Azərbaycanın 20 nəfərlik media mənsubu paytaxt Tiflisdə gürcüstanlı həmkarları ilə görüşüblər
Gürcüstanın İdman və Gənclər nazirliyində baş tutan görüşdə Gürcüstanın idman və gənclər naziri Levan Kipiani, Regionlar Televiziyalar Assosiasiyasının sədri Natiya Kupraşvili, Gürcüstanın İdman və Gənclər Nazirliyin yanında Gənclər və Uşaq Fondunun sədri İrakli Jorjuaşvili və digərləri iştirak ediblər.
Gürcüstanın idman və gənclər naziri Levan Kipiani Azərbaycan xalqına son günlər cəbhədə Azərbaycan tərəfinin 13 şəhid verməsi ilə bağlı başsağlığı verib.
Nazir L.Kipiani şəhidlərin ailələrinə səbr diləyib.
İrakli Jorjuaşvili görüş və digər məsələlər barəsində danışıb.
Natiya Kupraşvili çıxışında Azərbaycan Gürcüstan əlaqələrindən söz açıb. İki ölkə arasında media münasibətlərinin inkişafı istiqamətində lazımi layihələrin həyata keçirilməsi üçün hər zaman hazır olduqlarını bildirib.
Gürcüstanda Azərbaycan Mədəniyyət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Nərgiz Əliyeva vurğulayıb ki, iki ölkənin mediası arasında əlaqələrin daha irəliyə aparılması vacibdir.
“Xalq” qəzetinin əməkdaşı Əfsanə Ələsgərli də Gürcüstan-Azərbaycan əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edib.
O, həmçinin əlavə edib ki, həm Gürcüstan, həm də Azərbaycan separatizmdən əziyyət çəkən ölkələrdir:
“Bu və digər məsələlər barəsində hər iki ölkə əhalisinə doğru informasiya çatdırmaq zəruridir. Bu səbəbdən də hər iki ölkənin mediası arasında əlaqələrin inkişaf etdirilməsi zəruridir və bu istiqamətdə addımlar atılmalıdır”.
Diaspor Jurnalistləri Birliyinin (DJB) idarə heyətinin üzvü, “Olaylar” qəzetinin əməkdaşı Süleyman İsmayılbəyli isə təkliflə çıxış edib.
O, Gürcüstan və Azərbaycan jurnalsitlərindən ibarət bir təşkilatın yaradılmasının əhəmiyyətli olduğunu önə çəkib.
Sonda isə DJB sədri, “Palitra” qəzetinin əməkdaşı Fuad Hüseynzadə görüşün təşkilinə görə, Azərbaycan Mədəniyyət Mərkəzinə, Gürcüstanın İdman və Gənclər Nazirliyinə, eləcə də gürcüstanlı jurnalistlərə təşəkkürünü bildirib.
publika.az