15:42
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 15-də Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım ilə görüşüb.
Türkiyənin Baş naziri Binəli Yıldırıma Bakı Forumunda məzmunlu çıxışına görə minnətdarlıq edən Azərbaycanın Birinci vitse-prezidenti ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin nümunəvi olduğunu, Azərbaycanda bu münasibətlərə böyük hörmətlə yanaşıldığını bildirib. Azərbaycan və Türkiyənin bir-birini beynəlxalq qurumlarda dəstəklədiyini qeyd edən Mehriban Əliyeva Azərbaycan xalqının və dövlətinin bu dəstəyi hər zaman duyduğunu və yüksək qiymətləndirdiyini vurğulayıb. Birinci vitse-prezident hər iki ölkənin təşəbbüsü və dəstəyi ilə reallaşdırılan irimiqyaslı layihələrin həm region, həm də Avropa üçün önəmini diqqətə çatdırıb. Bildirib ki, bu layihələrin uğurunun təməlində dostluq və qardaşlıq münasibətləri dayanır. “Ölkələrimiz arasında bir çox sahələrdə uğurlu əlaqələr qurulub. Bu əlaqələr gündən-günə möhkəmlənir”, - deyən Mehriban Əliyeva qeyd etdi ki, birgə fəaliyyətimiz gələcəkdə də öz bəhrəsini verəcək. Azərbaycanın Birinci vitse-prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyənin ölkəmizin ədalətli mövqeyini müdafiə etməsinə və dünya ictimaiyyətinə çatdırmasına görə minnətdarlığını bildirib. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları və prinsipləri əsasında tezliklə həll olunacağına əminliyini ifadə edib. Mehriban Əliyeva Azərbaycan və Türkiyə xalqları arasında dostluq münasibətlərinə heç nəyin xələl gətirə bilməyəcəyini vurğulayıb.
Türkiyənin Baş naziri VI Qlobal Bakı Forumuna dəvətə görə təşəkkürünü bildirərək Azərbaycanın Türkiyə üçün qardaş və dost ölkə olduğunu bildirib. “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, - deyən Binəli Yıldırım qardaşlıq münasibətlərinin ildən-ilə daha da möhkəmləndiyini vurğulayıb. Bildirib ki, reallaşdırılan irimiqyaslı enerji və nəqliyyat layihələri həm iqtisadi gücümüzü artırır, həm də ölkələrin bir-birinə yaxınlaşmasına xidmət edir. Binəli Yıldırım qarşılıqlı sərmayə qoyuluşlarının önəmini vurğuladı, iş adamlarının fəaliyyətini yüksək qiymətləndirib. Türkiyənin Baş naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini bütün beynəlxalq qurumlarda hər zaman dəstəkləyəcəklərini söyləyib.
***
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 15-də İtaliya Senatının vitse-prezidenti xanım Linda Lanzilotta ilə görüşüb.
Görüşdə VI Qlobal Bakı Forumunun önəmi vurğulanıb, bu Forumda müzakirə olunan məsələlərin dünyada gedən proseslərə müsbət təsir göstərdiyi və ona marağın getdikcə daha da artdığı bildirilib. Tədbirin yüksək səviyyədə təşkil edildiyi bildirilərək, Forumun dünyanı narahat edən bir çox məsələləri müzakirə etmək üçün yaxşı platforma olduğu vurğulanıb.
***
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 15-də ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti xanım Marianna Vardinoyannis ilə görüşüb.
Görüşdə VI Bakı Qlobal Forumuna dünyanın bir çox ölkəsindən iştirakçıların qatıldığı diqqətə çatdırılıb və bunun tədbirə olan böyük marağın daha bir göstəricisi olduğu bildirilib.
Görüşdə Forumun artıq beynəlxalq platformaya çevrildiyi qeyd edilib, bu tədbir çərçivəsində müzakirə edilən mövzuların əhəmiyyəti vurğulanıb.