1 Mart 2018 08:44
2 699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada bir aylıq atəşkəs elan edilməsi haqda qərarı BMT Təhlükəsizlik Şurası verib. Təhlükəsizlik Şurasında Rusiya da, Amerika da təmsil olunur. Bu iki dövlətin həm də Suriyada hərbi mövcudluğu var.

Bunu politoloq Fərhad Mehdiyev Teleqraf.com-un “Türkiyə BMT Təhlükəsizlik Şurasının Suriyada atəşkəs qərarına əməl etməsə, hansı durumla qarşılaşa bilər” sualını cavablandırarkən deyib.

Politoloq deyir ki, Rusiya və Amerikanın Suriyada olan hərbi birləşmələri nəzəri baxımdan Azad Suriya Ordusuna və ya türk ordusuna qarşı hansısa addımlar ata bilməz:

“Məsələn, Türkiyənin hərbi təyyarəsini vura bilməzlər. Çünki bu, faktiki olaraq güc tətbiqidir. Güc tətbiqi isə BMT Təhlükəsizlik Şurasının qərarında göstərilməlidir. Qərarda qeyd edilməlidir ki, atəşkəs rejimini pozan tərəflərə məcburedici tədbirlər tətbiq oluna bilər. Ancaq BMT-nin sonuncu Suriya qərarında belə bir tələb yoxdur. Qərarda sadəcə olaraq Suriyada atəşkəs elan edilməsi göstərilir. Deməli, Türkiyə bu qərara əhəmiyyət verməsə, Suriya səmasında onun təyyarələrini vurmaq mümkün deyil”.

Politoloq hesab edir ki, sonrakı mərhələdə Ankaranın BMT Təhlükəsizlik Şurasının qərarını pozduğunu yenidən bu qurum gündəmə gətirə bilər və Türkiyəyə qarşı hansısa məcburedici tədbirlərin tətbiqi haqqında fikir səsləndirilə bilər:

“Ancaq belə bir qərarın çıxarılıb-çıxarılmaması başqa mövzudur. Hazırda Türkiyə Afrin əməliyyatını davam etdirərək BMT qərarını pozarsa, Ankaraya qarşı nəsə qəbul etmək çətin olar. Amma unutmayaq ki, bəzən böyük dövlətlər rəsmi prosedur əvəzinə, qeyri-rəsmi addımlara da əl atırlar. Məsələn, onlar kürd qruplarına məhdud sayda silah ötürərək, türk ordusuna qarşı istifadə etməsinə şərait yarada bilərlər. Amma tankı uzaqdan idarə edilən raketlə vurursunuzsa, sonradan tankın hansı raketlə vurulduğu bəlli olur. Yəni bilinir ki, bu raketi hansı dövlət istehsal edib. Bu halda ABŞ-ın kürd qruplarına silah ötürüb sonda ondan yayınması qeyri-mümkün olacaq. Amma bəsit şeylər ola bilər. Məsələn, türk tanklarının dinamik müdafiə sistemi yoxdur. Bu səbəbdən də tankların üzərindən kərpic kimi şeylər asırlar. Bu, bir növ RPQ-yə qarşı tankı qorumaq məqsədi daşıyır. Bununla türk tankını vursalar, bilinməyəcək ki, bu silahı kürdlərə kim verib. RPQ-ni isə əksər ölkələr istehsal edir. Demək istədiyim odur ki, Türkiyə BMT qərarını pozaraq, Afrində əməliyyatları davam etdirsə, ona qarşı heç nə edə bilməyəcəklər. Böyük ehtimalla türk ordusu da bu əməliyyatını davam etdirəcək”.

Fərhad Mehdiyev qeyd edib ki, Suriyada müharibə uzun çəkəcək:

“Türkiyə də hər zaman Suriyanın bu və ya digər ərazisinə müdaxilə edəcək. Hazırda Türkiyədə fövqəladə vəziyyət qüvvədədir. Bəzi dairələr də fövqəladə vəziyyətin vaxtını uzatmaq istəyir. Buna görə onlara müharibə lazımdır. Afrində əməliyyat başa çatsa belə, Türkiyə Suriyada başqa bir işə girişəcək. Bu da başadüşüləndir. İstisna etmək olmaz ki, Türkiyə nə zamansa Suriyadan çəkiləcək. Ancaq Türkiyə Suriyaya uzun müddətli sülh gələnə qədər orada öz varlığını davam etdirəcək. Türkiyənin Suriyadakı hərbi varlığı yalnız ölkə daxilində fövqəladə vəziyyəti uzatmaqla bağlı deyil. Türklər hesab edir ki, Amerika və Rusiya uzaqdan gəlib Suriyada iştirak edirsə, biz niyə orada olmayaq? Hesab edirlər ki, Türkiyə də Suriya prosesində iştirak etməlidir. Türkiyənin Suriyada belə əməliyyatlar keçirməsi sözsüz ki, ordunun döyüş vəziyyətində saxlanılması baxımından yaxşı addımdır, amma bunun büdcəyə gətirəcəyi müəyyən yük də olacaq. Əgər bu proses uzun sürərsə, iqtisadiyyata təsirsiz ötüşməyəcək. Reallıq isə odur ki, Türkiyə həm də qonşu dövlətin sərhədində onu düşmən hesab edən qüvvələrin güclənməsini istəmir və bunda haqlıdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər