki Azərbaycanın, ümumiyyətlə, bütün dünyanın nüfuzlu elm adamı idi. Təbii ki, Azərbaycana gəlib-gedirdi, tez-tez Amerikada Azərbaycanı yada salırdı. O, bir növ Azərbaycanın xaricdəki ən layiqli nümayəndəsi, təmsilçisi idi. Ona görə də bu gün onun ölümü Azərbaycan üçün böyük bir itkidir. Lütfi Zadə çox böyük həyat yaşayıb. Böyük işlər görüb. O, həmişə bizim fəxrimiz olaraq qalacaq.
80-cı illərdə artıq belə bir informasiya var idi ki, Lütfi Zadə adlı azərbaycanlı alim Amerikada yaşayır. Biz bunu bilirdik və bundan incimirdik, əksinə fəxr edirdik.
Biz çoxdan bilirdik ki, o, ağır xəstədir. Bir dəfə onun evində çəkiliş gedirdi. Yaşadığı şəraiti, həyat yoldaşını göstərdilər. Nə qədər sadə olduğunu gördük. Biz həmişə onunla fəxr edirdik. Amma o reportajdan sonra sanki daha doğma hiss etdik. Baxmayaraq ki, bizdən çox uzaq idi, həmişə onunla əlaqə var idi. Elmlər Akademiyasından daim onu izləyirdilər, əlaqə qururdular. Azərbaycan heç vaxt onu ögey saymadı. O, xoşbəxt bir adam idi ki, arxasında Azərbaycan kimi böyük bir dövlət dayanmışdı.
Mən özüm də bir müddət xaricdə yaşamışam və həmişə fikirləşmişəm ki, bir gün qayıdacağam. O, da elə idi. Heç kim deyə bilməz ki, Lütfi Zadə vətənə qayıtmaq istəmirdi. Azərbaycan onu tez-tez konfranslara, elmi iclaslara dəvət edirdi. Onun üstündə əsirdik. Çünki lazımlı insan idi. Allah rəhmət eləsin”.
Xalq artisti, böyük xanəndə Alim Qasımov da mərhum alimlə heç vaxt görüşə bilmədiyinə görə təəssüfləndiyini açıqlayıb:
“Heyf ki, mən heç vaxt onunla görüşə bilmədim və onunla bağlı bir xatirəm yoxdur. Lakin onun nə qədər görkəmli alim olduğunu yaxşı bilirdim. Mənim elə bir güclü savadım yoxdur ki, Zadə haqqında geniş danışım. O, böyük bir adam idi. Allah rəhmət eləsin!”
Əməkdar elm xadimi, deputat Nizami Cəfərov da mərhum şəxsiyyətlə bağlı fikirlərini bölüşüb:
“Lütfi Zadə tarixi şəxsiyyət idi. Azərbaycan elmini dünyada tanıdan adam idi. Ona görə Nobel mükafatı ala bilmədi ki, riyaziyyat sahəsinin alimlərinə bu mükafat verilmir. Mən bir neçə Nobel mükafatı laureatından eşitmişəm ki, Zadəni öz müəllimləri kimi təqdim ediblər. Yəni obyektiv səbəblərə görə o, bu mükafatı ala bilmədi. Amma o, dünyanın ən böyük mükafatlarına layiq idi.
Bu gün Zadənin tədqiqatlarının, nəzəriyyəsinin əsasında bütün texnologiyalar inkişaf edir. Azərbaycanın dünyaya verdiyi dahilərdən biri idi. Zadə ölməyib, ölməzdir. O, elə bir ad qazanıb ki, bütün xalqımız onunla fəxr edir”.
Bəstəkar-müğənni Elza Seyidcahan Zadənin ruhən ölməzliyindən danışıb:
“Lütfi Zadə Azərbaycanın adını uca tutan şəxsiyyətlərdən idi. O, cismən getdi, amma ruhən hər zaman bizim qəlbimizdə yaşayacaq. Onun ixtiraları, böyük işləri dünyada nə qədər var olacaqsa, demək ki, Zadə o qədər də yaşayacaq. Elə insanları biz heç vaxt unutmamalıyıq. Onların xatirəsini əziz tutmalıyıq. Biz onu həmişə dəyərləndirəcəyik. Allah rəhmət eləsin”.
Xalq artisti Ağaxan Salmanlı da Lütfi Zadə barədə fikirlərini deyib:
“Bu gün bütün dünya onun ixtiralarını qəbul edir, tətbiq edir və bəyənir. Azərbaycanlı kimi nə qədər məşhurdur, onu bilmirəm. Azərbaycandan çıxan kimi özünü necə tanıdıb, yəni dünya onu nə dərəcədə azərbaycanlı kimi tanıyıb, onu deyə bilmirəm. Bircə onu bilirəm ki, lazımlı insan idi”.
Xalq artisti, tanınmış aktyor Rasim Balayev də mərhumu şəxsən tanımadığına görə heyfsləndiyini söyləyib:
“Mən onu şəxsən tanımamışam. Hamı necə, mən də elə. Onun böyük alim olduğunu bilirəm. Amma onun əsərlərini heç vaxt oxumamışam. Bəlkə oxusam da, başım çıxmaz. Amma onun dahi şəxsiyyət olduğunu bilirəm. Allah rəhmət eləsin!”
Azərbaycan Jurnalistlər Birliyinin sədri, yazıçı-publisist Elçin Şıxlı Zadəni irimiqyaslı alim kimi dəyərləndirib:
“Onun sahəsində alim olmadığım üçün Lütfi Zadənin qeyri-səlis məntiqi haqqında elmi fikir deyə bilmərəm. Amma bilirəm ki, onun bu qeyri-səlis məntiqi xarici ölkələrdə yeni texnologiyaların hazırlanmasında, ümumiyyətlə, texnoloji proseslərin inkişafında, xüsusilə də süni intellektin baza hissəsində böyük rol oynayıb. Bu isə o deməkdir ki, Lütfi Zadə irimiqyaslı alim olub. Təəssüf ki, son 1 ayda onu o qədər öldürüb-diriltdilər ki, bu insan doğrudan da rəhmətə getdi. Ona da təəssüf edirəm ki, o insanla mənim fərdi ünsiyyətim olmayıb. Allah rəhmət eləsin.”