7 Sentyabr 2017 22:58
2 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir gün Amerikaya ilk dəfə sırf Lütfi Zadədən müsahibə almaq üçün gələ biləcəyimi xəyal belə etməmişdim.

Teleqraf.com-un xəbərinə görə, bunu Amerikada yaşayan teleaparıcı Aynur Talıbova mərhum akademik Lütfi Zadə ilə bağlı xatirələrini bölüşərkən yazıb.

O, əlavə edib: “Qərarlaşdırılmış gündə və saatda Berklidəki evinin qarşısında idik. Çox sadə, göstərişdən uzaq bu evdə akademik həyat yoldaşıyla yaşayırdı. Qapını açan tibb bacısı qonaqları qonaq otağına ötürüb gələnə qədər evdə gördüklərimizi alışqanlığımıza uyğun olaraq çəkdik. Azərbaycana aid orijinal Quba xalçası vardı. Bir də 2011-ci ildə Bakıya səfər zamanı prezidentlə çəkdirdiyi şəkil kitabxanasında görünən bir yerdə, təltif edildiyi medal da pencəyinin yaxasında dururdu”.

Aynur Talıbova qeyd edir ki, az sonra tibb bacısının yardımıyla akademik qonaq otağına daxil olur: “4 nəfərlik komandanı görüncə, təəcübünü gizləmir. Kameraya işarət edərək “Bu gün çəkiliş olacağını bilsəydim, üzümü qırxar və daha səliqəli geyinərdim” deyə kübarlığını gizləmir.

Yaş faktoru söhbətin gedişatına təsirini çox keçmədən özünü göstərir. Eşitmə duyğusuyla bağlı problemindən bəhs edir. Ən son uzun səyahətini də təyyarə ilə Bakıya etdiyini və o səfərdən sonra qulaqlarında problem yarandığını qeyd edir. Bakı səfərindən, orda qarşılanmasından, gördüyü diqqətdən məmnuniyyətini ifadə edir. Yalnız xoş sözlər danışır. Pozitivdir.

Söhbət sırasında köməkçisindən çay və şokolad gətirməyi xahiş edir. Söhbətin sonunda da qonaqları üçün nahar yeməyi planladığını qeyd edir. Çölə çıxacağını duyan tibb bacısı əndişələnib onu fikrindən yayındırmağa çalışsa da, bu cəhdi uğursuzluqla nəticələnir. Akademik şlyapasını da götürüb evdən çıxmazdan əvvəl həyat yoldaşına baş çəkir və qonaqları ona təqdim edir. Ağrıların verdiyi acısı üzündən oxunan xanım sadəcə, başını sallayaraq qonaqları salamlaya bilir. O anın ən anlamlı səhnəsi professorun əyilib xanımını alnından öpərək sağollaşması idi”.

Aynur Talıbova yazır ki, müsahibədə ürəyi istədiyi kimi söhbət etmək alınmamışdı: “Əldə olan materialla qənaətlənib kameraları yemək sırasında ətrafda narahatlıq doğurmamaq üçün götürmədik. Və o, əsnada akademikin ürəyi açıldı. O məqam idi ki, sual verməyib sadəcə, dinləyərsən. Söhbətdən fürsət tapıb yeməyini bitirə bilməyən professor “to go box” istədi... Amerikanların restoranda bitirə bilmədikləri yeməyi aparmaq alışqanlığını da beləcə görüb öyrənmiş olduq. Sağollaşarkən akademik maşına minməzdən əvvəl şlyapasını çıxardaraq xanımların əlini öpdü…

Bu görüş sırasında çox sadə, sevimli, qonaqpərvər və centlmen bir azərbaycanlını tanıdıq.

Və sonda Amerikaya gəldikdən sonra evdə və xaricdə yaşayan azərbaycanlıların Lütfi Zadə ilə bağlı eyni sözləri daşımadıqlarından agah oldum. Bu normaldır. Rənglər də, fikirlər də, niyyətlər və münasibətlər də müxtəlif ola bilər. Detallarda boğulmaq lüzumsuzdur…

Allah rəhmət eləsin!”


Müəllif: Könül

Oxşar xəbərlər