1 Fevral 2018 08:59
1 868
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kreml hesabatı” nədir və onu niyə qəbul ediblər?

2 avqust 2017-ci ildə ABŞ Prezidenti Donald Траmp Rusiyaya qarşı sanksiyaların tətbiq olunması barədə qanunu imzaladı. Sənəddə ABŞ-ın müvafiq qurumlarına 180 gün ərzində Rusiyanın yüksək çinli məmurları, oliqarxlar və dövlətə yaxın qurumların rəhbərlərinə dair siyahının hazırlanması tapşırılıb.

Yanvarın 29-da bu müddət başa çatdı və Maliyyə Nazirliyi Konqresə rusiyalı rəsmilərə yeni sanksiyalar tətbiqi üçün əsas ola bilən və şərti olaraq “Kreml hesabatı” adlandırılan sənədi təqdim etdi. Bununla yanaşı, Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Ноyеrt bəyan etdi ki, sanksiyalar tətbiq edilə də bilər, edilməyə də.

Sənəddə də birbaşa göstərilir; bu siyahıya daxil edilən fiziki və hüquqi şəxslərə heç bir sanksiya tətbiq olunmur. Ancaq əvvəlki sanksiya siyahısına daxil edilənlər istisnalıq təşkil edirlər.

ABŞ Maliyyə Nazirliyinin saytında adı hesabata daxil edilən 210 nəfərin siyahısı və sənədin gizli olmayan hissəsi dərc olunub. Onlardan 114-ü yüksək çinli məmurlar, 96 nəfəri isə dövlət şirkətlərinin rəhbərləri və oliqarxlardır.

“Siyahıya adları formal olaraq daxil edilən biznesmenlər heç nədə ittiham olunmurlar. Onlar sadəcə olaraq Rusiya Prezidenti Vladimir Putinlə tanışdırlar, ancaq reallıqda istənilən Qərb bankı və digər strukturları onlarla iş görməkdən qorxurlar. Onlar istənilən an Amerika dövlətinin düşməni elan oluna, onlara sanksiyalar tətbiq edilə və kreditorları çətin vəziyyətə salına bilər. “Hansı oliqarxın siyahıya daxil edilmədiyinə baxmaq lazımdır – bu, onların “verbovka” olunmasının, həm də həmin insanı ləkələmək istəyinin əlaməti ola bilər”, - bunu “Komsomolskaya pravda” radiosunun efirində Qloballaşma Problemi İnstitutunun direktoru, iqtisadçı Mixail Delyagin bildirib.

“Fiziki şəxslərə konkret sanksiyalar tətbiq olunmasa da, “Rusiyada kim kimdir” sorğu kitabçasının özü siqnalizasiya funksiyası daşıyır – qılınc zərbəsi hazır vəziyyətdədir və ola bilsin ondan yayınmaq mümükündür. Belə təəssürat yaranır ki, ABŞ fasilə götürüb”. Bunu isə politoloq Anton Xaşenko bildirir.

“Qarşımızda Vaşinqtondan “sonuncu Çin xəbərdarlığı” dayanır; siyasətinizi dəyişdirməsəniz ağır olacaq. Digər tərəfdən, ABŞ Maliyyə Nazirliyinin siyahısındakı oliqarxlar axmaq insanlar deyillər. Qərblə münasibətlərin pozulması nəticəsində xaricdəki aktivlərini real itirmək qorxusu qarşısında olanlar aktivlərini çoxdan başqa yurisdiksiyaya keçiriblər. Rusiyada olması vacib deyil – yeni təhlükəsiz limanlar Dubay, Honkonq, Seul ola bilər”, amerikaşünas Yaroslav Levin belə düşünür.

Hesabatın məxfi hissəsində nə ola bilər?

Hesabat mütləq məxfilik qrifi altında olmalıdır, onun nəşrinə icazə verilir, ancaq məxfi əlavəsi açıqlanmamalıdır.

Hesabatın açıq hissəsində yaxın qohumlar barədə məlumat yer almayıb, ancaq birmənalı şəkildə bildirilmişdi ki, onu hazırlayanların qarşısında yaxın qohumların aktivləri barədə məlumatın yer alması tələbi qoyulub. Bundan başqa, ailədaxili informasiyalarla bağlı məxfi hissədə digər fiqurlar – yüksək vəzifə tutan və varidatının həcmi milyard dollardan az olmayan şəxslər barədə məlumatların yer alması istisna olunmur.

Nabiullina, Qolikova və Çubays niyə kənarda qaldı?

Hazırda sosial şəbəkələrin Rusiya seqmentində, eləcə də Rusiyanın özünün sosial şəbəkələrində (Vkontakte, Odnoklassniki, Viber və sair) Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullinanın, Hesablama Palatasının sədri Tatyana Qolikovanın və “Rosnano”nun başçısı Anatoli Çubaysın adının niyə olmadığı müzakirə olunur. Onların Rusiya dövlətinə etibarsız olduqları iddiası irəli sürülür. “Qəribə məntiqdir. O səbəbdən ki, Çubaysı siyahıya daxil etmək üçün səbəb yoxdur – “Rosnano” heç bir fəaliyyət aparmır”, - amerikaşünas Dmitri Drobnitski bildirib.

“Onlar Qərbin sevimliləridir”

Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi rəhbəri Ruslan Qrunberq isə bununla razılaşmır. O düşünür ki, amerikalılar siyahı hazırlanarkən şəxsi simpatiya və antipatiyalarını əsas götürüblər. Məsələn, Tatyana Qolikovanın korrupsiyaya qarşı mübariz imici var. Onlar ona toxunmadılar. Elvira Nabiullina – ümumiyyətlə, Qərbin sevimlisidir. Onlar savadlı monetar siyasət yürütdüyü üçün onu tez-tez tərifləyirlər. Onlarda Kudrinə (Aleksey Kudrin, 2000-2011-ci illərdə Rusiya Federasiyasının maliyyə naziri – S.Həmid) və Çubaysa da rəğbət var. Bunlar o adamlardır ki, Rusiyada liberal dəyərlərin tərəfdarları hesab edilirlər”.

Hesabat niyə belə primitiv hazırlanıb və bunun üçün 180 gün lazım oldu?

“Siz güləcəksiz, lakin Maliyyə Nazirliyinin siyahısının birinci hissəsi demək olar ki, Kremlin saytının rəhbərlik bölməsinin eyni ardıcıllıqla təkrarıdır”, - deyə sosial şəbəkə istifadəçiləri bildirirlər.

“Oliqarxların siyahısını isə sadəcə “Forbes” jurnalının reytinqindən köçürüblər. Bu, hesabatın hansı keyfiyyətdə hazırlanmasına parlaq misaldır. Ola bilsin bu, qızğın fəaliyyətin imitasiyasıdır – ölkə daxilindəki və xaricdəki opponentlərə göstərir ki, Ağ Ev düşmənlərini üzdən tanıyır və onlara öldürücü sanksiyalaşdırılmış zərbə endirməyə hazırdır. Amma qeyri-müəyyən vaxtda”, - deyə “Sonar-2050” informasiya-analitik portalının şərhçisi Yevgeni Super güman edir.

Yeri gəlmişkən, bir maraqlı epizod da hesabat hazırlanarkən “xaltura” edilməsindən xəbər verir. Belə ki, adı “qara siyahı”ya salınmış Oleq Budurqin “Rosset”in başçısı kimi göstərilib. Halbuki, onu bu vəzifədə 2017-ci ilin sentyabrında Pavel Livinski əvəzləyib. Ancaq onun adı siyahıya daxil edilməyib.

Hesabat hansı nəticələri doğuracaq? Oliqarxlar Qərbə qaçacaq və ya əksinə, birləşəcəklər?

“Adları siyahıya daxil edilən şəxslər üçün bunun heç bir nəticəsi olmayacaq”. Moskvadakı Karnegi Mərkəzinin proqram direktoru Andrey Movçan buna əmindir. O əlavə edib ki, Mərkəzi Kəşfiyyat İdarəsi Konqresin tapşırığını yerinə yetirib:

“Bunun üçün onlar “Forbes” jurnalının 2015-ci ildəki siyahısından Rusiyanın ən varlı şəxslərini seçiblər. Üstəlik, açıq mənbələrdən hökumət üzvlərinin və Prezident Administrasiyası əməkdaşlarının adlarını götürüblər. Sənədin preambula hissəsində birbaşa göstərilir ki, bu siyahıya düşmək heç nəyə təsir göstərmir və bu insanlara heç bir təhlükə yoxdur”.

Rusiya nə cavab verəcək?

“Rusiya hesabata mütləq sərt reaksiya verməlidir, lakin simmetrik cavab vermək şərt deyil”. Bunu Dövlət Dumasının Xarici əlaqələr komitəsinin rəhbəri Leonid Slutski təklif edir. O qeyd edib ki, rusları qarşıdurmanın yeni səviyyəsinə keçməyə hazırkı Amerika elitasının nümayəndələri sövq edir:

“Siyahının özü – hansı ki bura bütün Rusiya rəhbərliyi daxildir – nəinki gələcək dialoqun mümkünlüyünü azaldır, həm də Rusiya-Amerika münasibətlərini qırılma təhlükəsi ilə üz-üzə qoyur”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər