19 Yanvar 2018 09:30
4 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ fakt qarşısında qaldı.

Bunu ABŞ-ın Suriyanın şimalında “sərhəd təhlükəsizliyi qüvvələri” yaratmaq planının olmadığına dair dövlət katibi Reks Tillersonun açıqlamasını Teleqraf.com-a şərh edən politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, Avropanın aparıcı ölkələrinin Türkiyəyə böyük iltifatla yanaşması və bu ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqları yeniləmək istəyi Ankaranın mövqelərini xeyli möhkəmləndirdi:

“Hadisələrin bu cür inkişaf etdiyi şəraitdə ABŞ meydanda tək qaldığını hiss etdi. Üstəlik, Türkiyənin bölgədə aktiv hərbi əməliyyatlara başlamasının ilk günündən sonra məsələnin ciddiyyətini tamamilə başa düşdü. Çünki ABŞ kürd yaraqlılarına böyük miqdarda silah versə də, cəmi 2-3 min nəfər döyüşçü formalaşdıra bilmişdi. Üstəlik, əraziyə yerləşmiş məhdud sayda rus qoşunlarının da çəkilib getməsi, Rusiya və İranın Türkiyəni müdafiə edən bəyanat verməsi ABŞ-ı həm hərbi-siyasi, həm də diplomatik cəhətdən çox çətin vəziyyətə saldı”.

Q.Hüseynli güman edir ki, ABŞ tərəfi nəzərdə tutduğu planlardan imtina etmək məcburiyyəti qarşısında qalıb:

“Vaşinqton artıq Suriyanın şimalında kürdlərdən ibarət sərhəd qoşunları formalaşdırmaq ideyasını həyata keçirməyin mümkünsüzlüyünü başa düşüb. Çünki bu, bölgədə böyük müharibə və Vaşinqtonun mövqelərinin tamamilə laxlayıb sıradan çıxması deməkdir. Dövlət Departamentində başa düşdülər ki, ABŞ-ın bu addımı atması nəticə etibarilə Rusiya və İranın burda üstünlük qazanmasına gətirib çıxara biləcək yeni geosiyasi vəziyyət yaradacaq. Odur ki, ABŞ hazırda diplomatiyanın inandırma metoduna üstünlük verməyə başlayıb. Yəni, Türkiyəni dilə tutmaq, onunla yaxınlaşmaq, Avropa İttifaqının etdiyi kimi Ankaranı öz tərəfinə çəkmək və onu Rusiya və İrandan uzaqlaşdırmaq istəyir. ABŞ bunun xatirinə hətta, kürd dövləti, kürdlərdən ibarət sərhəd qoşunları yaratmaq ideyasından da keçə bilər və yəqin ki, keçəcək”.

Politoloq bildirib ki, Türkiyənin son günlər yürütdüyü əzmkar və cəsarətli siyasi xətt qələbə çaldı və bu qələbə nəticəsində Türkiyə öz yeni siyasətini düzgün formalaşdırarsa, o, əvvəlki strateji mövqelərini tamamilə bərpa edəcək. Türkiyənin NATO ilə münasibətləri yenə də yüksək səviyyədə olacaq, Avropa İttifaqına daxil olmaq üçün danışıqlar prosesi yenilənəcək. ABŞ-la münasibətlər də tədricən yaxşılaşma yoluna qədəm qoyacaq:

“Mən uzun müddətdir davam edən Suriya mübarizəsində Türkiyə siyasətinin ilk dəfə qələbə çaldığının şahidi oluram və buna ürəkdən sevinirəm”.

Qeyd edək ki, ABŞ Dövlət katibi Reks Tillerson ölkəsinin Suriyada “sərhəd təhlükəsizliyi qüvvələri” yaratmaq ideyasına aydınlıq gətirib. O, bu informasiyaların yalan olduğunu bildirib:

“Bu məsələ tamamilə yanlış anlaşılıb. Belə bir planımız yoxdur. Əsas məqsədimiz Suriyanın İŞİD terror təşkilatından azad edilmiş bölgələrində yerli qüvvələrə təlim keçməkdir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər