27 Yanvar 2018 09:14
1 862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Ədalət Partiyasının sədri, sabiq baş prokuror İlyas İsmayılovla müsahibəni təqdim edir.

- İlyas müəllim, Türkiyənin Suriyada “Zeytun budağı” əməliyyatını necə şərh edərdiniz?

- Türkiyə öz təhlükəsizliyini qorumalıdır. Bunun üçün də ilk olaraq, terror təşkilatlarının qarşısını almalıdır. Hazırda Türkiyə bunu edir. Amerika Suriyada 30 minə yaxın kürd separatçılarını silahlandırıb və dəstəkləyir. Bu da Türkiyənin gələcəyi üçün böyük təhlükələr vəd edir. Türkiyə bu təhlükəni önləmək üçün tədbirlər görməyə başlayıb. Bu məsələnin müsbət tərəf odur ki, əksər dünya dövlətləri Türkiyənin addımlarını başa düşür. NATO-nun baş katibi açıq dedi ki, Türkiyə öz təhlükəsizliyini qorumalıdır. Mən Türkiyənin addımlarını müsbət hesab edirəm. Biz də bundan nəticə çıxarıb Dağlıq Qarabağı terrorçulardan təmizləməliyik.

- Ancaq ABŞ da deyir ki, Türkiyə İŞİD terror təşkilatını buraxıb PYD-nin arxasınca düşüb, atdığı addımlar Suriyanın şimalındakı mülki əhalinin təhlükəsizliyi üçün ciddi problemlər yaradır...

- Amerika elə deyəcək. Çünki Amerika bu terrorçulara silah verən, onları dəstəkləyən ölkədir. Amerika başqa nə deməlidir ki? Amerika tərəfinin bu səpkili açıqlamalarına fikir verməyin tərəfdarı deyiləm. Türkiyə təhlükəsizliyini təmin etmək üçün addımlarını atır və bu məsələdə haqlı tərəfdir.

- Prezident Ərdoğan və Tramp arasında telefon danışığı olsa da, sonradan tərəflər müzakirə edilən məsələlər mövzusunda bir-birini təkzib etdi. Sizcə, niyə?

- Hazırda Vaşinqton-Ankara münasibətlərində sərinlik müşahidə edilir. Amerika tərəfi son telefon danışıqlarının məzmununu dəyişərək, öz maraqlarına uyğunlaşdıraraq yayıb. Bu da əslində doğru bir iş deyil. Danışıqların mahiyyətini və məzmununu dəyişərək, yaymaq başadüşülən deyil.

- Sizcə, bu prosesin sonu necə olacaq?

- Son nəticə yaxşı olmalıdır. Hesab edirik ki, Türkiyə terror üzərində qalib gələcək.

- Ancaq Suriyanın Türkiyə ilə 900 kilometrlik sərhədi var. Bu sərhədləri Türkiyə təkbaşına qoruya bilərmi?

- Söhbət bu boyda sərhədi qorumaqdan getmir. Əsas şimal- qərbdə olan dəhlizi təmizləmək, Afrin və Menbic şəhərlərini terrorçulardan azad etməkdir. Üstəlik, bu şəhərlər terrorçulardan təmizləndikdən və təhlükəsizlik təmin olunduqdan sonra ərəbləri bura köçürəcəklər. Türkiyə istəyir ki, cənubunda terrorçular deyil, ona yaxşı münasibəti olan ərəblər, türkmanlar yaşasınlar.

- Türkiyə Afrin və Menbici terrorçulardan təmizləsə, bununla Türkiyənin təhlükəsizlik problemləri tam aradan qalxacaqmı?

- Problemlər həmişə var, amma bu dəhlizin bağlanması ilə bir çox problemlər həll ediləcək.

- Bu prosesdə Rusiyanın fəaliyyəti və mövqeyini necə qiymətləndirirsiniz?

- Hiss edilir ki, Rusiya terrorizmə qarşı mübarizədə Türkiyə ilə bir yerdədir.

- Amma Rusiya XİN hesab edir ki, Türkiyə Suriyada təhlükəli manevrlər edir...

- Kim nə deyir, desin. Əsas odur ki, Rusiya Türkiyənin mövqeyini başa düşür.

- Ancaq İran nədənsə başa düşmək istəmir...

- Diplomatiyada hər cür gediş ola bilər. Bu da başadüşüləndir. Ancaq Türkiyə “Zeytun budağı” əməliyyatına başlamazdan öncə İrana, Rusiyaya, Amerikaya və NATO-ya bu haqda məlumat vermişdi.

- Suriya Xarici İşlər Nazirliyi bəyan edib ki, Türkiyə ordusunun Suriya sərhədlərinə daxil olması işğal faktıdır və buna cavab veriləcək...

- Suriyada dövlət var ki, cavab da versin? Suriya tərəfi belə deməlidir və onu da başa düşmək lazımdır. Çünki Türkiyənin mübarizə apardığı terrorçular həm də Suriyanın vətəndaşlarıdır. Ancaq mənə elə gəlir ki, Suriyanın özü bu terrorçuların aradan qaldırılmasında maraqlı olmalıdır. Çünki böyük bir silahlı terror dəstəsi yaranıb və bu, Suriya dövlətçiliyi baxımından da ciddi təhlükə deməkdir.

- YPG/PYD Bəşər Əsədə müraciət edərək ordusunu Afrinə gətirməyi və kürdləri Türkiyədən müdafiə etməyə çağırıblar. Sizcə, bu, ciddi təhlükələrə səbəb ola bilərmi?

- Hesab edirəm ki, terrorçular özlərinə çıxış yolu axtarırlar, amma Bəşər Əsəd buna getməz. Üstəlik Əsədin nə qüvvəsi var ki, Türkiyəyə qarşı çıxsın? Ancaq aydındır ki, orada müəyyən qüvvələr var ki, vəziyyəti daha da gərginləşdirmək istəyirlər. Bu, xüsusilə, ABŞ-ın maraqlarına daha çox uyğun gəlir. Fikrimcə, proseslər bu istiqamətdə getməyəcək.

- Türkiyə Menbici də terrorçulardan təmizləmək istəyir. Bu şəhərdə isə Amerka hərbçiləri var. Bu baxımdan ABŞ-Türkiyə arasında daha ciddi qarşıdurma gözlənilirmi?

- Amerika əsgərləri olsun da. Bu, daha çox gələcəyin işidir. Əsas odur, Türkiyənin bu addımı göstərir ki, biz də Dağlıq Qarabağda, işğal edilən ərazilərimizdə antiterror əməliyyatları keçirə, ərazilərimizi terrorçulardan azad edə bilərik. ATƏT fakitiki olaraq uzun illərdir bu problemi həll edə bilməyib. Ümumiyyətlə, bu işlə ATƏT-in məşğul olması ermənilərin maraqlarına uyğundur. Hesab edirəm ki, bizim öz ərazilərimizdə belə bir əməliyyat aparmaq üçün imkanlarımız var və 2016-cı ilin aprelində cəbhədə baş verənlər buna bir misaldır.

- Ortada Rusiya faktoru da var...

- Rusiya özü çeçen terrorçuları məhv eləmədi? Biz neyləməliyik bəs? Üstəlik biz heç kimin torpağına hücum etmirik, öz ərazilərimizi terrorçulardan təmizləyirik. Buna da heç kim müdaxilə edə bilməz. Çünki bu həm də beynəlxalq hüququn tələbidir. Əlbəttə, Rusiyanın Ermənistanda hərbi bazası var, amma biz İrəvana hücum etmirik, öz torpaqlarımızı azad edirik. Dağlıq Qarabağdan savayı 7 rayonu işğal ediblər. Biz buna dözməliyik? Azərbaycanın bu addımı atması üçün imkanları, silahı var və 10 milyon əhali bu məsələdə eyni mövqedən çıxış edir.


Müəllif: Cavad

Oxşar xəbərlər