13 Yanvar 2018 09:45
8 982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı ilə müsahibəni təqdim edir.

- Nemət bəy, İsa Qəmbər 1990-cı il yanvar ayında AXC Ali Məclisinin sessiyası haqqında fikirlərini bölüşərkən qeyd edib ki, sizdən Lex Valensa düzəltmək istəyirdi, ancaq alınmadı. Niyə sizdən Lex Valensa alınmadı?

- İsa Qəmbər nəsə düzəltməyə qadir olsaydı, birinci özündən düzəldərdi. 1988-90-cı illərdə Azərbaycan dünyanın bir nömrəli qəhrəman xalqı elan edildi. Bu proses Nemət Pənahlının rəhbərliyi altında oldu. Nemət Pənahlı SSRİ kimi imperiyaya meydan oxudu və onu diz çökdürdü. Nemət Pənahlı elə Nemət idi, onun nə Lex Valensa olmağa, nə də zamanında İsa Qəmbərin idealı olan Lenin olmağa ehtiyacı var idi. Əgər İsa Qəmbərdə zərrə qədər vətəndaşlıq və vicdan olsaydı, Nemət Pənahlının qədrini bilərdi, daha mənə qarşı imperiya səngərindən mübarizə aparmazdı. Nemət Pənahlının nüfuzlu vaxtında kölgəsində daldalanaraq sonradan ona xəyanət etməzdi.

- Demək istəyirsiniz ki, İsa Qəmbər sizin kölgənizdə olub və daha sonra sizə qarşı çıxış edib?

- Meydanda 1 milyon insanın içində İsa Qəmbər deyirdi ki, bizə bildirirlər, sizin lideriniz yoxdur, amma bizim dünyaya meydan oxuyan Nemət Pənahlı kimi liderimiz var. Bəli, zamanında özünü bu cür qələmə verirdi. İsa Qəmbərin özünün və atasının meydanda çıxışları var. Mən bu çıxışları yaxın gələcəkdə çap etdirəcəm və siz də mahiyyəti görəcəksiniz. Eyni zamanda 1988-ci ildə Nemət Pənahlı həbs ediləndən sonra İsa Qəmbərin və atasının KQB-yə verdiyi izahatlar var. Bu izahatları da çap etdirəcəyəm. Onda hər kəs kimin kim olduğunu bir daha biləcək.

İkincisi, İsa Qəmbər niyə deyir ki, Nemət Pənahlıdan Lex Valensa düzəltmək istəyirdi? Çünki İsa Qəmbər desəydi ki, əvvəlcədən Nemətə qarşı çıxış edib, bu zaman xalq qarşısında xain duruma düşəcəkdi. Nəzərə alın ki, dünya, xalqımız bilir ki, Lenin meydanının adını Azadlıq meydanı qoyan, Milli Azadlıq hərəkatını bəyan edərək imperiya ilə savaşan Nemət Pənahlı olub. O zaman nə AXC var idi, nə də başqası.

- Demək istəyirsiniz ki, Milli Azadlıq Hərəkatına Xalq Cəbhəsi öncüllük etməyib?

- Xalq Cəbhəsi yaranmamışdı. 1988-ci ilin Meydan hadisələri vaxtı İsa Qəmbərin zamanında lideri olduğu Leninin adına meydanın adını mən Azadlıq meydanı qoymuşam və bəyan etmişəm ki, biz Milli Azadlıq Hərəkatına başlayırıq. Dekabrın 4-ü və 5-ində də ordu meydanı dağıdıb, məni həbs edərək KQB-nin zindanına atıblar. Mən zindana gedəndən sonra İsa Qəmbər və atası KQB-də izahat verib. Bunlar istintaq materiallarında var. Onların meydanda Nemətə mədhiyyə dedikləri, yaltaqlandığı çıxışları var. Çünki açıqdan-açığa Nemətə qarşı çıxa bilməzdilər. Buna getsəydilər, məhv olardılar. Odur ki, İsa Qəmbər zamanında Nemət Pənahlını özünün lideri elan etdi, mənim mövqe və nüfuzumdan istifadə etmək istədi. Mənim kölgəmdən və adımdan da istifadə etdilər.

- İsa Qəmbər bildirib ki, sizin adınızın AXC İdarə Heyətinə salınması təklifini o verib və hətta bunda sona qədər təkid edib...

- Mən həbsdən çıxdıqdan sonra AXC-nin yaradılmasında iştirakım ən böyük səhvim idi. AXC-nin Nizamnamə və Proqramında Azərbaycanın müstəqilliyindən bəhs edilməyib. Əksinə, proqramda açıq elan edilib ki, Xalq Cəbhəsi yenidənqurmaya yardım məqsədilə yaradılan ictimai təşkilatdır. O dövrdə mənim Əbülfəz bəyə inamım və hörmətimdən istifadə edildi. Məni aldadıb AXC-nin yaradılmasında iştirakımı təmin etdilər. Baxmayaraq ki, mən AXC-ni əslində KQB-nin yaratdığını bilirdim. Xalq Cəbhəsi “Narodnıy Front” sözünün tərcüməsidir. “Narodnıy Front” ideyasını bəşər tarixində ilk dəfə Lenin irəli sürüb. 1988-ci ildə SSRİ miqyasında Kommunist Partiyası nüfuzunu itirmişdi, bu partiyanın hörməti qalmamışdı, aparıcı qüvvə deyildi. Odur ki, SSRİ məkanında - Ukraynada, Pribaltikada, Azərbaycanda, Gürcüstanda milli azadlıq mübarizəsi getdiyi üçün “Narodnıy Front” ideyasını ortaya ataraq, yenidən xalqları buxovlamaq məqsədi güdüldü.

Təsəvvür edin ki, 18 günlük Meydan hadisələri zamanı bizlər gecə-gündüz mübarizə apardıq və ona nail olduq ki, Azərbaycan televiziyası meydandan 5 dəqiqəlik reportaj verdi. Amma İsa Qəmbərə iki saat vaxt verildi ki, Azərbaycan Xalq Cəbhəsinin yaradılmasını bəyan etsin.

- İsa Qəmbərlə sizin siyasi düşmənçiliyiniz hardan qaynaqlanır?

- Səbəb odur ki, mən milli azadlıq uğrunda mübarizə aparmışam və bunu gizlətməmişəm. Meydan hadisəsindən əvvəl biz Məhəmməd Hatəminin rəhbərliyi altında “Çənlibel” təşkilatında toparlanmışıq. O zaman KQB bizim aramıza adamlar ataraq “Çənlibel”i dağıtmaq istəsə də, buna nail ola bilməyib. Bundan sonra Gənc Alimlər Klubu yaradılıb. Bu qurum “Çənlibel”ə alternativ idi. İsa Qəmbər də bu xəttdən, yəni Gənc Alimlər Klubundan çıxıb. O zaman SSRİ təhlükəsizlik orqanları Azərbaycanda və digər respublikalarda milli azadlıq mübarizəsini boğmaq üçün süni liderlər və təşkilatlar yaradırdı. Milli hərəkatların qarşısını almaq istəyirdilər. Azərbaycanda da bu məqsədlə Gənc Alimlər Klubu, Qarabağa Könüllü Yardım Cəmiyyəti və digər təşkilatlar yaradıldı. Məqsəd də Azərbaycandakı milli hərəkatın qarşısını almaq idi. İsa Qəmbər, Zərdüşt Əlizadə komandası bu xəttin içindən meydana çıxarılmışdı. Mənim nə İsa Qəmbər, nə də digərləri ilə şəxsi konteksdə qarşıdurmam olmayıb. Mən azadlıq mübarizəsi, milli savaş aparmışam. Bu savaşda da yanımda və qarşımda mövqe tutan adamlar olub. İsa Qəmbər də təəssüflər olsun ki, qarşımda olub. Mən imperiyaya qarşı mübarizə aparmışam, İsa Qəmbər kim olub ki, onunla savaşım, rəqabət aparım?

- Necə oldu ki, siz AXC-nin yaradılmasında iştirak etdiniz? Axı iddia edirsiniz ki, AXC-nin ssenarisini KQB yazmışdı...

- Mən həbsdən çıxdıqdan sonra gördüm ki, adımı AXC-nin Təşəbbüs Qrupunun siyahısına yazıblar. Bildirim ki, mənə hələ həbsdən əvvəl meydanda AXC-nin KQB tərəfindən yaradıldığını bəyan etmişəm. O zaman bunlar Pribaltikadan Xalq Cəbhəsinin nizamnaməsini gətirib tərcümə edərək yayırdılar. Mənim çıxışımdan sonra AXC-nin yaranması baş tutmadı. Ancaq həbsimdən sonra adımı AXC-nin Təşəbbüs Qrupuna yazmışdılar. İsa Qəmbər iddia edir ki, mənim adımı o yazdırıb. Bəli, yazdıra bilər. Ancaq mən İsa Qəmbərin sözü ilə AXC-nin yaranmasına razılıq verməzdim. Mən o zaman Əbülfəz bəyə inanırdım. Həbsdən çıxdıqdan sonra maraqlandım ki, kim mənim adımı AXC Təşəbbüs Qrupuna yazdırıb. Əbülfəz bəy dedi ki, mən yazdırmışam. Mən də sual etdim ki, bilirsinizmi, AXC-ni KQB yaradır? O da cavab verdi ki, bəli, bilir. Əlavə etdi ki, biz taktika işlədirik, KQB-nin agenturası olmadan AXC-ni yaradıb qeydiyyatdan keçirə bilməyəcəyik. Açıq bildirdi ki, AXC rəsmiləşəndən sonra qurultay çağırıb agenturanı sıralarımızdan uzaqlaşdıracağıq. Mən buna etiraz etdim. Bildirdim ki, bunların arxasında KQB, hüquq-mühafizə orqanları, imperiya durur. Bunlar özü bizi sıradan çıxarıb milli hərəkata xəyanət edəcəklər. Əbülfəz bəy bu fikirlərimlə razılaşmadı. Beləcə, münasibətlərimiz pozuldu. O zaman bizim təcrübəmiz yox idi. Onlar hətta Yusif Səmədoğlunu AXC sədri seçmək istəyirdi. Amma o dövrdə Azərbaycan ziyalıları içərisində milli adam kimi Əbülfəz bəy tanınırdı. Mən də Əbülfəz bəyi dəstəklədim və AXC-nin sədri seçildi. Qarşı tərəf də buna mat qaldı. Ondan sonrakı dövrdə, daha dəqiqi, 20 Yanvar hadisələrindən sonra vəziyyət fərqli oldu.

- Nə mənada fərqli oldu?

- Bunlar 20 Yanvar hadisələrindən sonra nə Moskvanı, nə rus ordusunu, nə Qorbaçovu, nə də Vəzirovu günahlandırdılar. Bütün təbliğatlarında məni ittiham etdilər. Bir də Etibar Məmmədov və Rəhim Qazıyevi. Sadəcə, Etibarla Rəhim həbs edildiyi üçün daha çox mənim adımı hallandırdılar. Belə bir xəbər uydurdular ki, 20 Yanvardan əvvəl İsa Qəmbər və Əbülfəz bəy barrikadalara gələrək camaata “gedin evinizə, ordu gələcək qıracaq” deyiblər. Guya mən də demişəm ki, onlar satqındır, gözləyin, sizə silah gətirəcəm. Faktiki olaraq, belə bir şey olmayıb. Amma onlar məni 20 Yanvarın baiskarı, özlərini isə qəhrəman kimi göstərirdilər. 20 Yanvardan sonra da gedib deputat oldular. Bu adamlar necə mübarizə aparıblar ki, Milli Azadlıq Hərəkatı zamanı bir dəfə də olsun həbs edilməyiblər? Əsasən mən, Məhəmməd Hatəmi, Ənvər Əliyev, Siyamək və başqaları tutulub. Yalnız bir dəfə Əbülfəz bəy həbs edilib, onda da tez azad edilib. Bəs necə oldu döyülən, söyülən, həbs edilən biz, amma İsa Qəmbər və başqalarına gözün üstə qaşın var deyən olmayıb?

- Yəni sizin sözlərinizdən belə çıxır ki, Milli Azadlıq Hərəkatında sizdən başqa hər kəs KQB agenti olub?

- Məhəmməd Hatəmi Milli Azdlıq Hərəkatının başında dayanıb. Xəlil Rıza Uluturk var. Siz bu şəxsləri tanımırsınız. AXC İdarə Heyətinin Milli Azadlıq Hərəkatına heç bir aidiyyəti yoxdur. Milyonlarla insan milli azadlıq uğrunda hərəkata qoşulmuşdu. Sadəcə, mən AXC-nin yaranmasında iştirak etdiyim üçün millət elə başa düşürdü ki, bu prosesə AXC rəhbərlik edir. Ancaq AXC-dəki digər qanad, ümumiyyətlə, bu prosesdə yox idi. Baxın, bu gün Araz Əlizadə çıxıb deyir ki, biz türk deyilik. Ələkrəm Hümbətov Milli Azadlıq Hərəkatı aparıb? İndi də gedib ermənilərlə əməkdaşlıq edir. Və ya Leyla Yunus, İsa Qəmbər olsun. Söhbət 3-5 nəfər KQB agentindən gedir. AXC-nin daxilində radikal və liberal qanad var idi. Etibar, Rəhim və mən radikal qanad hesab olunurduq. Əbülfəz bəy də ilkin dövrdə bizimlə idi. Sonra liberal qanada tərəf keçdi. Bununla da Əbülfəz bəylə münasibətimiz pozuldu.


Müəllif: Cavad

Oxşar xəbərlər