Bakı Xoreoqrafiya Akademiyasında Azərbaycan dili və ədəbiyyat, İctimai fənlər və Sənətşünaslıq kafedralarının birgə təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “ Ümummilli lider Heydər Əliyev milli dövlətçiliyimizin banisidir” mövzusunda elmi konfrans keçirilib.
Teleqraf.com xəbər verir ki, konfransın əvvəlində ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı açıq elan edən Bakı Xoreoqrafiya Akademiyasının rektoru, əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Timuçin Əfəndiyev giriş sözü ilə çıxış edərək, Heydər Əliyevin həyat və fəaliyyətinə nəzər salıb.
Professor Timuçin Əfəndiyev çıxışında qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev özünün bütün həyat və fəaliyyətini Azərbaycan xalqının və respublikamızın hərtərəfli inkişafına və çiçəklənməsinə, azərbaycançılıq ideyasının milli şüurda qərarlaşmasına, dövlət quruculuğuna, müstəqil dövlətçiliyin möhkəmlənməsi və yüksəlməsinə, Azərbaycan mədəniyyətinin və incəsənətinin bütün dünyada tanınmasına həsr edib, bu sahədə misilsiz xidmətlər göstərib.
Elmi konfransda həmçinin, fəlsəfə üzrə elmlər doktoru, professor Əlikram Tağıyev “Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisidir”, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi, professor İmruz Əfəndiyeva “Heydər Əliyevə həsr olunmuş musiqi əsərləri”, Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, professor Vəfa Əliyev “Ümummilli lider Heydər Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyinin banisidir”, Rejissorluq ixtisası üzrə I kurs magistr tələbəsi Aytac Hüseynova “Ümummilli lider və vətənpərvərlik fenomeni” mövzusunda məruzələrlə çıxış ediblər.
Qeyd edək ki, elmi konfrans ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Xalqa bağlanan ömür” adlı sənədli filmin nümayişi ilə sona çatıb.