BMT Təhlükəsizlik Şurasının Suriyada bir ay müddətinə atəşkəsin elan edilməsi və humanitar dəhlizin yaradılması barədə qərarı başa düşüləndir. Çünki Şərqi Quta neçə müddətdir ki, bombalanır və mülki insanlar arasında çoxlu sayda ölüm faktlarının olduğu haqda informasiyalar yayılır.
Bu fikirləri Teleqraf.com-a hüquq elmləri professoru, politoloq Rüstəm Məmmədov deyib.
R. Məmmədov əlavə edib ki, indi bu qərara istinad edərək Ankaradan da “Zeytun budağı” əməliyyatının məhdudlaşdırılması istənilir:
“BMT Təhlükəsizlik Şurasının qərarı məcburi xarakterlidir. BMT nizamnaməsinə görə, onun qərarını yerinə yetirməyən ölkə bu qurumun üzvlüyündən çıxarıla bilər. Odur ki, Türkiyə bu haqda düşünəcək və mövqeyini qətiləşdirəcək”.
R. Məmmədov əlavə edib ki, Türkiyə rəsmiləri tərəfindən verilən açıqlamadan hiss edilir ki, Afrin əməliyyatı dayandırılmayacaq:
“Mən hesab edirəm ki, Türkiyə Afrin əməliyyatını davam etdirə bilər. Çox güman ki, əməliyyat dayandırılmayacaq. Düzdür, BMT-nin qərarlarını icra etmək lazımdır. Ancaq iş ondadır ki, Amerikanın özü dəfələrlə BMT qərarlarına əməl etməyib. Eləcə də işğalçı Ermənistan Azərbaycan torpaqlarının azad edilməsi haqda BMT qətnamələrini yerinə yetirməyib”.