3 Yanvar 2018 17:47
2 399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir çox ekspertlər 2017-ci ilin yekunlarından danışarkən keçən ilin işğalçı Ermənistan üçün xarici siyasət planında uğursuz olduğunu qeyd edirlər. Bu qənaətləri erməni ekspertlərin dilindən eşitmək yəqin ki, daha məntiqli olar.

“Keçən il Qarabağla bağlı arzuladığmız həllə nail ola bildikmi? Xeyr! “Erməni genosidi” bütün dünya ölkələri, o cümlədən Türkiyə tərəfdən qınandımı? Xeyr! Ermənistan başqa istiqamətlər üzrə daha yaxşı tərəfdaş və qlobal oyunçuya necə, çevrildimi? Yenə xeyr!” Musavat.com-un verdiyi məlumata görə, İrəvandakı Beynəlxalq İnsan İnkişafı Mərkəzinin rəhbəri Tevan Poqosyan öz ölkəsinin xarici siyasət uğursuzluqlarını bu cür sıralayıb.

Gerçəkdən də İrəvan nə Qarabağ məsələsində öz hədəfinə çatdı və işğalı rəsmiləşdirə bildi (beynəlxalq ictimaiyyət, mötəbər təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanımaqda davam edir, müharibə hüququmuz özümüzdə qalır), nə separatçı rejimin və uydurma soyqırımın beynəlxalq birlik tərəfindən tanınmasına nail oldu, nə də dünya siyasi və iqtisadi sistemindəki zəncirdə normal həlqəyə, dövlətə çevrilə bildi. Ermənistan keçən il də “izqoy ölkə” kimi öz statusunu “uğurla” saxladı ki, bu da müstəsna olaraq, Bakı və Ankaranın müştərək siyasəti nəticəsində mümkün oldu.

Ermənistanın ötən il Türkiyə və Gürcüstan (Abxaziya dəmiryolu) hesabına izolyasiya rejimindən çıxmaq və ya heç olmasa, onu yumşaltmaq səyləri də fiasko oldu. Öncə İrəvanın Türkiyə ilə sərhədlərin açılmasını nəzərdə tutan Sürix protokollarına bağladığı ümidləri prezident Rəcəb Tayyib Ərdoğan həmişəlik basdırdı. Türkiyə lideri açıq və hədələyici tonda bəyan elədi ki, Azərbaycan torpaqlarının işğalına son qoymazsa, Ermənistanın izolyasiyası daha da ağırlaşacaq.

Söz-söhbətlərə rəğmən, hələ ki, gürcü hökuməti də Abxaziya dəmiryolunun açılışına izn verməyib. Nəhayət, bu fonda Avropa Birliyi ilə imzalanan çərçivə sazişi Ermənistandan ötrü “dərdlərin dərmanı” ola bilməz. Çünki bir ölkənin normal iqtisadi inkişafı üçün öncə onun öz qonşuları ilə normal münasibətlərdə olması vacibdir. Əgər İsrail kimi güclü, ABŞ timsalında ən böyük siyasi və maliyyə sponsoru olan bir dövlət də bu gün izolyasiyadan qurtulmağa çalışırsa, Rusiyanın marionetinin Avropa Birliyi ilə imzalanan sazişlə öyünməsinə gərək qalmır.

Ötən il isə Ermənistan daha bir regional və strateji əhəmiyyətli meqa-layihədən – işə düşən Bakı-Tiflis-Qars dəmir yolundan (“Dəmir İpək yolu”) kənarda qalıb ki, bunun da neqativ nəticələrini işğalçı ölkə mütləq öz rüşeym halında olan iqtisadiyyatında hiss edəcək...

Bu arada erməni mətbuatı Azərbaycan prezidenti İlham Əliyevin yeni il təbrikindəki Qarabağla bağlı bəzi detallara diqqət yönəldib. Məsələn, Musavat.com-un məlumatına görə, 1 in.am nəşrinin siyasi şərhçisi Sarkis Arsruni yazır: “Azərbaycanın xarici siyasəti üçün əsas mövzu Dağlıq Qarabağ problemi olaraq qalır. Bunu özünün Yeni il müraciətində Azərbaycan prezidenti deyib. Onun sözlərinə görə, 2017-ci ilin əsas uğuru o olub ki, “Ermənistan qeyd-şərtsiz danışıqlar prosesinə qayıdıb. Baxmayaraq ki, ötən il ön şərtlər irəli sürürdü”. “Azərbaycan Ermənistanın irəli sürdüyü şərtlərin heç birini qəbul eləmədi və danışıqlar qeyd-şərtsiz bərpa olundu” – Əliyev bildirib. Ermənistanın danışıqlar prosesinə qayıtmasını Azərbaycanın qələbə hesab eləməsi ikili təəssürat yaradır. İrəvan keçən il həqiqətən də İlham Əliyev-Serj Sərksiyan görüşünə razılıq verdi, halbuki Bakı ardıcıl və inadlı şəkildə Vyana və Sankt-Peterburq görüşləri zamanı əldə olunmuş, təmas xəttində insidentləri araşdırma mexanizmləri yerləşdirilməsindən imtina eləmişdi. Və İrəvanda aprel müharibəsindən sonra Sərksiyanın sərt mövqedən bu cür geri çəkilməsini tənqid edənlər oldu”.

İrəvanın qeyd-şərtsiz danışıqlar prosesinə qayıtması və təmas xəttində heç bir yeni müşahidə mexanizminin yerləşdirilməməsi – hansı ki, işğalçının cəzasız şəkildə status-kvonu davam etməsinə gətirməli idi, - 2017-ci ildə düşmənin reallaşmayan 4-cü böyük arzusu idi. Bununla belə, erməni ekspert ötən ilin əsas uğuru kimi, Avropa Birliyi ilə Ermənistan arasında imzalanmış sazişə diqqət yönəldib. Hərçənd, əksər siyasi müşahidəçilər bu sənədin əhəmiyyətini şişirtməyin əleyhinədirlər.

Adı çəkilən erməni şərhçi başqa bir yazısında Rusiya baş nazirinin müavini, Rusiya hərbi-sənaye kompleksini kurasiya edən və Putinin yaxın adamlarından sayılan Dmitri Roqozinin ötən il sonu məxfi Bakı səfərindən narahatlıq ifadə edib (Musavat.com xatırladır ki, Roqozin Bakı səfəri və bu səfər çərçivəsində prezident İlham Əliyevlə keçirdiyi görüş barədə öz Feysbuk səhifəsində xəbər və foto paylaşıb).

Sitat: “Dmitri Roqozin Rusiya elitasında Azərbaycana silah satışının xeyrinə açıq lobbiçilik edən xadimlərdəndir. Hətta 4 günlük aprel müharibəsi zamanı, - nə vaxt ki, Ermənistanda anti-Rusiya ovqatı pik həddə çatmışdı və hətta Serj Sərkisyan Azərbaycan-Rusiya hərbi əməkdaşlığı haqda narazılıq ifadə eləmişdi, - Roqozin Bakıda bəyan elədi ki, Moskva Azərbaycanı silahlandırmaqda davam edəcək. Bizim əlimizdə bütün əsaslar var iddia edək ki, onun budəfəki Bakı səfərində Azərbaycana yeni partiya silahlar verilməsi barədə anlaşma əldə edilib. Az öncə Azərbaycanın müdafiə naziri Rusiya KİV-ə müsahibəsində bu haqda demək olar, açıq mətnlə bildirmişdi. Aydındır ki, Roqozinin səfəri uğurlu olmasaydı, o facebook-da belə xəbəri paylaşmazdı. Bu, ən əvvəl Ermənistana mesajdır ki, Bakı və Moskva arasında silah ticarəti davam edəcək. Ola bilsin, Roqozinin səfəri həmçinin, Ermənistanın Avropa Birliyi ilə imzaladığı sazişə Kremlin dolayısıyla verdiyi cavabdır. İstənilən halda Ermənistan Rusiya tərəfdən gələn riskləri neytrallaşdırmağa çalışmalıdır”.

Əlbəttə ki, Rusiya istəməsəydi, İrəvan 2013-cü ildəki kimi Avropa Birliyi ilə indiki simvolik anlaşmanı da imzalaya bilməzdi. Doğrudur bu sənədlə işğalçı ölkə Avropadan bəzi maliyyə-iqtisadi güzəştlər qopara biləcək, ancaq Kremlin İrəvan üzərində siyasi-diplomatik və iqtisadi-hərbi hökmranlığına həmin anlaşma heç bir ciddi təsir göstərməyəcək. Bunu hamıdan yaxşı məhz ermənilər bilir. Yəni yenə Ermənistanın Rusiyadan vassal asılılığı davam edəcək. Vassallar isə həlledici söz sahibi olmurlar – o cümlədən Azərbaycan-Rusiya hərbi-texniki əməkdaşlıqla bağlı.

Məsələ də ondadır ki, işğalçı ölkənin, onun təbliğat və anti-təbliğat maşınının 2017-ci ildə də dəridən-qabıqdan çıxmasına rəğmən, “müttəfiq Rusiyanın düşmən Azərbaycana” silah satışını əngəlləyə bilmədi. Nəinki əngəlləyə bilmədi, hay-küyçü və naşükür ermənilər elə Rusiya KİV-ləri və ekspert dairələri tərəfindən dərhal yerində oturduldular. Onlara “Ermənistan” adlı psevdo-dövlətin müstəsna olaraq Rusiya hesabına mövcudluğu xatırladıldı, üstəlik, Serj Sərkisyanın Ermənistanı “gəzəyən arvad”a bənzədilərək, ermənilər aşağılandı.

Ermənilərin bütün canfəşanlıqlarına və həyasızlıqlarına rəğmən, Moskva ilə Bakı arasında silah ticarətinin 2017-ci ildə də davam etməsi və gələn ilə nəzərdə tutulan yeni anlaşmalar, rəsmi Bakının növbəti uğuru, İrəvanının isə daha bir fiaskosu, çin olmayan sayca 5-ci arzusu sayıla bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər