İran, Azərbaycan və Türkiyə iqtisadi və siyasi əlaqələri inkişaf etdirməklə yanaşı, beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə aparacaqlar.
Teleqraf.com xəbər verir ki, bu fikri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıya səfərinin yekunları haqqında yerli mətbuata verdiyi açıqlamada deyib.
Məhəmməd Cavad Zərif bildirib ki, 2013-cü ildən bu günə kimi Azərbaycan və İran prezidentləri 10 dəfə görüşüb, müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsini müzakirə ediblər. Bu müzakirələrdən sonra iki qonşu dövlətin iqtisadi əlaqələrində inkişaf müşahidə olunub.
Üçtərəfli görüşə toxunan M.C.Zərif diqqətə çatdırıb ki, Bakıda nazirlərin 5-ci görüşü çox faydalı keçib. Görüşdə nəqliyyat, ticarət, enerji, turizm, bank, gömrük sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin regional təhlükəsizlik məsələsinə də toxunulub.
Bu formatda görüşün tərəflər üçün faydalı olduğunu vurğulayan M.C.Zərif növbəti görüşün İstanbulda keçiriləcəyini bildirib.