Rusiyanın Ukrayna və Orta Şərqdə apardığı siyasət, Suriyada hərbi bazalarını artırması, dünyanın bir sıra yerində vəziyyəti mürəkkəbləşdirməsi, bununla paralel olaraq internet vasitəsilə bir sıra ölkələrə təzyiqləri artırmaq cəhdləri İngiltərə Baş nazirinin Rusiyanı tənqid etməsinin əsas səbəbidir.
Bu fikirləri Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Böyük Britaniyanın Baş naziri Tereza Meyin dünən Rusiyanı ittiham etməsinin səbəblərini şərh edərkən deyib.
Asim Mollazadə hesab edir ki, Tereze Meyin ardınca Avropanın digər dövlətlərindən də sərt reaksiya və qərarlar verilə bilər:
“Birinci hal kimi Avropa Birliyinin Şimal Qaz layihəsini dayandırmaq tələbini qeyd etmək olar. ABŞ-ın müvafiq sanksiyalarından sonra Rusiyanın qaz-neft siyasətinə də müvafiq təzyiqlər olacaq”.
Müsahibimiz hesab edir ki, Tereza Meyin “Rusiya Qərb strukturlarını alt-üst etmək istəyir” fikrində də həqiqət payı var:
“Rusiya məharətlə Qərbin demokratik sistemindən istifadə edir. Böyük təcrübəyə malik olan şəbəkələri vasitəsilə addımlar atır, müdaxilələrə cəhdlər edir. Bu təxminən 60-70-ci illərdə SSRİ-nin Qərbdə müxtəlif qruplardan istifadə edərək xaos yaratmaq cəhdlərinə bənzəyir. Vaxtilə mövcud olan şəbəkə və onun nümayəndələri indi bu şəbəkəyə məxsus olan qrupları aktivləşdirir. Bu da öz-özlüyündə Qərb tərəfindən izlənilir və açıqlanılır. ABŞ-da, Avropada etirazlara səbəb olur”.
A.Mollazadənin fikrincə, indi müşahidə edilən qlobal gərginliyin sonu tərəflərin maliyyə-iqtisadi imkanlarından asılı olacaq:
“Aydındır ki, ABŞ, Avropa və Vaşinqtonun digər müttəfiqləri dünya məhsulunun yarısına, Rusiya isə 1 faizinə sahibdir. Yəni Rusiyanın imkanları Qərblə müqayisədə çox azdır”.
Xatırladaq ki, Londonda baş nazir Tereza Mey Rusiyanın beynəlxalq stabilliyi təhdid etdiyini bəyan edib.
Britaniyanın baş naziri son illərdə Rusiyanın Qərb qurumlarını alt-üst etmək üçün bir sıra addımlar atdığını iddia edib:
“Rusiya üçün çox sadə bir ismarıcım var. Nə etdiyini bilirik, uğur əldə edə bilməyəcəksən. Çünki demokratiyaların mübarizəsini, sərbəst və azad cəmiyyətlərin güclü cazibəsini və bizi - Qərb ölkələrini müttəfiq olaraq bir-birinə bağlayan dəyərləri zəif sayırsan”.
Mey Rusiya hökumətinin Qərbdə ixtilaf toxumları səpmək üçün yalan xəbərlər tirajladığını da bildirib.
O, İngiltərənin Rusiya ilə davamlı ixtilaf içində olmaq istəmədiyini, amma maraqlarını qoruyacağını qeyd edib.