Teleqraf.com təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbərlə müsahibəni təqdim edir.
- Afrindəki real durum Türkiyə üçün nə dərəcədə təhlükəli idi ki, “Zeytun budağı” əməliyyatına başlanılıdı?
- Türkiyə ilə sərhəddə yerləşən bu bölgədə PKK terrorçuları, eyni zamanda onun Suriya qolu PYD/YPG yuva salmışdı. Bu terror təşkilatları orada hakimiyyəti ələ almışdı. Üstəlik, onlar ABŞ və digər ölkələrdən dəstək alırlar. ABŞ Şimali Suriya Ordusu, habelə 30 minlik sərhəd təhlükəsizlik dəstələri yaratmaq haqda mövqeyini ifadə etdikdən sonra Türkiyənin səbr kasası daşdı. Türkiyə təcili şəkildə Şimali Suriya ilə sərhədinin möhkəmləndirilməsi, təhlükəsizliyin təmin edilməsi məsələsi ilə məşğul olmağa başladı. Bu məqsədlə təxminən 30 kilometr enində təhlükəsizlik zolağının yaradılması ideyası meydana gəldi. Afrin əməliyyatı da Türkiyənin Suriya ilə cənub sərhədində geniş təhlükəsizlik zolağının yaradılması çərçivəsində aparılır. Məqsəd konkret olaraq Türkiyənin cənubunda, Suriya ərazisində geniş təhlükəsizlik zolağı yaratmaq, buranı terror ünsürlərindən təmizləyərək təhlükəsiz vəziyyətə gətirmək, habelə yaradılacaq təhlükəsiz bölgədə Suriyadan olan qaçqınları yerləşdirməkdir. Yaşayış məntəqələri azad edildikcə, Türkiyədə olan qaçqınlar geri qaytarılacaq. Əsas hədəf budur.
- Türkiyə ordusu təxminən nə vaxta qədər Suriyada qalacaq?
- Bunu demək son dərəcə çətindir. Çünki Türkiyə ordusu çətin şəraitdə mübarizə aparır. Mülki əhalinin sıx yaşadığı yaşayış məntəqələrində terrorizmlə mübarizə müasir hərb sənətinin ən mürəkkəb vəzifələrindən biridir. Türk ordusu bu vəzifəni böyük həssaslıq və peşəkarlıqla həyata keçirir. Çünki ordunun bu sahədə böyük təcrübəsi var. Digər tərəfdən, dünyada Türkiyənin bu əməliyyatına qarşı olan güclü qüvvələr olduğundan, onların əlinə bəhanə verməmək lazımdır. Bu səbəbdən türk ordusu yavaş, amma diqqətlə hərəkət edir. Ona görə də vaxt söyləmək çətindir. Türkiyə rəsmiləri, hərbçilər, təhlükəsizlik nümayəndələri və hətta ekspertlər belə konkret vaxt demirlər. Məncə, bu bölgə təmizləndikdən sonra türk ordusu Azad Suriya Ordusu ilə birlikdə bir müddət orada qalacaq. Biz “Fərat qalxanı” əməliyyatından da bilirik ki, Türkiyə Əl-Baba qədər irəlilədi və hazırda da bu bölgəyə nəzarəti əlində saxlayır. Çünki türk ordusu geri çəkilsə, terror təşkilatları nəzarəti ələ alacaqlar. Hələlik Azad Suriya Ordusu təkbaşına bu bölgədə təhlükəsizliyi təmin etmək imkanına sahib deyil. Bu səbəbdən də türk ordusunun hərbi əməliyyatlar başa çatdıqdan sonra belə, bu ərazilərin yenidən terror yuvasına çevrilməməsi üçün orada qalacağını düşünürəm. Belə olmasa, qaçqınların ora dönməsi və həyatın öz axarına düşməsi mümkün deyil.
- Amerikalılar açıq şəkildə deyir ki, türk ordusunun uzun müddət Suriya ərazisində qalması qəbuledilməzdir...
- Artıq məsələ Amerikanın bunu istəyib-istməməyindən asılı deyil. Xüsusilə də Afrində. Təbii ki, Türkiyənin mövqelərinin Suriyada güclənməsindən heç kim xoşlanmır. Bunu Suriya başda olmaqla nə ərəb dövlətləri, nə Rusiya, nə İran, nə də ABŞ başda olmaqla Qərb istəyir. Əsas məsələ Türkiyənin beynəlxalq hüquqdan irəli gələn özünümüdafiə hüququndan istifadə edərək, sərhəd təhlükəsizliyini təmin etməsidir. Gördüyünüz kimi, ABŞ da daxil olmaqla artıq Qərb ölkələri Ankaranın bu hüququnu tanımağa başlayıb. Mən burada Böyük Britaniyanın öncüllüyünü xüsusi qeyd edərdim. Yeri gəlmişkən, ABŞ-ın mövcud hakimiyyətinin İsrail yönlü siyasəti aparması nəticəsində bu ölkədə anqlosakslarla yəhudilər arasında fikir ayrılıqları böyüyür. İngiltərənin Xarici İşlər naziri Boris Consonun hadisələrdən öncə İrana səfər etməsi, İran rəhbərliyini xəbərdar etməsi, indi də Afrin əməliyyatında Türkiyənin yanında yer alması anqlosaks-yəhudi qarşıdurmasının görünən tərəfidir. Bu göstərir ki, Böyük Britaniya və anqlosakslarla yəhudi siyasi elitası arasında mövcud olan fikir ayrılıqları qarşıdurma mərhələsinə keçir.
- Türkiyə Afrin əməliyyatını başa çatdırmaqla özünün milli təhlükəsizlik problemini tam həll edəcəkmi?
- Xeyr. Türkiyənin Suriya ilə 911 kilometr sərhədi var. Eyni zamanda İraqla da uzun sərhədləri var. Nə Suriya, nə də İraqda Türkiyə ilə sərhədlərə nəzarət edəcək mərkəzi hökumətlər yoxdur. Əksinə, bu ərazilər terrorçuların nəzarətindədir. Ona görə də Türkiyə özü birtərəfli qaydada uzun sərhəd zolağında təhlükəsizliyini təmin etməyə çalışır. Üstəlik, nəzərə almaq lazımdır ki, Ankaranın məqsədi işğal və ya ilhaq deyil. Başlıca məqsəd dediyim kimi, geniş təhlükəsizlik zolağı yaratmaq, təhlükəsizliyi təmin etmək, terror sızmalarının qarşısını almaq, Suriya və İraqdan olan qaçqınların geri dönməsinə şərait yaratmaqdır. Eyni zamanda sözsüz ki, burada siyasi-diplomatik hədəflər də var.
- Hansı siyasi və diplomatik hədəfləri nəzərdə tutursunuz?
- Bildiyiniz kimi, Suriya ilə bağlı Astana və Soçi, eyni zamanda Cenevrə prosesləri var. Ankara döyüş meydanında nə qədər güclü olarsa, danışıq masası arxasında da mövqeyi bir o qədər güclənər. Yəni Türkiyə Suriyada siyasi həll prosesində, hərb sonrası Suriya quruculuğunda iştirak etmək imkanı əldə edir. Eyni zamanda hərbi-siyasi məsələ də var. Nəzərə alın ki, Türkiyə ordusu 15 iyun dövlət çevrilişinə cəhddən sonra özünün döyüş qabiliyyətini nümayiş etdirmək, Türkiyə hərbi sənayesinin yeni məhsullarını sınaqdan keçirmək, Ankaranın kənardan silah-sursat almadan belə uzunmüddətli müharibə apara biləcəyini isbat etmək istəyir. Yeri gəlmişkən, Afrin əməliyyatında istifadə edilən silah-sursatın 75 faizi türk hərbi sənayesinin məhsuludur.
- Türkiyənin Menbiç istiqamətində hərəkət edə biləcəyi Ağ Evdə ciddi narahatlıq doğurub. Amerikalı diplomatlar adlarının hallandırılmaması şərti ilə aparıcı mediaya açıqlamalarında türk ordusunun Menbiçə doğru hərəkət etməsini qəbuledilməz adlandırırlar...
- Çünki ABŞ-ın məqsədi həm Suriyada, həm də İraqda kürd dövlətinin ayrı-ayrı parçalarını yaratmaq və sonradan bunu birləşdirməkdir. Artıq dünyada bunu bilməyən yoxdur. Bu mənada ABŞ tərəfindən verilən açıqlamalar sadəlöhv insanlar üçündür. Əgər bir yerdə ordu yaradılırsa, sərhəd qüvvələri formalaşdırılırsa və ümumiyyətlə, Suriya daxilində sərhəddən söhbət gedirsə, artıq bu, dövlət atributlarıdır. Deməli, burada dövlət qurmaq niyyəti var və sən bunu gizlədə bilməzsən. Artıq ABŞ və İsrailin bu niyyəti açıq görünür. Türkiyə də buna imkan verməyəcəyini, bunun Ankara üçün qəbuledilməz olduğu bəyan edib. Suriya və İraqın parçalanması, regionda yeni kürd dövlətinin ortaya çıxması Türkiyə, İran və dolayısı ilə Azərbaycanın orta və uzaq perspektivi üçün təhlükə yaradır. Buna imkan verilməməlidir. Region dövlətləri ortaq maraqlar çərçivəsində səylərini birləşdirməli və əməkdaşlıq etməlidirlər.
- Bu əməliyyatlar Türkiyənin özü üçün hansısa mənfi nəticələr yarada bilərmi?
- Yeni bir təhdidin ortaya çıxacağını düşünmürəm. Onsuz da Türkiyə 1984-cü ildən PKK-ya qarşı mübarizə aparır. Üstəlik, Afrin prosesindən əvvəl Türkiyə həm öz ərazisində, həm də İraqda PKK-ya qarşı mübarizə aparırdı. Əslində, düşünürəm ki, geniş təhlükəsizlik dəhlizinin yaradılması, PKK-ya zərbə vurulması, onun döyüş qabiliyyətinin azaldılması nəticə etibarilə Türkiyə sərhədlərinin gücləndirilməsi, terror sızmalarının qarşısının alınmasıvə daxildə PKK-ya qarşı əməliyyatların aparılmasına yardımçı olacaq. Bu baxımdan Afrin əməliyyatını müsbət hesab edirəm.