25 Mart 2018 20:40
1 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əliəsgər Vəliyev

Avropada özünü Azərbaycan iqtidarına müxalifət adlandıran 5-10 nəfərin prezident seçkisi öncəsi sosial şəbəkələrdə əxlaqdan, tərbiyədən uzaq, söyüş dolu ifadələrlə çıxışları ölkəmizə qarşı açıq düşmənçilik deməkdir. Bu, ilk növbədə, həmin insanların mahiyyətini və hansı mənəviyyata sahib olduqlarını ortaya qoyur. Söyüş ritorikasından yararlanaraq insanları ləkələmək, onlara hər cür böhtanlar atmaqla aşağılamağa çalışmaq əslində mənəviyyatsızlıq və siyasi yoxsulluq əlaməti sayılır. Bu gün Avropadan Bakıya ultimatum yağdıran dırnaqarası “soydaşlarımız”ın kiçik bir qrupu məhz bu pozucu yolu tutublar.

Avropada oturub heç bir “qırmızı xətt” gözləmədən, özlərini “azad adam” adlandıran, mahiyyətcə ölkəmizin milli maraqları əleyhinə sifariş yerinə yetirən bir qrup adamın çıxışları xəstə təxəyyülün məhsulu olmaqla yanaşı həm də hüquqi nihilizmin real göstəricisidir. Çünki bu şəxslərin ifadələrindən belə anlaşılır ki, onlar ölkə hüdudlarını tərk etdikdən sonra Azərbycan əleyhinə istənilən təxribat və öz millətinə nifrət, kin üzərində qurulan çıxışlarında tam azad olduqları düşüncəsindədirlər. Məhz bu üzdən etika, əxlaq, milli ruh hissi olmadan Azərbatcana qarşı düşmənçilik, böhtançılıq, təxribat elementləri bu qədər qabarıq nəzərə çarpır.

Bu bir həqiqətdir ki, Azərbaycan dövlətini təmsil edən şəxslərin heç biri öz opponentlərinin şərəf və ləyaqətinə toxuna biləcək leksikondan istifadə etmir. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan jurnalistlərinin Vll qurultayındakı çıxışında və facebookdakı statusunda xarici ölkələrdə məskunlaşmış bəzi soydaşlarımızı milli-mənəvi dəyərlərimizə, dövlət simvollarımıza hörmətlə yanaşmağa, yaşadıqları ölkələrin müsbət nümunələrini əxz edərək opponentlərinə qarşı yalan, şantaj, qeyri-etik və qeyri-əxlaqi davranış nümayiş etdirməməyə çağırıb.

Əslində müxalifət əxlaq, mənəviyyat normaları, demokratiyanın prinsipləri əsasında fəaliyyət göstərməli, ölkənin milli maraqları və dövlətçiliyin qorunmasını hər şeydən üstün tutmalıdır. Amma təəssüf ki, “siyasi mübarizə” apardığını iddia edən bəzi şəxslər Azərbaycan mentaliteti üçün yad üsullardan, qurşaqdan aşağı zərbə vurmaq üsullarından faydalanmaq kimi təhlükəli bir yol seçiblər. Elə bir yol ki, bu yoldan nə tarixdə, nə də çağdaş dövrümüzdə hətta ən qatı antiazərbaycan qüvvələri istifadə etmir. Sapı özümüzdən olan baltalar isə nəinki etik normativləri aşır, həm də sosial şəbəkələrdə çıxışlar edən zaman dövlət simvollarını, milli və hətta ailə dəyərlərini təhqir edir, bununla da Azərbaycan dövləti, xalqı qarşısında çox böyük mənəviyyatsızlıq göstərir, yaxın qohumlarını da hörmətsiz duruma salırlar.

Təbii ki, söyüş, əxlaqsızlıq olan yerdə heç bir siyasətdən, siyasi mübarizədən söhbət gedə bilməz. Belələri insanlara və insanlığa qarşı mənəvi terrorla, ətraf insanların, kütlənin diqqətini cəlb etməyə, guya tərəfdar toplamağa, “qəhrəmanlıq” etməyə çalışırlar. Əslində əxlaqa əsaslanmayan siyasət yolverilməzdir. Siyasətçi öz fəaliyyətində norma, qanun və əxlaq prinsiplərini rəhbər tutmağa borcludur. Avropadakı 5-10 nəfərlik “müxalifət”in çıxış və hərəkətlərinin normal siyasi mübarizəyə heç bir aidiyyatı yoxdur. Bunlar sadəcə, ermənilərdən, ölkəmizi istəməyənlərdən maliyyələşir, siyasi mübarizəni məişət konflikti səviyyəsinə endirir, gündəlik işlərini dövlət adamlarına, milli maraqlarımıza qarşı çıxmaq, hər cür şər-böhtana əl atmaq, dövləti sevən vicdanlı insanları ləkələmək, şərəfsiz yollarla kütlə arasında xaos yaratmaqdan ibarət hesab edirlər. Əxlaqsız siyasət həmişə və hər yerdə varlanma və ya diktat məqsədi güdür.

Əxlaqi siyasətin məqsədi isə demokratiyanın təntənəsi, milli konfliktlərin aradan qaldırılması, iqtisadi inkişafın təminatı, ölkənin əhalisinin rifahının yaxşılaşdırılması və tərəqqisi olur. Bu bir aksiomdur ki, müasir dövrün əsas əxlaqi prinsipləri “öldürmək olmaz”, “yalan danışma”, “böhtan atma”, “söyüş söymə”, “başqalarını ləkələmə”, “insanlara kömək et” kimi məsələləri özündə ehtiva etdiyi halda, əxlaqi təməli olmayan davranış və çıxışların gələcəyi yoxdur.

Söyüş söymək insanların emosional vəziyyəti, bir növ psixoloji problemləri ilə birbaşa bağlıdır. Bu metoddan istifadə edənlər heç vaxt cəmiyyət tərəfindən qəbul edilmir. Əslində elə onların müəyyən saxta yollarla, qanunsuz sənədlərlə Avropaya getmələri də əxlaqsızlıqlarına görə ölkə daxilində özlərinə yer tapa bilməmələrilə bağlıdır. Çünki bu “əxlaq”ın sahibləri üçün cəmiyyətdə yer tutmaq və perspektivə hesablanmış addımlar atmaq mümkünsüz görünür. Əlbəttə, bu fikri xaricdəki bütün soydaşlarımız haqqında söyləmək olmaz.

Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun qeyd etdiyi kimi, Avropada yüz mindən çox azərbaycanlı məskunlaşıb, onların 15-20 min nəfəri fəaldır və ölkəmizin maraqlarını həmişə müdafiə edirlər. Hazırda söhbət müxtəlif saxta yollarla Avropada siyasi sığınacaq almış və anti-Azərbaycan fəaliyyəti ilə məşğul olan beş-on nəfərdən gedir. Onlar iki əlin barmaqları ilə sayılacaq qədərdir...

Azərbaycanı söyməklə Avropada komfortlu yaşayışı təmin etmək, İŞİD-in virtual versiyasını yaradaraq Vətəninə qarşı savaş açmaq insanlıq simasını itirmək deməkdir...

Yeri gəlmişkən, İslam dininə də əsasən, söyüş söymək qəti qadağandır. Bir insanın (kim olursa, olsun) namusuna, millətinə, şəxsiyyətinə və ailə üzvlərinə söymək olmaz. Ümumiyyətlə heç kəsə qarşı təhqirə yolverməkolmaz. Həzrəti Muhəmməd peyğəmbər bildirirdi ki, bir müsəlmana söymək ağır bir günah, onunla döyüşməyə təşəbbüs etmək isə küfrdür. Allahdan qorxmayan, Yaradan qarşısında cavabdehlik hiss etməyən insanın cəmiyyət önündə də məsuliyyətli davranması mümkün deyil. Zaman, tarix bunu sübut edib.

Beləliklə, kimliyindən asılı olmayaraq ölkəmizə, dövlət simvollarına və dövləti təmsil edən şəxslərə qarşı söyüşlə danışan insanlar qınaq obyektinə çevrilməli, onlara belə bir imkan tanınmamalıdır. Belələrinə qarşı ən sərt tədbirlər görülməsi üçün hüquqi və digər yollardan istifadə oluna bilər. Bəlkə də bunlara baş qoşmağa dəyməz. Amma faktiki olaraq Azərbaycanda Avropanın hər hansı ölkəsinin dövləti təmsil edən şəxslərinə qarşı sistemli olaraq təhqiramiz hərəkətlərə, kampaniyalara yol verilərsə, bu, təbii olaraq ilk növbədə həmin ölkənin buradakı diplomatik nümayəndəliyinin reaksiyasına səbəb ola bilər.

Bu baxımdan, Almaniyada, yaxud Avropanın qanunlara hörmət edən hər hansı digər ölkəsində Azərbaycan dövləti əleyhinə açıq savaş açan adamların cəzalandırılması zəruridir. Düzdür, bu, erməni lobbisinin, ölkəmizi istəməyən, anti-Azərbaycan mövqeli insanları maliyyələşdirənlərin dırnaqrası “səyləri” nəticəsində asan olmayacaq. Ancaq Vətəni, özlərini, yaxınlarını satdıqlarını öz dillərilə bəyan edən bu adamlar hansısa formada etdiklərinin qarşılığını almaq üçün əllərindən gələni edirlər. Bu gün Rusiyada prezident seçkisindən sonra Vladimir Putin əleyhinə çox güclü dairələr tərəfindən həm xaricdə, həm də daxildə mübarizə gedir. Amma onların heç biri təhqir və söyüş yolu tutmayıb. Təhqir və söyüşlə siyasi mübarizə apardıqlarını iddia edənlər hər cür rəzalətə və zibilliyə atılmağa məhkumdurlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər