8 Sentyabr 2017 13:40
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, ikinci görüşdür, bundan öncə 2017-ci ilin fevralın 16-da Bakıda ABŞ-ın Baş Qərargahlar rəisi, general Cozef Danfordla Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilmişdi.

Bunu Teleqraf.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, həmin vaxt da bu bizim üçün sürpriz hadisə olmuşdu: “Həmin görüş eyni gündə elan olundu və həmin gün də keçirildi. Bu dəfə də elə oldu. Bu o deməkdir ki, görüş yeri kimi Bakının seçilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, əvvəlcədən razılıq əldə edilib, sadəcə, mətbuatın bundan xəbəri olmayıb. Fevral ayında keçirilən görüşdə əsasən Suriya məsələsi müzakirə olunurdu. Çünki Rusiya və ABŞ arasında ciddi ixtilafın olmasına rəğmən, hər iki tərəf Suriyada terrorçulara qarşı ortaq nöqtələr tapmaq barədə fikirləşirdi. Həmin vaxt razılaşma olmasa da, Bakı görüşü sayəsində həqiqətən də Rusiya və ABŞ müəyyən ortaq nöqtəyə gəldilər və Suriyada terrorçulara qarşı mübarizədə bir-birlərinə mane olmadılar. Fevral ayında görüş yeri kimi Bakının seçilməsi Azərbaycanın Suriyaya yaxın ərazidə yerləşməsinə görə idi. Digər mühüm məqam Azərbaycanın həm Rusiya, həm də ABŞ-la çox sıx əməkdaşlıq etməsi idi. Eynilə indi də məkan ona görə Bakı seçilir ki, Azərbaycanın həm Rusiya, həm də NATO ilə çox sıx münasibətləri var”.

Bəs niyə məsələn, Belarus yox, Azərbaycan? E.Şahinoğlu buna cavab olaraq deyib:

“Məsələ ondadır ki, Rusiya hazırda Belarusda hərbi təlimlər keçirir, bu görüş üçün Belarus seçilə bilməz. Adətən, Belarus da görüş yeri kimi seçilir. Xüsusən, “Normand dördlüyü” (Ukrayna böhranının nizamlanması – Minsk razılaşmasının icrasına nəzarət üçün məqsədilə Almaniya, Rusiya, Ukrayna və Fransanın yüksək çinli nümayəndələrindən təşkil olunan diplomatik qrup – red.) daha çox Minskdə görüşür. NATO ilə Rusiya arasında da münasibətlər gərgindir. Faktiki olaraq münasibətlər dondurulub. NATO-nun Şərqə doğru genişlənməsi Rusiyanı, Rusiyanın isə NATO sərhədləri yaxınlığında, xüsusilə də Belarusda keçirdiyi hərbi təlimlər Baltik ölkələrini və digər NATO dövlətlərini narahat edir. Ona görə Moskva və Brüssel də ortaq nöqtələr axtarmalı, müzakirələr aparmalıdırlar. Göründüyü kimi, müzakirə yeri kimi yenə də Bakı seçilib. Yenə də eyni arqumentlər əsas götürülüb. Bakı həm Moskva ilə əməkdaşlıq edir, Rusiyadan silahlar alır, həm də NATO ilə əməkdaşlıq edir, Alyansın təlimlərinə qatılır, ordumuzun da NATO standartları istiqamətində inkişafını arzulayır. Bu istiqamətdə müəyyən islahatlar aparılır. Ona görə yenə də Bakıda görüşün keçirilməsi hər iki tərəf üçün əlverişlidir”.

Bəs, Bakıda hansısa razılaşma əldə edilibmi? E.Şahinoğlu bunu söyləməyin çətin olduğunu vurğulayıb:

“Aydındır ki, hansısa sənədin imzalanması əvvəlcədən planlaşdırılmayıb. Amma düşünürəm ki, şifahi müzakirələr nəticəsində tərəflər hər halda indiki gərginlikdən bir qədər uzaqlaşmaq üçün ortaq nöqtələr tapmağa çalışıblar. Zənnimcə, bu istiqamətdə müəyyən nəticələr əldə olunub”.

E.Şahinoğlu görüş yeri kimi Ermənistanın, yaxud Mərkəzi Asiya ölkələrinin seçilməsinin mümkünsüz olduğunu vurğulayıb:

“Çünki Mərkəzi Asiya ölkələrinin NATO ilə elə bir əməkdaşlığı yoxdur. Azərbaycan isə NATO-nun proqramlarında iştirak edir. Siz heç Mərkəzi Asiyanın hansısa ölkəsinin NATO-nun proqramlarında iştirak etdiyini eşitmisiniz? Ermənistan da seçilə bilməzdi. Çünki Ermənistan birbaşa Rusiyadan asılı dövlətdir, Rusiyanın hərbi müttəfiqidir, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Azərbaycan nə KTMT-nin, nə də NATO-nun üzvüdür. Gürcüstandan fərqli olaraq NATO üzvlüyünə də can atmır, neytral siyasət yürüdür. Bu baxımdan Gürcüstan, Ermənistan və Mərkəzi Asiya ölkələrindənsə Azərbaycanın seçilməsi hər iki tərəf üçün daha müvafiqdir. Ermənistan olsaydı NATO, Gürcüstan olsaydı Rusiya ora gəlməzdi. Mərkəzi Asiya ölkələrinin isə artıq qeyd etdiyim kimi, NATO ilə elə bir əməkdaşlığı yoxdur”.

Səxavət Həmid


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər