24 Yanvar 2018 16:14
2 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com YAP İcra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun Azərtac-a müsahibəsini təqdim edir:

- Siyavuş müəllim, dünyanın diqqəti yenidən Davosdadır. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda bir sıra mühüm görüşlər keçirib, “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda iştirak edib. Forumun əhəmiyyəti və Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri barədə nə deyə bilərsiniz?

- 48-ci dəfə keçirilən ənənəvi Davos forumu bu dəfə "Parçalanmış dünyada birgə gələcəyin yaradılması" mövzusuna həsr olunub. Azərbaycan Prezidenti İlham Əliyev foruma "Strateji perspektivlər: Avrasiya” panelindəki müzakirələrdə çıxış edib və həm ölkəmiz, həm də region və dünya üçün müstəsna əhəmiyyətə malik olan çox mühüm məsələlərlə bağlı fikirlər söyləyib. Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında uzun illərdir həyata keçirilən əməkdaşlığın yaxşı perspektivlərə malik olduğu qeyd edilib, eyni zamanda, Azərbaycanın iqtisadi inkişafı, beynəlxalq nüfuzu və ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi islahatların əhəmiyyəti diqqətə çatdırılıb.

Həqiqətən də, bu gün Azərbaycan öz iqtisadi tərəqqisi ilə inkişafın milli modelini formalaşdırıb. Neft gəlirlərinin səmərəli idarə edilməsi, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun tərəqqisi, regionların tarazlı inkişafı, özəl sektorun inkişaf etdirilməsi və sahibkarlığa dövlət dəstəyi kimi fundamental tədbirlər xüsusi olaraq vurğulanmalıdır. Bütün bunlar ölkəmizin iqtisadiyyatının davamlı tərəqqisini təmin edən strateji amillərdir. Məhz bunların nəticəsidir ki, Azərbaycan həm də yüksək beynəlxalq reytinqə malikdir. Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı qeyd edib ki, iqtisadiyyatın şaxələndirilməsi bizim əsas məqsədimizdir. Dövlətimizin başçısı onu da vurğulayıb ki, “biz hazırda icra etdiyimiz layihələri başa çatdırmalıyıq, ancaq əsas gəlir mənbələri kimi biz texnologiya, innovasiya, sənaye, sahibkarlıq və kənd təsərrüfatı sahələrini nəzərdən keçirməliyik”. Əlbəttə, məqsədyönlü və çoxşaxəli islahatların ardıcıl və müntəzəm şəkildə davam etdirilməsi iqtisadiyyatın şaxələndirilməsini təmin edib və qarşıdakı dövrdə də bu proses davamlı xarakter daşıyacaq.

Azərbaycanın iqtisadi inkişaf sahəsində əldə etdiyi nailiyyətlər həm də statistik göstəricilərdə öz əksini tapıb. Başa vurduğumuz 2017-ci ildə ÜDM-in artımı qeydə alınıb, qeyri-neft sektorunun payına düşən artım isə təqribən 3 faiz təşkil edir. Ötən il ərzində valyuta ehtiyatlarımızın 4,5 milyard dollar civarında artıb ki, bu da iqtisadi siyasətin olduqca səmərəli, məqsədyönlü olduğunu göstərir. Digər tərəfdən, Azərbaycanın hazırda valyuta ehtiyatlarının həcmi təxminən 42 milyard dollar təşkil edir ki, bu da adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə dünya miqyasında olduqca böyük göstəricidir. Prezident İlham Əliyev qeyd edib ki, ötən il neftin qiymətinin hələ də aşağı olmasına baxmayaraq, biz ehtiyatlarımıza daha 4,5 milyard dollar əlavə edə bilmişik: “Bu isə o deməkdir ki, hətta neftin qiyməti aşağı olsa belə bizim üçün narahatlığa səbəb yoxdur. Builki büdcəmizdə neftin qiymətinin 45 dollar səviyyəsində olması nəzərdə tutulub və bundan artıq toplanan bütün vəsait Neft Fonduna yönləndiriləcəkdir”.

Yeni nəsil islahatların həyata keçirilməsi fonunda təhsil, səhiyyə, sosial və digər istiqamətlərdə ardıcıl tədbirlərin reallaşdırılması sosial infrastruktur quruculuğunun da diqqət mərkəzində olduğunu göstərir.

Davos Dünya İqtisadi Forumunda Azərbaycan reallıqlarının mötəbər beynəlxalq tribunadan səsləndirilməsi müstəsna əhəmiyyətə malikdir. Bəllidir ki, həyata keçirilən iqtisadi islahatların nəticəsində əldə edilən çoxsaylı uğurlar ölkəmizin beynəlxalq iqtisadi reytinqinin yüksəlməsinə də əhəmiyyətli töhfələr verib. Azərbaycanın iqtisadi inkişaf sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq miqyasda da yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı 2017-ci ildə rəqabətqabiliyyətliliyinə görə 2 pillə irəliləyib və dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Bu, olduqca mühüm göstərici olmaqla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli iqtisadi siyasətin nəticəsidir.

Prezident İlham Əliyevin Davosda transmilli şirkətlərin təsisçisi və sədrləri ilə bir sıra mühüm görüşlər keçirməsi də Azərbaycanın beynəlxalq nüfuzunun artması, əməkdaşlıq əlaqələrinin inkişafı kontekstində böyük əhəmiyyətə malikdir. Ümumiyyətlə, Azərbaycanın Dünya İqtisadi Forumunda uğurla təmsil olunması ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası, beynəlxalq iqtisadi və siyasi əlaqələrinin genişləndirilməsi baxımından xüsusi önəm kəsb edir. Onu da qeyd edim ki, Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı və orada söylədiyi fikirlər böyük maraq doğurub. Mütəxəssislər Azərbaycanın dövlət başçısının təhlillərinə və irəli sürdüyü fikirlərə ciddi diqqət yetiriblər, dövlət başçısının səsləndirdiyi fikirlər beynəlxalq mətbuatın diqqət mərkəzində olub.

-Yeri gəlmişkən, Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən mətbuat azadlığının təmin olunduğunu da diqqətə çatdırdı...

-Bəli, dövlətimizin başçısı qeyd etdi ki, “mətbuat tamamilə azaddır. Azərbaycan əhalisinin 80 faizi internet istifadəçisidir. İnternetin azad, senzuranın olmadığı və əhalinin mütləq əksəriyyətinin internet istifadəçisi olduğu halda mətbuat azadlığının məhdudlaşdırılması haqqında danışmaq əsassızdır”.

Ümumiyyətlə, ölkəmizə qarşı təzyiq və şantaj həyata keçirmək istəyən bəzi antiazərbaycan dairələr Azərbaycanda bərqərar olan söz və mətbuat azadlığı məsələsini manipulyasiya alətinə çevirməyə çalışırlar. Halbuki ölkəmizdə fikir plüralizminə yaradılan şərait, müstəqil mətbuatın inkişafına göstərilən diqqət və qayğı göz önündədir. Ölkəmizdə azad sözün inkişafı üçün 1998-ci ildən etibarən kütləvi informasiya vasitələri üzərində dövlət senzurası tamamilə aradan qaldırılıb. KİV-in azad fəaliyyətinin təmin olunması üçün bir sıra qanunların qəbulundan sonra bu sahədə formalaşan mühit onu deməyə əsas verir ki, Azərbaycanda fikir və söz azadlığı etibarlı şəkildə və yüksək səviyyədə təmin olunub. Azərbaycanda mövcud olan hüquqi baza da vətəndaşların fikir və düşüncələrini sərbəst ifadə etməsi üçün geniş imkan yaradır. “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında” və digər qanunlarla ölkədə media qurumlarının sərbəst şəkildə yaradılması və fəaliyyəti təmin edilib. Digər tərəfdən, Azərbaycanda jurnalistlərin mənzil-məişət şəraitinin və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan siyasi mövqeyindən asılı olmayaraq bütün jurnalistlər yararlana bilirlər, hər hansı bir ayrı-seçkilik müşahidə edilmir. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə ayrılan maliyyə vəsaiti isə dövlətin mətbuatın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Bütün bunlara baxmayaraq, Azərbaycanın suveren iradəsini, müstəqil daxili və xarici siyasətini narahatlıqla qarşılayan qüvvələr, erməni lobbisi və antiazərbaycan dairələr qarayaxma kampaniyası vasitəsilə ölkəmizə təzyiq etməyə çalışırlar. Bu zaman “sapı özümüzdən olan baltalar”la yanaşı, “Freedom House”, “Human Rights Watch” kimi təşkilatların, Soros Fondunun xidmətlərindən istifadə edirlər. Həmin təşkilatların hesabatlarında ölkəmizlə bağlı qərəzli və subyektiv mülahizələrə əsaslanan məqamlar yer alır. Belə təşkilatlar 25 ildən artıqdır ki, Azərbaycan haqqında düzgün olmayan, qərəzli, ölkəmiz haqqında məlumatı olmayan, kimlərinsə yazdığını götürüb dərc edən, fikirlər yayımlayan qurumlardır. Sadəcə olaraq həmin qurumlar erməni lobbisinin və antiazərbaycan dairələrin əlində alətə çevriliblər.

Azərbaycanda, həmçinin siyasi partiyaların, vətəndaş cəmiyyəti institutlarının qanunlar əsasında sərbəst fəaliyyətinə şərait yaradılıb. 2007-ci ildə MDB məkanında ilk dəfə olaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyasının yaradılması, o cümlədən 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının formalaşdırılması bilavasitə vətəndaş cəmiyyəti institutlarının inkişafına çox böyük təkan verib. Bu qurum vasitəsilə dövlət tərəfindən vətəndaş cəmiyyəti institutlarına hər il maliyyə vəsaitləri ayrılır. Siyasi partiyalara dövlət büdcəsindən vəsaitin ayrılması da bir çox Avropa dövlətləri, inkişaf etmiş ölkələr üçün örnəkdir. Digər tərəfdən, Azərbaycanın insan hüquqları ilə bağlı yaradılmış qanunvericilik bazası bu istiqamətdə atılan addımlar, görülən işlər mütərəqqi nümunədir. Bu günə qədər Azərbaycanda 11 dəfə amnistiya aktı qəbul edilib, dövlətimizin başçısı tərəfindən 60-dan çox əfv fərmanı və sərəncamı imzalanıb. Nəticədə 10 minlərlə insan azadlığına qovuşub.

Ölkəmizdə, eyni zamanda, sərbəst toplaşmaq azadlığı və digər azadlıqlar təmin olunub. Sosial bazası-elektoratı olmayan, xalqdan heç bir dəstək almayan radikal müxalifət partiyaları sərbəst toplaşmaq azadlığı ilə bağlı müxtəlif bəhanələr səsləndirərək Azərbaycanın müsbət beynəlxalq imicinə xələl gətirməyə çalışırlar. 20 Yanvar - Ümumxalq Hüzn Günü ərəfəsində həmin antimilli qüvvələrin “siyasi şou” təşkil etməyə çalışmaları onların siyasi siması və mahiyyətini əks etdirir.

Bütövlükdə, Azərbaycana qarşı təzyiq kampaniyasının, ölkəmizlə bağlı qərəzli və qeyri-obyektiv məlumatlar verilməsinin başlıca səbəbi dövlətimizin müstəqil siyasət həyata keçirməsidir. Prezident İlham Əliyev qeyd edib ki, “Azərbaycanı müəyyən ölkələr əleyhinə kampaniyalara sürükləmək cəhdləri olub. Biz hər zaman bitərəf qalmışıq. Biz heç kəsə qarşı oyun aparmırıq və heç bir riskli və milli maraqlarımıza uyğun olmayan kampaniyanın tərkib hissəsi deyilik. Yəni hücumların səbəblərindən biri bəzilərinin Azərbaycanı kiçik dövlət üçün artıq dərəcədə müstəqil hesab etməsidir. Bəzi QHT-lərin belə reytinqləri ölkəmizi gözdən salmaq, nüfuzumuza xələl gətirmək və Azərbaycanı qeyri-demokratik dövlət kimi təqdim etmək məqsədi daşıyır. Bu isə qətiyyən belə deyil”.

- Siyavuş müəllim, Azərbaycan müstəqil siyasət yürüdən dövlət olduğunu deyən Prezident İlham Əliyev bu siyasət milli maraqlarımıza söykəndiyini, ölkəmizdə sabit siyasi və iqtisadi vəziyyətin mövcud olduğunu diqqətə çatdırdı. Bu barədə nə deyə bilərsiniz?

- Azərbaycan kifayət qədər güclü dövlətdir, ölkəmiz yüksək beynəlxalq nüfuza malikdir. Azərbaycan həm də müstəqil siyasət həyata keçirir. bütün dövlətlərlə bərabərhüquqlu əlaqələr yaradır, münasibətləri öz maraqları əsasında davam və inkişaf etdirir. Bunun da əsasında Ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi dayanır. Ölkəmizdə çoxsaylı mötəbər beynəlxalq tədbirlər keçirilir. Azərbaycan sivilizasiyalararası dialoqa mühüm töhfələr verən tədbirlərə uğurla ev sahibliyi edir və ölkəmiz dünyanın multikulturalizm mərkəzlərindən biri sayılır. Bütün bunlar uğurlu və hərtərəfli inkişaf siyasətinin səmərəli nəticələridir.

Digər tərəfdən, siyasi-hüquqi islahatların mütəmadi qaydada və prinsipiallıqla davam etdirilməsi sabitliyin və təhlükəsizliyin təmin olunmasına önəmli töhfələr verməklə yanaşı, demokratik inkişafı da sürətləndirməkdədir. Təsadüfi deyil ki, Azərbaycan vətəndaşları son 14 il ərzində həyata keçirilən siyasəti dəyərləndirərkən ictimai-siyasi sabitlik amilinə xüsusi diqqət yetirirlər. Azərbaycan bu gün müasirləşən, sürətlə inkişaf edən, ictimai-siyasi sabitliyin mövcud olduğu bir ölkəyə çevrilib. Bunun nəticəsidir ki, beynəlxalq aləmin Azərbaycana diqqəti kifayət qədər artıb. Dünya miqyasında çoxsaylı siyasi kataklizmlərlə müşayiət olunan, müxtəlif ölkələrdə stabillik və təhlükəsizliyin pozulduğu ötən müddət ərzində Azərbaycanda sabitlik qorunub saxlanıb, ölkəmiz kənar təsirlərə məruz qalmadan öz siyasi sabitliyini davam etdirib.

Əminliklə söyləmək olar ki, ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi ictimai-siyasi sabitliyin başlıca təminatçısıdır. Azərbaycan xalqı öz Prezidentini dəstəkləyir, Prezident İlham Əliyev isə Azərbaycan dövlətinin maraqlarını qətiyyətlə müdafiə edir. Təsadüfi deyil ki, Azərbaycan Davos İqtisadi Forumunun son hesabatında “Siyasətçilərə ictimai etimad” kateqoriyası üzrə dünyada 137 ölkə arasında 20-ci yerə yüksəlib. Ölkəmiz “Böyük İyirmilik” ölkələrinin hər 4-dən 3-nü, bütün postsovet respublikalarını və türk dövlətlərini qabaqlayır. Bu, Azərbaycanda həyata keçirilən inkişaf siyasətinin vətəndaşlar tərəfindən rəğbətlə və məmnunluqla qarşılanmasının ifadəsidir.

- Dünya İqtisadi Forumunda Azərbaycanla bağlı səsləndirilən fikirlər ölkəmizin dayanıqlı inkişafının, beynəlxalq əlaqələrinin genişlənməsinin qarşıdakı dövrdə də davam edəcəyini deməyə əsas verir. Bu barədə nə düşünürsünüz?

- Əvvəla qeyd edim ki, Prezident İlham Əliyev Dünya İqtisadi Forumunda Azərbaycan reallıqlarını qətiyyətlə və dolğun şəkildə ifadə etdi. Ümumiyyətlə, Forumda səsləndirilən fikirlər onu göstərir ki, Azərbaycan uğurla inkişaf edir, siyasi və iqtisadi islahatların paralel olaraq davam etdirilməsi bütün sahələrdə mühüm nailiyyətlərin əldə olunmasını təmin edib. Bu gün Azərbaycan beynəlxalq miqyasda nüfuzlu və cəlbedici ölkəyə çevrilib, ölkəmizə olan maraq və diqqət olduqca artıb. 2017-ci ildə ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Bu, Azərbaycanın yüksək iqtisadi reytinqə malik olduğunu göstərir. Bu, həm də onun ifadəsidir ki, yerli və həm də xarici investorlar ölkəmizə vəsait qoymaqda maraqlıdırlar. İqtisadi və siyasi sabitlik, valyuta ehtiyatlarımız, reallaşdırılan layihələrin kommersiya cəlbediciliyi xarici sərmayənin ölkəmizə cəlb edilməsini təmin edib. Bir sözlə, Azərbaycan bu gün dünya miqyasında sərmayə qoyuluşu üçün cəlbedici ölkəyə çevrilib.

Hazırkı reallıqlar onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət sayəsində qarşıdakı dövrdə Azərbaycanın uğurlu və dayanıqlı inkişafı təmin ediləcək. Şübhəsiz ki, postneft dövründə yeni nəsil islahatlar davam etdiriləcək, bu isə maliyyə və iqtisadi sabitliyin qorunub saxlanması, qeyri-neft sektorunun davamlı inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, əhalinin sosial rifahının yüksəldilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Bütün bunlar həm də Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, ikitərəfli və çoxtərəfli əlaqələrinin genişlənməsinə xidmət edəcək. Forum çərçivəsində ifadə olunan fikirlər də ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinin qarşıdakı dövrdə də davam edəcəyini deməyə əsas verir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər