8 Sentyabr 2017 09:46
1 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lütfi Zadənin xanımı Fey Zadə yaxınlarda vəfat etmişdi. Çox vaxt yaşlı insanlar həyat yoldaşının vəfatından sonra ağır mərhələdən keçirlər, Fey xanımın ardınca Lütfinin həyatını itirməsində məntiq var. Onlar bir-birini çox sevir, hər zaman dəstəkləyirdilər.

Bu sözləri Teleqraf.com-a açıqlamasında millət vəkili Asim Mollazadə dünən dünyasını dəyişən Azərbaycanın dünya şöhrətli alimi Lütfi Zadə barədə xatirəsini bölüşərkən bildirib.

Deputat dəfələrlə Lütfi Zadə ilə Bakıda və yaşadığı Berkli şəhərində görüşdüyünü və ünsiyyətdə olduğunu deyib:

“Böyük şəxsiyyətlər və alimlərlə danışanda ilk növbədə onların yaratdığı elm barədə müzakirələr gedir. Xoşbəxtəm ki, onunla müzakirələr aparmaq imkanım olub, onun nəzəriyyəsinin bir sıra istiqamətlərdə istifadəsi ətrafında fikir mübadiləsi aparmışıq. Mənə elə gəlir ki, Lütfinin nəzəriyyəsi davam edərsə, elm daha da inkişaf edər. Lütfi Zadə öz elmi işləri ilə dünya elm tarixinə adı yazılan görkəmli şəxsiyyətdir. Riyaziyyat üzrə Nobel mükafatı yoxdur, lakin o, bu mükafata layiq böyük alimdir. Lütfi Zadənin nəzəriyyəsi üzərində müasir kompüter texnologiyaları inkişaf edib. Bununla yanaşı, Lütfi Zadə böyük məktəb yaradıb, dünyada onun minlərlə tələbəsi var, nəhəng elmi şəbəkəni, böyük alimləri birləşdirə bilib. Onun nəzəriyyəsi burada da işləyir, davamçıları dünya elmini gücləndirir”.

Asim Mollazadə qeyd edib ki, Lütfi Zadə Azərbaycanla bağlı haqsızlıqlar, o cümlədən insan ölümləri ilə bağlı fikirlərini dəfələrlə ifadə edib:

“Mən ona dünya elminin zirvəsi və Azərbaycan xalqının fəxri kimi yanaşmağın tərəfdarıyam. O, Bakıda olanda oxuduğu məktəbi ziyarət eləmişdi, AMEA-da olmuşdu, Azərbaycan alimləri ilə görüşmüşdü. Görüşümüzdə də Azərbaycanı və Bakını çox sevdiyini deyirdi. Onu vətənində, doğulduğu torpaqda dəfn etmək gözəl olardı. Azərbaycan belə dünya səviyyəli alimi ilə fəxr etməlidir”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər