“11 əsgərimizin şəhid düşməsilə bağlı xəbərləri oxuyanda canlı efirdə ağladım”.
Bu sözləri axar.az-a açıqlamasında Azad Azərbaycan Televiziyasının aparıcısı Mətanət Əliverdiyeva deyib.
O, belə bir hadisəyə biganə qala bilmədiyini söyləyib:
“Canlı efirdə xəbərləri oxuyanda ağlamaq tutdu məni. Mən necə efirə çıxıb şadyanalıq edə bilərəm? Özüm iki uşaq anasıyam. Oğul anasıyam. Mənim oğlum da cəbhə bölgəsində əsgərliyini çəkib. Səhər 8-dən bilirəm ki, belə bir hadisə baş verib. Mən başqa heç bir şey demirəm. Hər bir şey insanın özündən asılıdır. Mən özüm də çox pis vəziyyətdəyəm. Xəbər buraxılışına da belə çıxıram. Halsız...”
O bu xəbərdən məlumatsız olan həmkarlarının savadsız olduğunu deyib:
“Bilirsiniz, mən yenə də deyirəm ki, səhər tezdən artıq bu hadisənin baş verdiyi məlum idi. Saytlarımızın əksəriyyəti şəhid verməyimizlə bağlı xəbər yaymışdı. İnsan nə qədər bisavad ola bilər ki, bundan xəbəri olmasın. Mən şəxsən o aparıcıları savadsız aparıcı adlandırıram. Hətta mənə desəydilər ki, çıx, verilişi apar, çıxıb üzr istəyəcəkdim. Mən efir xətrinə efirə çıxmıram. Mənə lazım deyil elə efir. Saat 1 xəbərlərini bilmədim necə apardım. Şəhidləri oxuyan kimi gözümdən yaş gəldi, efiri hıçqıra-hıçqıra apardım. Ona görə dinləyicilərdən də üzr istədim”.
Qeyd edək ki, bu gün M.Əliverdiyevanın aparıcısı olduğu “Gündəlik” verilişi efirə getməyib.