6 Avqust 2014 19:13
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 8-dən 13-dək internet vasitəsilə aparılacaq

Azərbaycanda 33 623 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.

Bu barədə Teleqraf.com-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.


Qəbul olmuş abituriyentlərdən 29666 nəfəri Azərbaycan, 3957 nəfəri isə rus bölməsi üzrə təhsil alacaq. Abituriyentlərdən 16129 nəfərini oğlanlar, 17494 nəfərini qızlar təşkil edir.


Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 7-də «Abituriyent» jurnalının 7-ci sayında dərc olunacaqdır. Jurnalı abituriyent.az saytından da ödəniş etməklə sifariş etmək mümkündür.


Tələbə adı qazanmış şəxslər 2014-cü il avqustun 8-dən 18-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.


Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı avqustun 7-də “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.


Həmin yerlərə ixtisas seçimi avqustun 8-dən 13-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər (orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunmuşdur). Həmin jurnalı abituriyent.az saytından da ödəniş etməklə sifariş etmək olar.


Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini avqustun 6-da saat 18:30-da Komissiyanın internet saytında yerləşdirib.

Abituriyentlər yerləşdirmənin nəticələri barədə məlumatı mobil telefonla da öyrənə bilərlər. Bunun üçün abituriyentlərin öz iş nömrələrini (bütün mobil operatorlardan) 7727 nömrəsinə göndərmələri kifayətdir.


Ali təhsil müəssisələrinin müsabiqəsində 35 995 abituriyent iştirak edib.

/APA/


Müəllif: