Rövşən Canıyevin (Rövşən Lənkəranski) öldürülməsindən sonra azərbaycanlı kriminal avtoritetlər arasında əsl müharibə başlayıb. Bu müharibə səngərinin bir tərəfində Rövşən Lənkəranskinin adamları, digər tərəfdə isə Nadir Səlifovun (Lotu Quli) dəstəsi yer alıb.
Bu gün isə bəlli olub ki, mərhum Lənkəranskinin bir qrup tərəfdarı Lotu Qulini İstanbulda öldürmək istəyib. Bu məqsədlə İstanbula gedən cinayətkar dəstə istəyinə nail ola bilməyib. İstanbul polisi təsadüf nəticəsində planlaşdırılan qəsdin üstünü açıb və cinayətkarlar həbs edilib.
Görünən odur ki, azərbaycanlı “qanuni oğrular” arasında amansız və qəddar müharibə davam edir.
Hüquqşünas Eyyub Kərimov azərbaycanlı kriminal oğrular və onların arasında baş verən müharibə haqqında Teleqraf.com-a danışıb.
Müsahibimiz deyir ki, kriminal aləm üçün belə çəkişmələr xarakterikdir:
“Bu, 50 il əvvəl də belə olub. Sadəcə o dövrdə mətbuat, internet indiki kimi deyildi. Bu səbəbdən də onlar arasında baş verən “müharibələr” ictimaiyyətə bəlli olmurdu. İndi dövr internet, operativ xəbərçilik dövrüdür. Odur ki, baş verənlər dərhal mətbuat səhifələrinə çıxır”.
Eyyub Kərimov azərbaycanlı kriminal ünsürlər arasında müşahidə edilən müharibənin daha çox nüfuz, gəlirlər əldə etmək və qisas almaq istəyindən irəli gəldiyi fikrindədir:
“Hesab edək ki, “günəş altında isti yer tapmaq”, gəlirlərin bölünməsi, “kimin skripkada birinci ifa etmək hüququnun olması uğrunda” çəkişmələr baş verir. Rusiyada belə hallar daha çoxdur. 1990-cı ildə SSRİ imperiyası dağıldı. Yeltsinin hakimiyyəti dövründə kriminal dünya dövlət strukturları və digər xətlərlə birləşməyə cəhd göstərdi. Bir çox hallarda da istəyinə nail oldu. Bu səbəbdən də həmin dövrdə daha böyük kriminal qruplar yarandı. Üstəlik, 90-cı illərdən sonra kriminal aləmdə “apelsin adamlar” ifadəsi meydana gəldi. Yəni tez yetişənlər. Əvvəllər oğru dünyasına daxil olmaq, “oğru” adını əldə etmək üçün uzun illər bu aləmdə olmaq lazım gəlirdi. Sonradan bu adı pulla almaq mümkün oldu. Bu da mübarizəni, tərəflər arasında gərginliyi daha da artırdı. Sonrakı mərhələdə Yaponçik, Ded Həsən, gürcü nümayəndələri kimi kriminal şəbəkələr ortaya çıxdı. Daha sonra bu şəxslərin çoxu öldürüldü və onların yerini tutmaq üçün qanlı mübarizələr başladı. Burada qeyri-adi bir şey görmürəm. Çünki əvvəllər də oğrular arasında belə qarşıdurmalar və müharibələr olub”.
Müsahibimiz deyib ki, Lotu Qiliyə qarşı olan qruplar var və onlar arasında ciddi mübarizə gedir:
“Çox zaman həbsxana oğruları real ölümdən xilas edir. Bəzən oğruların özü qərar verirlər ki, həbsxanada olmaq daha yaxşıdır, nəinki azadlıqda. Çünki bu onları real ölümdən qurtarır. Yəqin ki, Qulidən narazı qruplar var və bunlar nə zamansa bir-birinin yolu üzərinə çıxıb. Bu şəxslər məlumat alıb ki, Quli azad edilib və Gürcüstandan İstanbula gedib. Bu qrup köhnə çəkişməni yoluna qoymaq üçün İstanbula yollanıb. Əslində, Lənkəranskinin ölümündən sonra bu dünyada mövcud olan boşluğun necə dolacağı məsələsi açıq qalırdı. Kriminal aləmin təmsilçiləri sözsüz ki, bu suallara cavab axtaracaq. İndi baş verənlər də bu suala cavab arayışlarıdır. Sadəcə, şərtlər dəyişdiyi üçün mübarizə şiddətlənib. Əslində bunlar cinayət aləminin gündəlik həyat tərzidir. Hüquqşünas kimi hesab edirəm ki, bu olayları böyütməyə dəyməz. Oğru dünyası yaranandan indiyə qədər qətllər, bir-birini əvəz etmələr və “müharibələr” olub, bundan sonra da olacaq”.
Eyyub Kərimov qeyd edib ki, SSRİ zamanı gürcü qanuni oğruları hər zaman çox olub:
“Elə bu oğrular arasında da gürcülərin sayı daha çox idi. Azərbaycan mühitində müəyyən titullu adlar olub. Məsələn, Sabirabadlı Hikmət, Lotu Bəxtiyar və digərləri. İndi oğru dünyasına yeni nəsil gəlib. Artıq pulla bu titulu almaq mümkündürsə və əldə də pul varsa, deməli, hər şey ola bilər. SSRİ zamanı oğru dünyası həbsxanada olurdu və problemlərini də orada yoluna qoyurdu. İndi həm həbsxanalarda, həm də azadlıqda daha böyük çəkişmələr gedir. Hər şeyin başında da pula nəzarət məsələsi, nüfuz gəlir. Bu da son anda amansız qətllərə gətirib çıxarır. Nəticədə onların “müqəddəs” saydığı taxt və tac heç vaxt boş qalmır. Hər qrup çalışır ki, öz lideri bu tacı əldə etsin. Bu halda digər qruplar narazı qalır və qarşı tərəfin qətlinə fərman verir. Nəticədə oğru dünyasında “qan düşmənçiliyi” yaranır və beləcə, siz dediyiniz müharibələr başlayır”.