Rusiyanın “RİA Novosti” agentliyi ABŞ Hava Qüvvələrinin Suriyanın Deyr-əz-Zor şəhərində 20-dən çox İŞİD terrorçusunu və İŞİD-in iki sahə komandirini xilas etdiyini iddia edib.
Teleqraf.com xəbər verir ki, agentlik adını açıqlamayan hərbi mənbəyə əsasən iddia edib ki, Vaşinqton Deyr-əz-Zor şəhərində evakuasiya etdiyi İŞİD-çilərin təcrübəsindən digər bölgələrdə yararlanmağı planlaşdırır.
Xəbərdə qeyd edilir ki, avqustun 26-da ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki helikopter gecə saatlarında Deyr-əz-Zor şəhərindən İŞİD-in iki səhra komandirini evakuasiya edib.
Avqustun 28-də isə Deyr-əz-Zorun cənub-şərqində təxminən 20 terrorçu evakuasiya edilib.
Hərbi qaynaq “RİA Novosti”yə aşağıdakıları bildirib:
“Amerikalıların evakuasiyası ilə komandirlərini itirən İŞİD terrorçuları mövqelərini tərk etməyə başladılar, təşkilati prinsiplər artıq pozulmuşdu. Bu faktor Suriya hökumət qüvvələrinin əməliyyatını uğurlu başa çatdırmasına səbəb oldu”.
Dindirilən terrorçular isə sahə komandirlərinin ABŞ-ın məxfi təşkilatları ilə sıx əlaqələrinin olması haqqında bir çox məlumatlara malik olduqlarını deyiblər.
Bundan başqa, sözügedən sahə komandirlərinin ABŞ tərəfindən xilas edilməsinin ilk hadisə olmadığı, may ayında da Deyr-əz-Zordan bəzi İŞİD komandirlərinin təxliyyə edildiyi bildirilib.