Qazax rayonunun Cəfərli kəndi ərazisində yerləşən Ağstafaçay su anbarında təhlükəli vəziyyət yaranıb.
Teleqraf.com Kəpəz TV-yə istinadən məlumat verir ki, anbara toplanan suyun mənbəyi Ermənistan ərazisində olduğundan düşmən sənaye müəssisələrinin tullantılarını çaylar vasitəsilə Ağstafaçay su dəryaçasına axıdır. Bu səbəbdən anbardakı su rəngini demək olar ki, tamamilə dəyişib. Kəndlilər isə yaranmış vəziyyətdən olduqca narahatdırlar.
Ermənistan ərazisində fəaliyyət göstərən sənaye müəssisələrinin tullantıları birbaşa Ağstafaçaya axıdılır. Elə bunun nəticəsidir ki, son günlər əkin sahələrini bu su anbarından gələn kanal vasitəsilə suvaran torpaq sahibləri suyun yaşıl rəngdə olmasından narahatdırlar. Anbardan gələn kanalda suyun üst təbəqəsinin qatı yaşıl maye ilə örtüldüyünü aydın şəkildə görmək olur. Suyun çirklənməsi ilə təsərrüfata ciddi ziyan dəydiyini deyən sakinlər gündəlik olaraq bu sudan nəinki torpaq sahələrinin suvarılmasında, hətta məişətdə də istifadə edirlər. Bu da təhlükəni qaçılmaz edir.
Qeyd edək ki, Ermənistanın İcevan rayonu ərazisində yerləşən bentonit-gil, tütün fermentasiya zavodu, xalçaçılıq müəssisəsi və Dilican şəhərində fəaliyyət göstərən hərbi zavod öz tullantılarını məhz Azərbaycan ərazisinə daxil olan çaylara axıdır. Üstəlik, İcevan rayonunun kanalizasiya tullantıları da Ağstafaçaya tökülür.