13 Noyabr 2017 16:11
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşündə ilk yerdə dayanmasa da, əsas yerlərdən birində dayanan məsələdir.

Bunu iki ölkə liderinin bu gün Soçidə keçiriləcək görüşündən gözləntilərini Teleqraf.com-la bölüşən politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, Ərdoğan bu məsələdə Azərbaycanın mövqeyinə – beynəlxalq hüquq normalarına çox sadiqdir və məsələnin bu çərçivədə həllinə çalışacaq:

“Amma danışıqlar prosesinin nəticələri ilə bağlı yersiz illüziyalara qapılmağın tərəfdarı deyiləm. Çünki Rusiyanın illərdir formalaşmış mövqeyini bir görüşlə sındırıb dağıtmaq mümkün olmayacaq. Dağlıq Qarabağ problemi ətrafında ciddi, gərgin danışıqlar prosesinin olacağını və bu istiqamətdə Ərdoğanın öz siyasi iradəsini axıradək ortaya qoyacağını söyləyə bilərik. Nəticə etibarilə indiyədək Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəlli stereotiplərin sındırılacağını güman edirəm. Hər halda Ərdoğanın proseslərə bu formatda baş vurması indiyədək davam edən danışıqlar prosesinə tarazlıq gətirə bilər. Ən azı indiyədək Rusiya-Ermənistan tandemi Azərbaycanın danışıqlar prosesində mövqeyinə qeyri-konstruktiv alternativ variantlar qoya bilirdilərsə, bundan sonra belə cavabları qoymaq xeyli çətinləşəcək. Ola bilsin, müəyyyən kompromisin əldə ediləcəyi də istisna deyil”.

Q.Hüseynli daha sonra deyib:

“Bu məsələləri müəyyən qeyri-nikbin notlarla ona görə söyləyirəm ki, Rusiyanın bu regionda ciddi maraqları var. Bu maraqları reallaşdırmaq üçün Ermənistandan bir alət kimi istifadə edir. Beləliklə, Rusiyanın geostrateji maraqları bu bölgədə həm də Türkiyənin geostrateji maraqları ilə toqquşur. Zənnimcə, Rusiya Azərbaycan-Türkiyə birliyini xeyli qısqanır. Dağlıq Qarabağ probleminin həlli isə Azərbaycanla Türkiyə arasındakı münasibətləri sözün əsl mənasında zirvələrə qaldıra bilər. Bu nöqteyi-nəzərdən danışıqların gərgin keçəcəyini və nəticələrin çox çətinliklə əldə edilə biləcəyini güman edirəm. Bir görüşlə bu məsələnin həll olunacağı yox, bəlkə bir neçə görüşdən sonra məsələnin müəyyən qədər irəliləyə biləcəyi qənaətindəyəm”.


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər