13:36
2016-cı ildən başlayaraq Azərbaycanda pambıqçılığa çox ciddi dövlət dəstəyi göstərilir və nəticələr də göz qabağındadır. Qısa müddət ərzində pambıqçılığın sürətli inkişafına nail ola bilmişik. Demək olar ki, biz pambıqçılığı Azərbaycanda bərpa edirik.
Teleqraf.com-un xəbərinə görə, bunu prezident İlham Əliyev Bərdədə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxış edərkən deyib.
Dövlət başçısı 2016-cı ildə Sabirabad şəhərində, keçən il isə martın sonunda Saatlı şəhərində müşavirələr keçirildiyini xatırladıb.
"Bu müşavirələrdə verilən tapşırıqlar yerinə yetirilir. Biz bu tapşırıqların yerinə yetirilməsi nəticəsində gözəl nailiyyətlərə də çata bilmişik. Bu gün isə pambıqçılığa dair üçüncü müşavirə Bərdə şəhərində keçirilir. Bərdənin pambıqçılıqda çox böyük ənənələri var. 1970-1980-ci illərdə Bərdə Azərbaycanın ən çox pambıq tədarük edən rayonlarından biri idi. Bərdəlilər yaxşı bilirlər ki, ulu öndər Heydər Əliyev bu sahəyə çox ciddi diqqət göstərirdi və dəfələrlə Bərdədə olmuşdur. Bərdədə pambıqçılıqla bağlı dəfələrlə zona müşavirələri keçirilmişdir. O illərdə Bərdədə pambığın tədarükü 120 min tona çatmışdır", - deyə dövlət başçısı çıxışında bildirib.
Prezident İlham Əliyev əlavə edib ki, Bərdə uğurla inkişaf edir: "Mən prezident kimi dəfələrlə Bərdə rayonunda olmuşam. Bu, mənim prezident kimi Bərdəyə altıncı səfərimdir. Bütün səfərlərdə verilən tapşırıqlar və onların icrası nəticəsində biz Bərdə rayonunda çox ciddi sosial-iqtisadi inkişafa nail ola bilmişik. Rayon uğurla inkişaf edir, abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Bərdə şəhəri gözəlləşir. Kəndlərdə də infrastruktur, yol infrastrukturu yaradılır. Bir neçə yol layihəsi icra edilmişdir. Dünən biz bir kənd yolu layihəsinin açılışını qeyd etdik. Yeni yol layihəsinin icrası ilə bağlı əlavə tədbirlər görüləcək. Digər infrastruktur layihələri uğurla icra edilir. Bərdədə qazlaşdırma 100 faizə yaxınlaşır və demək olar ki, kəndlərin hamısı artıq qaz şəbəkəsi ilə təmin edilib. Bir neçə kənd qalıb ki, oraya da qazın verilməsi nəticəsində Bərdədə vətəndaşlar təbii qazla 100 faiz təmin olunacaqlar.
Elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Digər məsələlər öz həllini tapır, sosial infrastruktur yaradılır, bir çox məktəb tikilmişdir. Qarabağ bölgəsində birinci “ASAN xidmət” mərkəzi də məhz Bərdədə yaradılmışdır. Digər sosialyönümlü layihələr icra edilmişdir, Olimpiya Mərkəzi, Müalicə Diaqnostika Mərkəzi, uşaq xəstəxanası tikilmişdir. Yəni, bərdəlilər bütün bu işləri yaxşı bilirlər, bu işlərin fəal iştirakçılarıdırlar. Dövlət tərəfindən bundan sonra da Bərdə rayonunun inkişafına böyük diqqət göstəriləcək. O cümlədən Bərdədə kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlərin görülməsi nəzərdə tutulur".
***
13:54
"Kənd təsərrüfatının inkişafında pambıqçılıq xüsusi əhəmiyyət daşıyır".
Bunu prezident İlham Əliyev Bərdədə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxış edərkən deyib. Dövlət başçısı bildirib ki, 1970-1980-ci illərdə Azərbaycanda məhz pambıqçılığa çox böyük diqqət göstərilirdi və o vaxt əkin sahələrinin 22 faizi pambıqçılığa ayrılmışdı.
"Əlbəttə ki, ondan sonrakı dövrdə biz daha çox ərzaq təhlükəsizliyi məsələləri ilə məşğul olmağa başladıq və pambıqçılığın əkin sahələri azaldı. Biz bu gün bu barədə danışacağıq. Ancaq son iki il ərzində pambıqçılığın bərpası istiqamətində görülən işlər bir daha onu göstərir ki, bu sahənin çox böyük gələcəyi var. Zəhmətkeşlər, fermerlər üçün bunun çox böyük gəliri var. Ölkə iqtisadiyyatı üçün də böyük faydası var", - deyə prezident İlham Əliyev əlavə edib.
Eyni zamanda, müstəqilliyimizin ilk illərində ölkə qarşısında o qədər ciddi problemlər durmuşdu ki, əlbəttə, pambıqçılığa həm maddi cəhətdən, həm vaxt baxımından diqqət ayırmaq prioritet məsələ deyildi. Ölkə çox ciddi çağırışlarla üzləşmişdi, böyük təhlükələr mövcud idi. 1990-cı illərdə sabitliyin bərpası, Azərbaycana böyük həcmdə investisiyanın cəlb edilməsi, Azərbaycanı hərtərəfli inkişaf etdirmək üçün əsas vasitə kimi neft strategiyamızın uğurla icrası – bütün bunlar idi prioritet məsələlər".
***
“Son illər ərzində biz kənd təsərrüfatının inkişafı, xüsusilə ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı çox böyük nailiyyətlərə imza atmışıq”.
Bunu prezident İlham Əliyev Bərdədə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxış edərkən deyib. Ölkə başçısı qeyd edib ki, bizim son illər ərzində əsas vəzifəmiz ərzaq təhlükəsizliyi məsələləri idi:
“Çünki sovet vaxtında Azərbaycanda pambıq, üzüm, meyvə-tərəvəz istehsal olunurdu, ancaq əsas ərzaq məhsulları başqa respublikalardan gəlirdi. Ona görə, biz ilk növbədə daxili tələbatı yerli məhsullarla təmin etmək üçün işləyirdik, çalışırdıq, investisiyalar qoyulurdu. Hesab edirəm ki, ərzaq təhlükəsizliyi məsələlərinin həllində çox ciddi uğurlara nail olmuşuq. Bu gün biz ərzaq təhlükəsizliyini şərtləndirən əsas sahələr üzrə ya özümüzü tam təmin edirik, ya da ki, bu hədəfə çox yaxınıq. Ət istehsalı təxminən 100 faizə yaxındır, Azərbaycan özünü təmin edir. Süd istehsalı təqribən 80-85 faizdir. Toyuq əti istehsalı yaxın bir-iki ilə 100 faizə çatacaq və böyük ixrac potensialı yaradılacaq. Yumurta istehsalı - biz indi nəinki özümüzü təmin edirik, həm də ixrac edirik. Yəni, bu sahələr prioritet idi. Texniki bitkilər diqqətdən kənarda qalmışdı. Yenə də demək istəyirəm, bunun bir neçə səbəbi var. O cümlədən səbəblərdən biri də o idi ki, hesab olunurdu fermerlər özləri bilər nə əkər, nə biçər. Bu sahəyə böyük dövlət dəstəyi də göstərilmirdi. O ki qaldı, pambıqçılıqla məşğul olan özəl şirkətlərə, onlar da lazımi səylər göstərməmişlər, pambıqçılığa lazımi səviyyədə fikir verməmişlər, lazımi həcmdə sərmayə qoymamışlar və tədricən Azərbaycanda pambıqçılıq məhv olub gedib. Statistik göstəricilərə baxmaq kifayətdir görək ki, 2015-ci il pambıqçılıq tarixində ən acınacaqlı il olub. Cəmi 18 min hektarda pambıq əkilib və cəmi 35 min ton pambıq tədarük edilib. 2015-ci ilin sonlarından etibarən biz bu məsələ ilə ciddi məşğul olmağa başladıq. Qeyd etdiyim kimi 2016-2017-ci illərdə müşavirələr keçirildi. 2017-ci ildə pambıqçılığın inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edildi, biz bu işlərlə planlı şəkildə məşğul olmağa başladıq və bu gün gözəl nəticələr haqqında danışa bilərik. İki il ərzində Azərbaycanda pambığın tədarükü 35 min tondan 207 min tona çatmışdır. Yəni, biz iki il ərzində pambığın yığımını altı dəfə artıra bilmişik. Bu da son hədd deyil. Bu gün biz gələcəkdə pambığın tədarükünü artırmaq üçün görüləcək işlər haqqında danışacağıq”.
Dövlət başçısı əlavə edib ki, dövlət xətti ilə böyük həcmdə müasir texnika alınıb: “500-ə yaxın pambıqyığan kombayn, - onların böyük hissəsi artıq alınıb. Digər texnika - Azərbaycanda istehsal olunan traktorlar, eyni zamanda, xarici texnika, qoşqular. Dünən mən Bərdədə də texnikanın bir hissəsi ilə tanış olmuşam. Bu məqsədlər üçün böyük vəsait ayrılır. Gübrə ilə təminat yaxşılaşır. Azərbaycan dövləti bu sahəni də demək olar ki, öz üzərinə götürüb, 70 faiz güzəştlə gübrələr verilir. Bu sahədə əldə edilmiş uğurlara baxmayaraq, biz daha da ciddi işləməliyik. Gübrələrin keyfiyyəti daha yaxşı olmalıdır, bu sahəyə də böyük diqqət göstərilir.
Son illərdə meliorasiya sahəsində böyük layihələr icra edilmişdir. On minlərlə hektar torpaqda meliorativ tədbirlər görülüb. O cümlədən, Bərdə rayonunda və digər rayonlarda bu sahəyə də çox böyük vəsait ayrılıb və digər kompleks tədbirlər görülüb. Pambıqçılığın inkişafı ilə bağlı mərkəzləşdirilmiş idarəetmə sistemi yaradılıb. Prezident Administrasiyası, yerli icra orqanları, şirkətlər, fermerlər, zəhmətkeşlər artıq bir nöqtəyə vuraraq yaxşı nəticələrə imza atıblar. İki il ərzində əldə edilmiş rəqəmlər bunun ən yaxşı göstəricisidir. Pambıqçılıq əmək tutumlu sahədir. Biz pambıqçılığın inkişafı ilə bağlı, eyni zamanda, on minlərlə yeni iş yeri yaratdıq. Bütövlükdə son illərdə pambıqçılıqla məşğul olan insanların sayı 200 minə yaxınlaşır. Bu insanların böyük əksəriyyəti işləmirdi, ancaq bu gün işlə təmin olunurlar. Əlbəttə ki, bu, xüsusən bölgələrdə işsizliyin aradan qaldırılması istiqamətində çox ciddi sosial sahədir. Mən əvvəlki çıxışlarımda da bunu qeyd etmişəm, bu gün də qeyd etmək istəyirəm, bizim üçün pambıqçılığın inkişafında əldə edilmiş nəticələr arasında məhz sosial amil ön plandadır. İş yerlərinin yaradılması əsas vəzifəmizdir, biz buna da nail ola bilmişik.
Eyni zamanda, pambıqçılıq çox gəlirli sahədir və yaxşı gəlir gətirir. Pambıqçılıq ixracyönümlü sahədir. İxrac üçün bazarları axtarmağa ehtiyac qalmır, birjalarda satılır. Pambıqçılıq emal sənayesinə böyük təkan verir. İndi pambıqtəmizləmə zavodları işləyir. Onların əlbəttə ki, daha da böyük səmərə ilə işləməsi haqqında danışacağıq. Ancaq bu sahəyə də təkan verildi. Eyni zamanda, bunun yerli istehsala böyük dəstəyi oldu. Çünki biz indi özümüz həm pestisid istehsal edirik, Azərbaycanda heç vaxt pestisid istehsal olunmurdu. Keçən ildən başlayaraq pestisid istehsal etməyə başlamışıq. Bu il Sumqayıtda böyük gübrə zavodu fəaliyyətə başlayacaq. Özümüzü gübrələrlə təmin edəcəyik. Artıq Azərbaycanda suvarma texnikasının istehsalı təşkil olunub. Bu texnikanın istifadəsi nəticəsində biz məhsuldarlığı artıra bilərik. Mingəçevir şəhərində Yüngül Sənaye Parkı yaradılmışdır. Mən bu barədə əvvəlki müşavirələrdə öz sözlərimi demişəm, fikirlərimi bildirmişəm. Bütün lazımi tapşırıqlar verilmişdir. Bu ilin fevral ayında Mingəçevirdə Yüngül Sənaye Parkının iki yeni müəssisəsi fəaliyyətə başlamışdır. O müəssisələrdə 700-dən çox insan işləyir və 20 min ton iplik istehsal olunacaq. Bu da əvvəlki dövrdə istehsal olunan ipliyin demək olar ki, yarısıdır. Əgər Azərbaycanda pambıqçılıq sürətlə inkişaf etməsəydi, bu müəssisələrə də ehtiyac qalmazdı. Çünki bu fabriklər ancaq daxili xammal əsasında uğurla fəaliyyət göstərə bilər.
Yəni, görün pambıqçılığın ölkə iqtisadiyyatı üçün nə qədər böyük faydası var - ilk növbədə, məşğulluq, ölkəmizə valyuta gətirir, qeyri-neft sektorunu, qeyri-neft sənayesini inkişaf etdirir, yerli istehsala təkan verir, nəinki pambıqçılıq rayonlarında, digər rayonlarda da iş yerləri yaradır. Azərbaycan bu gün pambıqçılıqla bağlı inkişaf templərinə görə dünyada lider ölkədir. İnanmıram dünyada ikinci ölkə tapılsın ki, iki il ərzində pambıq tədarükünü altı dəfədən çox artıra bilsin”.
Prezident İlham Əliyev qeyd edib ki, biz bütün bunlara məqsədyönlü tədbirlər nəticəsində nail olmuşuq: “Bir daha demək istəyirəm, əgər pambıqçılığa dövlət dəstəyi göstərilməsəydi, biz buna nail ola bilməzdik, 2015-ci ildə 35 min ton, bu il bəlkə də 20 min ton pambıq yığılardı-yığılmazdı, bu da bəlli deyil. Beləliklə, pambıqçılıq tamamilə məhv olub gedəcəkdi. Biz isə buna imkan vermədik. Pambıqçılığı qoruduq, bərpa etdik və bərpa edəcəyik.
Bugünkü müşavirədə həm görülmüş işlərlə bağlı məlumatlar səslənəcək, həm də görüləcək işlərdən danışacağıq. Qeyd etməliyəm ki, növbəti illərdə bizim əsas vəzifəmiz məhsuldarlığı artırmaq olacaq. Çünki keçən ilin təcrübəsi göstərir ki, böyük irəliləyiş var. 2016-cı ildə təqribən 90 min tona yaxın pambıq yığılmışdır, keçən il 207 min ton. Baxmayaraq ki, böyük həcmdə məhsul götürmüşük, ancaq hektardan məhsuldarlıq lazımi səviyyədə deyil. Bərdə rayonunda çox yaxşı səviyyədədir, 26 sentnerdən çoxdur. Lakin bəzi rayonlarda çox aşağıdır. Bunun səbəbləri təhlil edilir və edilməlidir ki, buraxılan nöqsanlara gələcəkdə yol verilməsin, məhsuldarlıq daha da yüksək olsun”.
***
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İSAYEV çıxış edərək deyib:
"Möhtərəm cənab Prezident.
Pambıqçılığın inkişafı ilə bağlı bugünkü müşavirənin Bərdədə keçirilməsinə görə bütün rayon əhalisi adından Sizə dərin minnətdarlığımızı bildiririk. Bizim üçün çox əlamətdardır ki, bu il respublika üzrə pambıq çiyidi səpininə Sizin iştirakınızla ilk olaraq Bərdədən başlandı. Bu, bizə daha yaxşı işləmək üçün əlavə stimul verəcək.
Qədirbilən Bərdə əməkçiləri minnətdarlıqla xatırlayırlar ki, ulu öndər Heydər Əliyev keçən 70-80-ci illərdə bu zalda pambıqçılıqla bağlı 8 müşavirə keçirib və o dövrdə pambıqçılığın inkişafına səbəb olmuş bir çox mühüm məsələlər burada müzakirə edilib.
Sevindirici haldır ki, Siz də bu ənənəni davam etdirir, Azərbaycanda pambıqçılığın inkişafına böyük önəm verirsiniz.
Sizin Sərəncamınızla təsdiq edilmiş “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsinə əlavə təkan verib.
Bərdəlilər Sizin pambıqçılığa verdiyiniz önəmə, göstərilən dövlət qayğısına cavab olaraq ilk gündən bu işə səfərbər olublar. Bu gün pambıqçılığa qayıdış kəndlərimizə yeni nəfəs gətirib, insanlarda yüksək əhval-ruhiyyə yaradıb.
Ötən il rayonda 8518 hektar - əvvəlki ildəkindən üç dəfə çox pambıq əkilib. 2017-ci ildə isə 22 min 400 ton, yəni, əvvəlki illə müqayisədə 3 dəfə çox pambıq tədarük edilib. Ötən təsərrüfat ilində ümumi məhsuldarlıq 26,3 sentner olub.
Keçən il rayonda pambıqçılığın inkişafı hesabına 8 mindən çox sakinimiz işlə təmin edilib, fermerlərə istehsal olunmuş pambığa görə 11,2 milyon manat vəsait ödənilib. Əlavə olaraq istehsalçılara son məhsula görə 2,3 milyon manat subsidiya veriləcəkdir. Ötən təsərrüfat ilində hər hektardan 40-45 sentner yüksək məhsuldarlıq əldə edərək təkcə pambıq istehsalından 70-80, hətta 120 min manatdan yuxarı real qazanc əldə edən fermerlərimiz olub.
Möhtərəm cənab Prezident, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının 4-cü ilinin yekunlarına həsr olunan konfransda Sizin pambıqçılığı intensiv yollarla inkişaf etdirməklə bağlı söylədiyiniz fikirlər bizim üçün əsas istiqamət olub. Pambıqçılıqda intensiv inkişafa nail olunmasında keyfiyyətli toxum, gübrə və pestisidlərlə təminat, texnikaya olan tələbatın ödənilməsi, suvarma məsələləri həlledici rol oynayır. Bununla bağlı hər bir fermerə lazımi şərait yaradılmalıdır. Açığını deməliyik ki, fermerlər hələ də bir sıra problemlərlə rastlaşırlar. Ötən il pambıq çiyidinin və ziyanvericilərə qarşı mübarizə üçün tətbiq edilən pestisidlərin keyfiyyətinin bəzi hallarda aşağı olması fermerlərimizə daha yüksək nəticələr əldə etməyə imkan verməyib. Toxumun keyfiyyətsiz olması səbəbindən 360 hektar sahədə təkrar səpin aparılıb. Pestisidlərin, mineral gübrələrin də keyfiyyətinin aşağı olması, bununla belə onların dəyərinə tətbiq edilən güzəştlərin yuxarı həddinin az olması pambıq istehsalçılarına xeyli ziyan vurub. Fermerlər tərəfindən 582 hektar sahədə ziyanvericilərə qarşı mübarizə aparmaq üçün 2-3 dəfə dərman vurulmasına baxmayaraq, onların təsiri çox az olub.
Sizin “Bitkiçilikdə intensiv inkişafın təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamınızla istehsalçılara satılan mineral gübrələrin əkin sahələrinin hər hektarına görə satış qiymətinə tətbiq edilən güzəştin 50 faiz, pestisidlərin satış qiymətinə tətbiq edilən güzəştin məbləğinin isə 5 dəfə artırılması fermerlərin ürəyincə olub.
Sovetlər dövründə pambıq əkini dövlətin tapşırığı, planı idisə, indi dövlət tərəfindən yaradılan şərait, pambıqçılığın inkişafı ilə bağlı qəbul edilmiş qərarlar insanların bu sahəyə maraqlarını artırmaqla intensiv inkişafı labüd edib, onlara daha çox gəlir əldə etmək imkanları yaradıb. Siz, həmçinin pambıqçılığın intensiv inkişafını şərtləndirən əsas amillərdən biri olan kompleks yanaşmanı təmin edirsiniz. Ötən ay Mingəçevir Sənaye Parkının ərazisində açılışını etdiyiniz iki iplik istehsalı fabriki yerli xammaldan istifadə etməklə sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı kimi önəmli sahələrin birgə inkişafına kompleks yanaşmanın bariz nümunəsidir.
Sevindirici haldır ki, hərtərəfli dövlət qayğısını, əməyinin nəticəsini görən rayon pambıqçıları bu il keçən ildəkindən 1130 hektar artıq - 9630 hektar sahədə pambıq əkilməsi üçün müqavilə bağlayıb, həmin sahələrdə şum və arat işləri aparılıb və dünən Sizin iştirakınızla ilk səpinə başlanılıb.
Cənab Prezident, fürsətdən istifadə edib “Əmək” ordeni ilə təltif olunmağıma görə Sizə dərin minnətdarlığımızı bildiririk və bu mükafatı rayonumuzun bütün zəhmətkeşlərinin əməyinə verilən böyük qiymət hesab edirik.
Sizin qarşıya qoyduğunuz vəzifələr vacib olduğu qədər də məsuliyyətlidir. Bərdəlilər adından Sizi əmin edirəm ki, bu vəzifələrin yerinə yetirilməsi üçün bundan sonra da var qüvvə ilə çalışacağıq.
Diqqətinizə görə sağ olun".
***
“MKT İstehsalat Kommersiya” MMC-nin baş direktorunun müavini Rövşən HƏSƏNOV çıxış edərək deyib:
"Möhtərəm cənab Prezident.
Son illər qeyri-neft sektorunun və xüsusilə kənd təsərrüfatının inkişafında yeni mərhələ başlayıb. Bu, cənab Prezident, Sizin rəhbərliyinizlə aparılan ölkə iqtisadiyyatının şaxələndirilməsi hesabına qeyri-neft sektorunun və regionların inkişaf etdirilməsi siyasətinin məntiqi nəticəsidir. İnsanların torpağa qayıdışı, aqrar sahədəki canlanma Sizin yüksək diqqət və qayğınızın, həyata keçirdiyiniz düzgün sosial-iqtisadi islahatların təzahürüdür.
Aqrar sektorun strateji və ölkəyə valyuta gətirən mühüm sahələrindən biri olan pambıqçılığın inkişafı ilə bağlı aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq imzalanmış fərman və sərəncamlar, pambıqçılığın inkişafı məsələlərinə dair keçirilmiş respublika müşavirələri, qəbul olunmuş Dövlət Proqramı, bu sahə üzrə müxtəlif dəstək və təşviq mexanizmlərinin tətbiqi pambıqçılığın inkişafı üçün əlverişli şərait yaradıb.
Respublikada 2017-ci ildə 135 min hektardan artıq, o cümlədən “MKT İstehsalat Kommersiya” MMC üzrə 70 min 563 hektar sahədə pambıq əkini üzrə çıxış alınıb, ölkə üzrə kondisiya şəklində çəkidə 207 min tondan artıq, o cümlədən cəmiyyətimiz üzrə 130 min 679 ton xam pambıq tədarük edilib.
Tədarük edilmiş xam pambığın 114 min tonu artıq emal olunub, 45 min ton mahlıc, 55 min ton çiyid, 1540 ton köməkçi məhsullar alınıb. Bundan əlavə, cəmiyyətimizin istehsal müəssisələrində 3300 ton pambıq ipliyi, 3 min ton rafinə olunmuş pambıq yağı və 22 min ton jmıx istehsal olunub.
2017-ci ildə istehsal olunan məhsullardan yerli istehsal tələbatı daxil olmaqla 26 milyon ABŞ dolları dəyərində mal satılıb ki, bunun da 17,7 milyon dolları ixracın payına düşür. Hazırda məhsulların istehsal və satış prosesi davam edir.
Möhtərəm cənab Prezident, pambıqçılığa göstərdiyiniz xüsusi diqqət və qayğı kənd təsərrüfatının əməktutumlu və ölkəmiz üçün ənənəvi olan bu sahəsinin sürətli inkişafına təkan verib, çox qısa bir müddətdə respublika üzrə pambıq əkini sahələri 18 min 800 hektardan 140 min hektara çıxarılıb. Pambıq əkininə verilən subsidiyalar, gübrə və pestisidlərin istifadəsinə tətbiq olunan güzəştlər, “Aqrolizinq” ASC tərəfindən texnikaların güzəştli şərtlərlə satılması, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli şərtlərlə ayrılan kreditlər bu sahənin inkişafına müsbət təsirini göstərib. Cari mövsümdə pambığın alış qiymətinin hər kiloqram üçün 0,10 AZN artırılaraq 0,60 AZN-ə çatdırılması, gübrələrə verilən güzəştlərin hər hektara 50 faiz, pestisidlərə verilən güzəştlərin isə 5 dəfə artırılması pambıqçıları sevindirib, bu sahəni daha gəlirli və fermerlər üçün cəlbedici edib.
Bu il cəmiyyətimiz tərəfindən 1816 hektarda buğda, 762 hektarda arpa əkilib, 50 min hektaradək sahədə pambıq əkini nəzərdə tutulub və bu istiqamətdə işlərə başlanılıb. Belə ki, cəmiyyətimizə məxsus 5056 hektar sahədə pambıq əkini nəzərdə tutulub ki, bundan 4235 hektarı müasir və səmərəli suvarma sistemlərindən olan pivot suvarma sistemi ilə təchiz edilib.
Pambıqçılıqla məşğul olan 8700 fermerlə 40 min 500 hektar sahədə əkin üçün müqavilə bağlanıb və proses davam edir.
42 min hektarda şum aparılıb, 16 min hektar sahə arata qoyulub, fermerlərə 2 milyon manatdan artıq avans verilib.
Bütün rayonlar üzrə ayrı-ayrılıqda texnoloji xəritələr hazırlanıb.
500 ton lifli, 1035 ton lifsiz yüksək reproduksiyalı pambıq toxumu tədarük edilib və tələbat tam ödənilib.
Beş min ton ammonium nitrat, 952 ton karbamid gübrəsi tədarük edilib, əlavə olaraq 3500 ton ammonium nitrat, 4 min ton ammofos gübrəsi və 138 ton bitki mühafizə vasitələri sifariş edilib.
“MKT İstehsalat Kommersiya” MMC hazırda 6146 texnika və avadanlıq, o cümlədən 188 kombayn, 802 traktor, 5156 müxtəlif təyinatlı qoşqu və avadanlıqlar vasitəsilə fermerlərə xidmət göstərməkdədir. Qeyd etmək istəyirəm ki, fermerlərə vaxtlı-vaxtında, yüksək keyfiyyətli xidmət göstərə bilmək üçün aqrotexniki bazamız tam formalaşıb.
Xam pambığın 24 qəbul məntəqəsində tədarükü, 13 pambıqtəmizləmə zavodunda emal edilməsi planlaşdırılır. Məntəqə və zavodlarımızda ötən il əsaslı təmirə başlanılıb, proses yekunlaşmaq üzrədir.
Cari mövsümdə cəmiyyətimiz tərəfindən sahələrdən hər hektara orta hesabla 24 sentner olmaqla 120 min ton xam pambığın toplanması gözlənilir. Tədarük ediləcək xam pambığın emalından 48 min ton mahlıc, 60 min ton çiyid, 2 min ton köməkçi məhsullar, çiyidin emalından isə 7 min ton rafinə edilmiş pambıq yağı və 42 min ton jmıx alınması proqnozlaşdırılır.
Hörmətli cənab Prezident, çoxsaylı və zəhmətkeş kollektivimiz adından bizlərə göstərdiyiniz xüsusi diqqət və qayğıya görə Sizə təşəkkür edirik. Bu şərəfli işdə qarşıya qoyduğunuz hədəflərə çatmaq üçün əlimizdən gələni əsirgəməyəcəyimizə söz veririk.
Diqqətinizə görə təşəkkür edirəm".
***
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim MƏMMƏDOV çıxış edərək deyib:
"Möhtərəm cənab Prezident.
Hörmətli müşavirə iştirakçıları.
İqtisadiyyatın mühüm sahəsi olan aqrar sektor bu gün Tərtərdə yüksəliş dövrünü yaşayır, çünki əhalimizin çoxu əsasən kənd təsərrüfatı sahəsində çalışır.
Cənab Prezident, onlar Sizin bu sahəyə xüsusi qayğınızı görür və dövlətin dəstəyinə arxalanırlar.
Ötən dövr ərzində biz tərtərlilər pambıqçılığın sürətli inkişafına dair Sizin tapşırıq və tövsiyələrinizə əsasən nəinki müəyyən olunmuş hədəflərə çata bildik, hətta bundan da xeyli yüksək göstəricilər əldə edərək pambığın hektardan məhsuldarlığına görə ölkə üzrə birinci olduq. Qazanılmış nailiyyətlər rayonun həm iqtisadiyyatını möhkəmləndirir, həm də əhalinin maddi rifah halını yaxşılaşdırır.
Cənab Prezident, 2017-ci ilin sonunda rayonumuza etdiyiniz səfər zamanı Siz əməyimizə yüksək qiymət verdiniz və Tərtər pambıqçılarının təcrübəsinin yayılmasını tövsiyə etdiniz. Bundan ruhlanan tərtərlilər göstərdiyiniz yüksək etimadı doğrultmağa, Azərbaycanda bu qiymətli bitkinin istehsalı üzrə “qabaqcıl təcrübənin ünvanı” adını qoruyub saxlamağa və tarlalardan daha çox məhsul toplamağa çalışırlar.
Rayonumuzun torpağı münbit, iqlimi pambıqçılıq üçün əlverişlidir. Cəbhə bölgəsində düşmənlə üzbəüz dayanan tərtərlilər yaratdığınız təhlükəsiz və əlverişli şəraitdən bəhrələnərək yüksək əmək nailiyyətləri əldə ediblər. Ötən il 3123 hektarda pambıq əkilib, əvvəlki ilə nisbətən “ağ qızıl” əkinlərinin sahəsi 3 dəfə artıb. İl ərzində 8419 ton pambıq tədarük edilib ki, bu da 2016-cı ildəkindən 3,6 dəfə çoxdur. Pambıq sahəsinin hər hektarından orta məhsuldarlıq da 2016-cı illə müqayisədə 5 sentner artaraq 27 sentnerə çatıb. Pambıq əkini, becərilməsi və yığımı işlərinə 5 minədək insan cəlb edilib, onlar yüksək gəlir götürüblər. Fermerlərdən Habil İbrahimov 118 ton məhsul istehsal edərək 67 min manat, Qasım Sadıqov 104 ton məhsul toplayaraq 50 min manat, Müslüm Babışov 91 ton məhsul tədarük edərək 45 min manat, Fazil Vəliyev 57 ton məhsul yığaraq 28 min manat gəlir əldə ediblər. Fermerlərimiz 800 min manatdan çox subsidiya alacaqlar.
Məhsuldarlığın yüksəldilməsi üçün pambıq əkiləcək sahələrin şumu faraş və keyfiyyətli aparılıb, qış aratına üstünlük verilib, torpaq əkinə aqrotexniki qaydalara uyğun hazırlanıb, növbəli əkin sistemi tətbiq edilib. Bundan əlavə, kiçik və orta fermer təsərrüfatlarının fəaliyyəti üçün münbit şəraitin yaradılması da rayonumuzda pambıqçılığın yüksək məhsuldarlığını şərtləndirən əsas amillərdən biri olub.
Cənab Prezident, dövlət tərəfindən pambıqçılığın inkişafına göstərilən dəstək gündən-günə bu sahəyə marağı artırır. Cari ildə pambıq əkilməsi üçün sahələr müəyyənləşdirilib, istehsalçılarla müqavilələr bağlanıb. Pambıq əkiləcək 3300 hektar sahədə şum və arat işləri başa çatdırılıb. İndi isə səpinə ciddi hazırlıq işləri gedir.
Yaz-tarla işlərinin yüksək aqrotexniki qaydada aparılması üçün bütün kənd təsərrüfatı texnikası, o cümlədən səpin üçün 31 traktor, 26d səpin aqreqatı hazır vəziyyətə gətirilib. Yaxın günlərdə səpin işlərinə başlanacaqdır.
Bu il Sizin Sərəncamınızla rayonumuzda 13 subartezian quyusu qazılacaq. Bu da pambıqçılarımızın becərmə dövründə su ilə bağlı çətinliklərinin aradan qaldırılmasına kömək göstərəcək.
Hazırda pambıqçılarımızın istifadəsində 12 kombayn var. Lakin hesab edirəm ki, məhsul yığımını vaxtında və itkisiz başa çatdırmaq üçün fermerlərimizin əlavə kombaynlarla təchiz olunmasına ehtiyac vardır.
Möhtərəm cənab Prezident, Sizi tərtərlilər adından əmin edirəm ki, ötən il olduğu kimi, bu il də pambıq yığımında müəyyənləşdirdiyimiz hədəfi keçəcəyik.
Diqqətinizə görə sağ olun"
***
Biləsuvar rayonunun Aşağı Cürəli kəndinin sakini, fermer Fazil MUSAYEV çıxış edərək deyib:
"Möhtərəm cənab Prezident.
Kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın daha da inkişaf etdirilməsi, onun əvvəlki şöhrətinin qaytarılması ilə bağlı Sizin müəyyən etdiyiniz istiqamət respublikamızın bütün bölgələrində olduğu kimi, Biləsuvar rayonunda da böyük ruh yüksəkliyi yaradıb. İndi hər yerdə yüksək canlanma duyulur. Torpaq mülkiyyətçiləri böyük həvəslə tarlalara qayıdırlar.
Bir pambıqçı ailəsinin üzvü kimi hələ gənc yaşlarımda mən ulu öndərimiz Heydər Əliyevin zəhmət adamlarına, xüsusilə pambıqçılara böyük diqqət və qayğısının, insanların isə ona hədsiz məhəbbətinin və rəğbətinin canlı şahidi olmuşam. Bu gün də Siz pambıqçılığı inkişaf etdirməklə sadə əmək adamlarını öz ənənəvi peşələrinə qaytarır, minlərlə insanın məşğulluğunu təmin edir və onların halal zəhmətləri ilə ailələrinə ruzi-bərəkət aparmalarına şərait yaradırsınız. Bir sözlə, Siz pambıqçılığın inkişafı sahəsində elə bir inqilabi dönüş, bizə elə bir şərait yaratmısınız ki, artıq həyatımız yaxşı mənada tamamilə dəyişib, işimiz rahatlaşıb, gəlirlərimiz çoxalıb.
Möhtərəm cənab Prezident, mən uzun illərdir ki, kənd təsərrüfatı sahəsində çalışıram, torpaq adamıyam və fəaliyyətimin əsas sahəsi həmişə pambıqçılıq olub. Ancaq açığını deyim ki, əvvəlki illərdə nəticələrimiz o qədər də yaxşı deyildi. Texnikadan, dərmanlardan, sudan çətinlik çəkirdik. Ancaq Siz son bir neçə ildə pambıqçılığı inkişaf etdirməklə bizə geniş imkanlar yaratdınız. Burada elə ən çox qazanan da məhz torpağa bağlı zəhmətkeşlər olublar. Yaratdığınız şəraitdən hamı kimi, mən də maksimum yararlanmışam və öz təsərrüfatımda yüksək nəticələr əldə etmişəm.
Ötən mövsümdə ailə üzvlərimlə birlikdə 16 hektar sahədə pambıq əkmişdim. Texnika və suvarma suyu ilə bağlı heç bir problemimiz olmadı. Sahələri bütün aqrotexniki qaydalara uyğun becərdik və nəticədə 16 hektardan 80 ton, yəni, hər hektardan 50 sentner yüksək keyfiyyətli məhsul əldə etdik.
Ancaq heç ağlıma belə gəlməzdi ki, Siz mənim əməyimə bu qədər yüksək qiymət verəcəksiniz, məni bu qədər ucaldacaqsınız. Ötən il pambıqçılıqda əldə etdiyim nəticələrə görə Sizin tərəfinizdən birinci dərəcəli “Əmək” ordeninə layiq görüldüm. Bu mükafat mənimlə birlikdə bütün Biləsuvar pambıqçılarının əməyinə verdiyiniz yüksək qiymətdir. Bütün bunlara görə Sizə minnətdarıq, cənab Prezident!
2017-ci ildə əldə etdiyimiz nəticələr, həmçinin əməyimizə verdiyiniz yüksək qiymət məni daha da ruhlandırıb. Bu il pambıq sahələrini 3 dəfə genişləndirmişəm. Hazırda öz təsərrüfatım da daxil olmaqla 47 hektar sahəni səpinə tam hazır vəziyyətə gətirmişəm. Bu il keçən ildəkindən də daha yüksək məhsuldarlığa nail olmağa çalışacağam.
Möhtərəm cənab Prezident, qazanılan nailiyyətlər sevindirici olsa da, biz fermerlərdə əsla arxayınçılıq yaratmır. Yaxşı bilirik ki, respublikamız üçün ənənəvi olan pambıqçılıq sahəsinin inkişafına hər birimiz töhfəmizi verməli, ölkəmizin iqtisadi qüdrətinin güclənməsi üçün əsl fədakarlıqla çalışmalıyıq.
Sizi əmin etmək istəyirəm ki, biz Biləsuvar pambıqçıları bundan sonra daha yaxşı işləyəcəyik və strateji məhsul olan pambığın istehsalında həmişə ön sıralarda olacağıq.
Diqqətinizə görə çox sağ olun".
***
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin MƏMMƏDOV çıxış edərək deyib:
"Möhtərəm Cənab Prezident.
Aqrar sahənin inkişaf etdirilməsi üçün yaradılan münbit şərait, Sizin çox böyük uzaqgörənliklə müəyyən etdiyiniz və həyata keçirdiyiniz yeni iqtisadi kurs və mühüm dövlət tədbirləri Ağcabədi rayonunda da öz müsbət nəticələrini verməkdədir. Məlumat üçün bildirirəm ki, rayon üzrə 2003-cü ildə əkinəyararlı torpaqlar 51 min 615 hektar olduğu halda, son 15 ildə 21 min 965 hektar artaraq 73 min 580 hektar təşkil edib.
2017-ci ildə 9550 hektar sahədə pambıq əkilib, 20 min 497 ton pambıq istehsal edilib, orta məhsuldarlıq 21,5 sentner olub. 2016-cı illə müqayisədə pambıq əkini sahələri 2,6 dəfə, pambıq istehsalı isə 2,3 dəfə artıb.
Xüsusilə qeyd etmək istərdim ki, rayonumuzda pambıqçılığın inkişafı ilə yanaşı, kənd təsərrüfatının digər sahələrinin inkişafı da diqqət mərkəzində saxlanılıb, rayonda ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 min hektardan çox sahədə taxıl əkilib, iribuynuzlu mal-qaranın sayında da artım müşahidə edilib.
Pambıqçılığın inkişafı ilə bağlı ümumrespublika müşavirələrində verdiyiniz tapşırıq və tövsiyələr rayonumuzun iqtisadi inkişafının, həmçinin əhalinin məşğulluğunun təmin edilməsinə böyük təkan verib. Pambıq istehsalçılarına göstərdiyiniz diqqət və qayğı sayəsində əhalinin maddi rifah halı yaxşılaşıb, bu sahəyə maraq daha da artıb. Sizin “Pambıqçılığın inkişafı iqtisadi məsələlərin həlli ilə yanaşı, eyni zamanda, sosial məsələdir” fikriniz artıq real həyatda öz təsdiqini tapıb. Ötən il rayonumuzun 14 min 325 sakini işlə təmin olunub. Pambıq istehsalı ilə məşğul olan fermerlərimizin çox hissəsi 50-100 min manat civarında gəlir əldə edib. İstehsal olunan məhsula görə pambıqçılara 2 milyon manatdan çox subsidiya veriləcək.
Cənab Prezident, ötən ilin noyabr ayında Ağcabədiyə səfəriniz zamanı rayonun Yeni Qaradolaq kəndindən olan fermer Tofiq İsmayılov Sizə öz əmək nailiyyətləri barədə raport vermişdi. Siz də onun əməyini yüksək qiymətləndirərək 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdiniz. Bu mükafat bütün əmək adamlarının zəhmətinə verilən ən yüksək qiymət kimi dəyərləndirilir və eyni zamanda, onlarda böyük ruh yüksəkliyi yaradır. İnsanlar başa düşürlər ki, zəhmət çəkən hər bir kəsin əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir.
2018-ci ildə 10 min hektar sahədə pambıq əkilməsi planlaşdırılıb, 1851 nəfər istehsalçı ilə müqavilələr bağlanıb. İndi səpinə hazırlıq işləri aparılır. Bizim əsas vəzifəmiz insanları bu işlərə cəlb etmək, eyni zamanda, pambıqçılığın intensiv inkişafına nail olmaq üçün Sizin tapşırığınızla pambıqçılara arxa, dayaq durmaq və daha çox məhsul istehsal edərək yüksək qazanc götürmələrinə şərait yaratmaqdır. Bunun üçün şumun vaxtında aparılması, sahələrin arata qoyulması, səpin işlərinin və digər aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi, sonda məhsul yığımı zamanı texnikaların qədərincə olması çox böyük əhəmiyyət daşıyır.
Bugünkü müşavirədə ötən təsərrüfat ilində rastlaşdığımız problemləri Sizin yüksək diqqətinizə çatdırmağı özümə borc bilirəm. Məndən əvvəl çıxış edən həmkarım pambığın intensiv üsullarla yetişdirilməsində fermerlərin rastlaşdıqları bir sıra problemlərdən danışdı. Ötən il biz pambığın yığılmasında və daşınmasında texnika sarıdan çox çətinliklər çəkdik, kombayn və traktor qoşqularının kifayət qədər olmaması səbəbindən pambığı vaxtında və itkisiz yığa bilmədik. Ötən il pambıq istehsalçıları əkin sahələrində yaxşı məhsul yetişdirmişdilər. Hər hektardan 25-26 sentner məhsuldarlıq əldə edilməsini nəzərdə tutmuşduq. Lakin qeyd etdiyim kimi, əkin sahələrinin ən azı üçdəbir hissəsində, yəni, 3500 hektarında biz pambığı vaxtında və itkisiz yığa bilmədik. Belə problemlərlə rastlaşmasaydıq, daha yüksək məhsuldarlıq əldə edə bilərdik.
İnanırıq ki, Sizin aqrar sahənin texniki təminatının gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncamınıza əsasən ölkəmizə gətiriləcək xeyli miqdarda kənd təsərrüfatı texnikası bu sahədə olan ehtiyacları tam ödəyəcəkdir.
Möhtərəm cənab Prezident, Ağcabədi Rayon İcra Hakimiyyəti Sizin kənd təsərrüfatı məhsullarının, xüsusən pambıqçılığın inkişafı ilə bağlı müvafiq tapşırıqlarınızı daim diqqətdə saxlayır və gələcəkdə bu sahələrin daha da inkişaf etdirilməsi üçün aidiyyəti qurumlarla birgə bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin edəcəkdir.
Diqqətinizə görə sağ olun".
***
“Azərpambıq” MMC-nin baş direktor əvəzi Zakir ƏZİMOV çıxış edərək deyib:
"Möhtərəm cənab Prezident.
İcazə verin, bu gün kənd təsərrüfatının mühüm sahələrindən sayılan pambıqçılığın inkişafına xüsusi diqqət göstərib dəyərli vaxtınızı ayırdığınıza görə Sizə sonsuz təşəkkürümüzü bildirək.
Ölkədə pambıqçılığın inkişafını təmin etmək məqsədilə 2017-ci il mövsümündə “Azərpambıq” Məhdud Məsuliyyətli Cəmiyyəti respublikanın 14 rayonunda 2523 fermerlə bağlanmış müqavilələr üzrə 28,6 min hektarda pambıq əkmişdi.
2017-ci ildə kondisiya şəklində çəkidə 51,2 min ton xam pambıq tədarük edilib ki, bu da əvvəlki ilə nisbətən 1,8 dəfə çoxdur.
Tədarük edilmiş xam pambığın emalından 19 min ton mahlıc, 23 min ton çiyid, 240 ton lint, 150 ton ulyuk və 512 ton tiftik məhsullarının alınması gözlənilir.
Bundan əlavə, emala veriləcək 5800 ton texniki çiyiddən 580 ton pambıq yağı, 4700 ton çiyid cecəsi və 330 ton soapstok da alınacaqdır.
Emaldan alınan məhsullar əsasən Türkiyə, İran, Tacikistan və Gürcüstana satılacaqdır.
Bu ilin pambıq əkini ilə əlaqədar 4136 fermerlə müqavilə bağlanıb və cəmiyyətimizə məxsus torpaqlarla birlikdə 30 min hektardan artıq sahə pambıq əkini üçün hazırdır və bu iş davam edir.
Hər hektardan pambığın məhsuldarlığının ötənilki 17,8 sentnerdən bu il 20 sentnerə çatdırmaq nəzərdə tutulur. Hazırda əsas diqqət pambıqçılığın intensiv yollarla inkişaf etdirilməsinə yönəldilib.
Səpin kampaniyasını uğurla həyata keçirmək üçün fermerlərin toxumluq çiyidə olan tələbatının ödənilməsi, eyni zamanda, mineral gübrələrlə və zərərvericilərə qarşı mübarizə vasitələri ilə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilir.
Cənab Prezident, Sizin 2016-cı il 22 sentyabr tarixli “Pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” və 2018-ci il 2 mart tarixli “Bitkiçilikdə intensiv inkişafın təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamlarınıza əsasən hər bir ton xam pambığa görə istehsalçılara 100 manat subsidiya verilməsi, mineral gübrələrin satışında güzəştin ümumi məbləğinin yuxarı həddinin 50 faiz, pestisidlərin satış qiymətinə tətbiq edilən güzəştin məbləğinin yuxarı həddinin isə 5 dəfə artırılmasının pambıqçılığın inkişafında müstəsna əhəmiyyəti olub.
Eyni zamanda, bu ildən pambığın satınalma qiymətinin də hər tona 100 manat artırılaraq 600 manat həcmində müəyyənləşməsi fermerlərdə bu sahəyə daha böyük maraq oyadıb.
Hazırda cəmiyyətin mülkiyyətində 1701 ədəd müxtəlif kənd təsərrüfatı texnikası vardır. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2016-cı ildə 311 ədəd, 2017-ci ildə 519 ədəd müxtəlif adda kənd təsərrüfatı texnikası alınıb, 2018-ci ildə isə 488 texnika sifariş verilib.
Bu il artıq həmin texnikalardan 126-sı alınıb və qalanlarının da pambığın becərilmə və yığılması vaxtına uyğun olaraq alınması təmin ediləcəkdir.
Bir vacib məsələni də diqqətinizə çatdırmaq istərdim. 2018-2022-ci illəri əhatə edən strateji dövrdə yaradılmış potensial imkanlar sayəsində əsas diqqət pambıqçılıqda dəyər zəncirinin dərinləşdirilməsinə yönəldiləcəkdir. Cəmiyyət bu işi “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin tərkibində olan toxuculuq müəssisələri ilə tərəfdaşlıq əsasında həyata keçirəcəkdir. Artıq bu sahədə Sumqayıtdakı “ASK Tekstil” və “Şəki İpək” müəssisələri ilə real işə başlanılıb. Emaldan alınan mahlıcın 2600 tonu “ASK Tekstil” və 1209 tonu isə “Şəki İpək” Açıq Səhmdar cəmiyyətlərinə veriləcəkdir ki, bu da həmin müəssisələrə verilən mahlıcdan iplik istehsal edilərək, daha uyğun qiymətə Türkiyə Respublikasına və Rusiya Federasiyasına satılacaqdır. Bu da öz növbəsində, həmin müəssisələrdə yeni iş yerlərinin açılması deməkdir.
Beləliklə, qarşıdakı illərdə biz həm yerli və həm də xarici bazarlarda tək mahlıc və pambıq yağı deyil, iplik, parça və toxuculuq məhsulları ilə brendləşəcək, beynəlxalq əmtəə və maliyyə bazarlarına çıxacağıq.
Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Pambığın istehsalında və tədarükündə istifadə olunan avadanlıqlar xarici ölkələrdən alınır. Lakin biz artıq yerli şirkətlərlə əməkdaşlıq etməklə onların istehsal etdiyi bəzi avadanlıqları alıb istifadəyə etməyə başlamışıq. Bu da öz növbəsində, yerli istehsalın inkişaf etdirilməsinə imkan verəcəkdir.
Cənab Prezident, respublikada aqrar sahənin, bilavasitə pambıqçılığın inkişafına göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirir, əmin edirik ki, qarşıya qoyulan hədəflərə çatmaq üçün səy və bacarığımızı əsirgəməyəcəyik.
Diqqətinizə görə təşəkkür edirik".
***
Saatlı rayonunun Mircəlal kəndinin sakini, fermer Nizami MƏMMƏDOV çıxış edərək dedi:
"Möhtərəm cənab Prezident.
Saatlı pambıqçılıq sahəsində öz təcrübəsi və ənənəsi olan, təsərrüfat qabaqcılları ilə tanınan rayonlardan biri olub. Bu gün də iftixar hissi ilə deyə bilərik ki, Sizin tapşırığınıza əsasən həyata keçirilən tədbirlər sayəsində rayonumuzda pambıqçılıq keçmiş şöhrətini bərpa edir.
Kənd təsərrüfatının inkişafı ilə bağlı qərarlarınız kəndlərimizə yeni nəfəs verib. Əvvəllər iş dalınca şəhərlərə üz tutan sakinlərimiz bu gün öz kəndlərinə qayıdır, torpağı əkib-becərib ailələrini dolandırırlar. Bunun nəticəsidir ki, məşğulluq səviyyəsi artıb, yeni iş yerləri açılıb, həyat şəraitimiz əsaslı surətdə dəyişib. İndi bizim halal zəhmətimizlə qazanmaq, dolanmaq imkanlarımız daha yüksəkdir. İnsanların maddi vəziyyətinin yaxşılaşması onların torpağa bağlılığını artırıb. Sizin də qeyd etdiyiniz kimi, kənd təsərrüfatının inkişafı həqiqətən də məşğulluğun inkişafına böyük imkanlar yaradır, insanları ələbaxımlılıqdan uzaqlaşdırır.
Pambığın bir kiloqramının alış qiymətinin 2015-ci ildə 41 qəpik, 2016-2017-ci illərdə 50 qəpik olduğu halda, Sizin tapşırığınızla 2018-ci ildə qiymətin 60 qəpik müəyyən edilməsi, dövlət dəstəyi olaraq 10 qəpik subsidiya ödənilməsi pambıqçılara əlavə stimul verib. Eyni zamanda, əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması, mineral gübrələrin 70 faiz güzəştlə verilməsi, fermerlərə ayrılan kreditlər, texnika və avadanlıqlarla təminat istehsalçıların pambıq əkininə marağını xeyli artırıb. Həmçinin rayonumuzda 4 pambıq zavodunun fəaliyyət göstərməsi fermerlərə əlverişli şərtlərlə müqavilə bağlamağa geniş imkanlar yaradıb.
Möhtərəm cənab Prezident, mən əmək fəaliyyətinə 1981-ci ildə pambıqçılıqda suçu kimi başlamışam, daha sonra təhsil alaraq aqronom kimi fəaliyyətimi davam etdirmişəm. Ailə-fermer təsərrüfatı olaraq, 2017-ci ildə 40 hektar sahədən 168,5 ton məhsul götürmüşük ki, bu da hər hektardan 42 sentnerdən artıq məhsuldarlıq deməkdir. Çalışırıq ki, əkib-becərdiyimiz torpaqlardan səmərəli istifadə edək, məhsuldarlığı daha da artıraq. Fermer təsərrüfatımızın gəliri ilə 14 ailə öz dolanışığını təmin edir. Əl yığımından gündəlik qazancları orta hesabla 60 manatdan yuxarı olur. Bizim ailə-fermer təsərrüfatında pambığın 30 hektarı əllə, qalan 10 hektarı isə maşınla yığılıb. Məhsul satışından ümumi gəlirimiz 84 min 250 manat, xalis gəlirimiz 51 min manat olub ki, onun da 16 min 850 manatını dövlət dəstəyi olan subsidiya təşkil edib. Yaradılan şəraitdən bəhrələnərək əldə etdiyimiz gəlirlər pambıq əkininə marağımızı daha da artırıb. Cari ildə 70 hektarda pambıq əkini üçün emal müəssisəsi ilə müqavilə bağlamışıq. Artıq sahəmiz tam şumlanıb, arat olunub, mala çəkilib və səpinə hazır vəziyyətdədir. Aqrotexniki qaydalara tam əməl etməklə hər hektardan ən azı 50 sentner məhsul götürməyi qarşımıza məqsəd qoymuşuq. Növbəti illərdə isə əkin sahələrini daha da artırmağı nəzərdə tuturuq.
Yaradılmış imkandan və burada pambıqçıların iştirakından istifadə edərək bir məsələni xüsusilə vurğulamaq istəyirəm. Bu gün pambıqçılıqda əsasən xarici ölkələrdən gətirilən toxumlardan istifadə edilir. Lakin arzu edərdik ki, yerli təbii iqlim şəraitinə uyğun quraqlığa, xəstəliklərə, zərərvericilərə davamlı, rayonlaşdırılmış tezyetişən yerli toxum sortlarının yaradılması da gələcəkdə nəzərə alınsın.
Möhtərəm cənab Prezident, Sizin əmək adamlarına yaratdığınız şərait zəhmətkeşlərin əhval-ruhiyyəsini yüksəldib, onların kənd təsərrüfatının müxtəlif sahələrinə bağlılığına səbəb olub. Biz bu gün əminliklə deyə bilirik ki, kəndlərimizdə işsiz insan yoxdur. İnsanlar öz zəhməti ilə dolanışığını təmin edir. Siz bizə ləyaqətlə yaşayıb, zəhmətlə pul qazanmaq imkanı yaratdınız. Sadə kənd adamlarına yaratdığınız bu imkanlara görə Sizə minnətdarlığımızı bildirir və əmin edirik ki, bundan sonra da imkanlarımızı səfərbər edəcək, pambıqçılığın inkişafına öz töhfəmizi verəcəyik.
Diqqətinizə görə çox sağ olun".
***
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd ƏHMƏDZADƏ çıxış edərək deyib:
"Möhtərəm cənab Prezident.
Meliorasiya və su təsərrüfatı sahəsinə böyük diqqətinizin nəticəsi olaraq, bilavasitə Sizin rəhbərliyiniz, yaxından iştirakınız və nəzarətiniz ilə son 14 ildə 4,0 min kilometr uzunluğunda suvarma kanallarının, 2400 kilometr uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası, 360 min hektar sahədə torpaqların su təminatının və 256 min hektarda meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilib, 127 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilib, 2 minə yaxın subartezian quyusu qazılaraq istifadəyə verilib. Ümumi sututumu 456 milyon kubmetr olan 4 su anbarı (Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə) tikilib istifadəyə verilib.
Möhtərəm cənab Prezident, ötən il respublikanın 25 rayonunda 69 min hektar pay torpaqlarında və 67 min hektar dövlət fondu, qış otlaq sahələrində, bələdiyyə və meşə torpaqlarında əkilmiş 136 min hektar pambıq sahəsini suvarma suyu ilə təmin etmək üçün 6800 kilometr suvarma kanalları və 1500 kilometr kollektor-drenaj şəbəkələri lildən təmizlənib, 463 hidrotexniki qurğu, 22 nasos stansiyası təmir edilib. Su təminatı çətin olan fond torpaqlarında və qış otlaq sahələrində əkilmiş pambıq tarlalarının suvarılması üçün 1436 kilometr yeni suvarma kanalları, 180 hidrotexniki qurğu tikilib. Suvarmanın mütəşəkkil keçirilməsi üçün Cəmiyyət tərəfindən lazımi texnika, nasos, avadanlıq ayrılıb. Ümumilikdə, pambıq sahələri keçən il 3,1 dəfə suvarma suyu ilə təmin edilib.
Yerli icra hakimiyyəti strukturları ilə dəqiqləşdirilmiş məlumatlara əsasən, cari ildə respublikanın 25 rayonu üzrə təxminən 140 min hektar sahədə pambıq əkini nəzərdə tutulur. Bu sahələrin 38 min hektarı dövlət fondu, 32 min hektarı bələdiyyə və 70 min hektarı pay torpaqlarıdır. Bu günədək pambıq sahələrinə xidmət edən suvarma kanallarının 2200 kilometr, kollektor-drenaj şəbəkələrinin 820 kilometr hissəsi təmir edilib. Suvarmanın mütəşəkkil keçirilməsi üçün Cəmiyyət tərəfindən yerlərə kifayət qədər nasos və avadanlıq ayrılıb.
Hazırda Cəmiyyətin bütün kollektivi və texnikaları suvarma və kollektor-drenaj şəbəkələrinin, nasos stansiyalarının, subartezian quyularının və hidrotexniki qurğuların təmiri işlərinə səfərbər edilib. Həyata keçirilən tədbirlər cari ildə də pambıq sahələrinin suvarma suyu ilə tam təmin edilməsinə şərait yaradacaq.
Möhtərəm cənab Prezident, Sizin tapşırığınız əsasında ötən il 103 min hektar sahəyə suyun çatdırılması və su təminatının yaxşılaşdırılması işləri həyata keçirilib. Verdiyiniz göstərişə əsasən, həmin layihələrin icrası cari ildə də uğurla davam etdirilir.
Şəmkir-Samux-Goranboy magistral kanalının İpək yolu ilə kəsişmə qurğusunda və ondan sonra kanalın 5 kilometrə qədər hissəsində tamamlama işlərini başa çatdırmaqla Goranboy rayonunda 8 min hektar, ötən ildə torpaq məcrada inşa olunmuş 54 kilometr uzunluğunda Yeni Mil-Muğan kanalının cari ildə beton üzlüyə alınması ilə Saatlı, Biləsuvar və İmişli rayonlarında daha 13 min hektardan çox yeni torpaq sahələrinin suvarma mövsümündə su ilə təmin edilməsi mümkün olacaq.
Neftçala və Yuxarı Mil kanallarının tikintisi davam etdirilərək Neftçala rayonunun 12400 hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılacaq, Ağcabədi rayonunda isə 1900 hektar yeni torpaq sahələri suvarma suyu ilə təmin olunacaq. Kür çayında yeni tikilən nasos stansiyasında və “H” kanalında tikinti işləri davam etdirilərək Sabirabad rayonunun kəndlərinin layihə üzrə qalan 7500 hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq, eləcə də rayonun Kür çayı üzərindəki yeni nasos stansiyasında və magistral kanalda tikinti işlərini tamamlamaqla rayonun əlavə 9300 hektar qış otlaq sahələrinə suvarma suyu çatdırılacaq. Eyni zamanda, bu layihələr çərçivəsində Biləsuvar rayonunun 1600 hektar yeni torpaq sahələri suvarma suyu ilə təmin ediləcək. Hacıqabul rayonunda isə meliorativ tədbirlər davam etdirilməklə 2700 hektar yeni suvarılacaq torpaqlara suvarma suyu çatdırılacaq.
Sizin müvafiq Sərəncamınızla ayrılan vəsait hesabına respublikanın 38 şəhər və rayonunun 248 yaşayış məntəqəsində 8740 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatı, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 300 subartezian quyusu cari ildə qazılaraq istifadəyə veriləcək. Bu quyuların 126-sının 5 min hektara yaxın əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün ölkənin 13 pambıqçılıq rayonunda qazılması nəzərdə tutulub. Həmin quyular əsasən vegetasiya suvarma dövründə istifadəyə veriləcək.
Cari ildə kənd təsərrüfatının inkişafına bilavasitə təsir edən bu iri infrastruktur layihələrində nəzərdə tutulan meliorativ tədbirlərin həyata keçirilməsi nəticəsində pambıqçılıq rayonlarında 62 min hektar sahəyə, o cümlədən 30 min hektar yeni suvarılacaq torpaqlara suvarma suyu çatdırılacaq və 32 min hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq ki, bu da ölkədə pambıqçılığın və digər ixracyönümlü kənd təsərrüfatı məhsullarının inkişafına geniş imkanlar yaradacaq.
Hörmətli cənab Prezident, ənənəvi olaraq əvvəllər Ulu Öndərin yaratdığı təcrübəyə əsasən pambıq kənd təsərrüfatı məhsulları istehsalında üstünlük verilən nizam-intizam bitkisi hesab olunurdu. İstər torpaqların əkin altına seçilməsi, səpinə hazırlanması, səpinin aparılması, bütün aqrotexniki tədbirlərin həyata keçirilməsi, ən əsası isə suvarmaların vegetasiya müddətinə uyğun vaxtında aparılması sahələrdən yüksək məhsuldarlığın əldə olunmasını təmin edərdi. İstehsal olunan məhsulun vaxtında toplanması (sentyabr ayında ən azı 70-80 faizi, oktyabr ayında tam yığımın başa çatdırılması) torpaqlarda növbəli əkinin də aparılmasına tam şərait yaradardı.
Möhtərəm cənab Prezident, Sizin kənd təsərrüfatının, o cümlədən pambıqçılığın inkişafına göstərdiyiniz diqqət və qayğı, subsidiyaların verilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, genişmiqyaslı meliorasiya tədbirlərinin həyata keçirilməsi bizə imkan verir və məsuliyyət hissimizi artırır ki, bu sahədə də Heydər Əliyev siyasəti, ənənələri uğurla davam etdirilsin, yeni tələblər baxımından daha böyük nəticələr əldə olunsun.
Bütün bunlara, meliorasiya və su təsərrüfatı sahəsinə göstərdiyiniz böyük diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirir və əmin edirik ki, Cəmiyyətin kollektivi bu vəzifələrin yerinə yetirilməsi üçün bütün imkanlarını səfərbər edəcək.
Diqqətinizə görə minnətdaram".
***
Prezident İlham Əliyev müşavirədə yekun nitqi söyləyib.
"Giriş sözümdə qeyd etdiyim kimi, biz qısa müddət ərzində Azərbaycanda kompleks tədbirlər nəticəsində pambıqçılığın sürətli inkişafına nail ola bilmişik. İndi əsas vəzifə ondan ibarətdir ki, bu müsbət dinamikanı saxlayaq, bunu artıraq və pambıqçılığın gələcək inkişafı ilə bağlı əlavə addımlar ataq. Bu il 22 rayonda pambıq əkiləcək və ümid edirəm ki, bütün bu rayonlarda məhsuldarlıq daha da yüksək olacaq.
Bugünkü çıxışlarda yüksək məhsuldarlıq olan rayonların icra başçıları, fermerlər görülən işlər haqqında məlumat verdilər. Onların sözləri və gördükləri işlər onu göstərir ki, yüksək məhsuldarlığı əldə etmək mümkündür. Əgər hansısa təsərrüfatda hektardan 55, 50, 40, 35 sentner məhsul götürülürsə, demək, bu, mümkündür. Çalışmalıyıq ki, bütün rayonlarda məhsuldarlıq daha da artsın.
Məhsuldarlıqla bağlı bəzi problemlər var və bu problemlər aradan qaldırılmalıdır. Bu problemlər haqqında bugünkü çıxışlarda da məlumat verildi. Elə etməliyik ki, bütün bu qüsurlar, çatışmazlıqlar ciddi təhlil olunsun və biz bunu edirik. Gələcəkdə bu səhvlərə yol verilməməlidir və bundan sonra Azərbaycanda pambıqçılığın inkişafı yalnız məhsuldarlığın artırılması hesabına təmin edilməlidir. Müsbət təcrübə öyrənilməli və geniş tətbiq edilməlidir. Mənfi təcrübə də ciddi təhlil edilməli və gələcəkdə səhvlərə yol verməmək üçün ciddi tədbirlər görülməlidir. Keçən il orta məhsuldarlıq 15,2 sentnerdir. Əlbəttə ki, bu, bizi qane edə bilməz. Bu, çox aşağı göstəricidir. Baxmayaraq ki, qeyd etdiyim kimi, qısa müddətdə - 2 il ərzində biz pambıq tədarükünü 6 dəfə artıra bilmişik və bu gün 200 min tondan çox pambıq təhvil vermişik, məhsuldarlıq əlbəttə ki, bizi heç cür qane edə bilməz. Əgər biz orta məhsuldarlığı 20 sentner səviyyəsində təmin edə bilsəydik, biz keçən il 270 min ton pambıq götürə bilərdik.
Məndə olan cədvəldə həm yüksək, həm aşağı məhsuldarlıqla seçilən rayonların adları var. Bəzi məlumatları təqdim etmək istərdim. Məhsuldarlığa görə birinci yerdə Tərtər rayonudur – 27 sentner, çox yaxşı göstəricidir. İkinci yerdə Bərdə rayonu – 26,3 sentner. Üçüncü yerdə Biləsuvar – 21,8 sentner, dördüncü yerdə Ağcabədi – 21,5 sentner, beşinci yerdə Ağdam rayonu – 20,6 sentner və ondan sonrakı yerdə Cəlilabad rayonudur – 20 sentner. Bütün başqa rayonlarda məhsuldarlıq 20 sentnerdən aşağı olub – təqribən 18, 15, 13 sentner. Amma elə rayonlar var ki, məhsuldarlıq 10 sentnerdən də aşağı olmuşdur. Mən onların da adlarını çəkmək istəyirəm ki, onlar həm nəticə çıxarsınlar, həm də gələcəkdə öz işlərini daha düzgün qursunlar. Beləliklə, aşağıdan birinci yerdə Neftçala rayonudur – 8,2 sentner. Aşağıdan ikinci Hacıqabul – 8,3, Samux - 8,8, Ucar - 9,3, İmişli - 9,7 sentner. Mən məhsuldarlıq on sentnerdən aşağı olan rayonların adlarını çəkdim. Digər rayonlarda 10 sentnerdən çoxdur. Ancaq bu da əlbəttə ki, bizi heç cür qane edə bilməz. Ona görə bir daha demək istəyirəm, növbəti dövrdə ancaq məhsuldarlığa ciddi diqqət göstərilməlidir və biz çatışmayan bütün məsələləri aradan götürməliyik. Hesab edirəm ki, bu, mümkündür, sadəcə olaraq, işlər düzgün qurulmalıdır. Onu da qeyd etməliyəm ki, biz cəmi üçüncü ildir pambıqçılıqla ciddi məşğuluq. Əlbəttə, indi torpaqların seçilməsi, aqrotexniki tədbirlərin görülməsi, suvarma ilə, gübrələrlə, pestisidlərlə, onların keyfiyyəti ilə bağlı olan problemlər də var. Ona görə çox düzgün təhlil aparılmalıdır ki, gələcəkdə bu səhvlərə yol verilməsin.
Biz növbəli əkin sistemi tətbiq etməliyik. Bu, eyni zamanda, taxılçılığın inkişafına da ciddi təkan verəcəkdir. Emal müəssisələrinin gücünü artırmalıyıq. Hazırda yeni pambıqtəmizləmə zavodları tikilir. Bu, çox müsbət haldır. Əminəm ki, gələcəkdə pambığın tədarükü daha da artacaq, bizə yeni emal müəssisələri lazım olacaq. Bununla bərabər, bu gün fəaliyyətdə olan pambıqtəmizləmə zavodlarının mütləq əksəriyyəti sovet vaxtından qalan müəssisələrdir. Onlar artıq köhnəlib. Düzdür, fəaliyyət göstərirlər, ancaq lazımi səmərə ilə işləmirlər. Ona görə biz gərək emal sənayesini də tədricən yeniləşdirək. Yeni pambıqtəmizləmə zavodlarının tikintisi, eyni zamanda, keyfiyyətə də, məhsuldarlığa da müsbət təsir göstərəcək.
Burada qeyd olundu, bir daha demək istəyirəm ki, fermerlərə keyfiyyətli gübrələr verilməlidir. Keçən mövsümdə gübrələrin keyfiyyəti ilə bağlı bəzi problemlər olmuşdu. Dövlət bu böyük sahəni demək olar ki, öz üzərinə götürübdür. Gübrələrin 70 faizinin pulunu dövlət öz üzərinə götürür. Ancaq elə gübrələr gətirilməlidir ki, onların keyfiyyəti yüksək səviyyədə olsun və müvafiq qurumlar bu il bu məsələyə ciddi nəzarət etməlidirlər.
Bəzi çıxışlarda texnika ilə bağlı fikirlər səsləndi. Əlbəttə ki, biz özümüzü texnika ilə tam təmin edə bilməmişik. Bunun da təbii səbəbləri var. Biz cəmi iki ildir ki, texnika alırıq. Özü də hamımız yaxşı bilirik ki, son iki il ərzində dövlət büdcəmizin xərcləri ilə bağlı çox ciddi işlər aparılır. Yəni, biz lazım olmayan xərcləri ixtisar etmişik. Büdcə gəlirlərimizi sabit vəziyyətdə saxlamaq üçün əlbəttə ki, biz hər bir xərcə xüsusi diqqətlə baxırıq. Baxmayaraq ki, neftin qiyməti son iki il ərzində çox aşağı səviyyədə idi, bu il də hələ tam bərpa olunmayıb, kənd təsərrüfatı texnikasına çox böyük vəsait ayrılıbdır. Əgər büdcə xərclərinə nəzər salsaq görərik ki, bu texnikanın alınması üçün doğrudan da böyük vəsait ayrılmışdır. Son iki il ərzində kənd təsərrüfatı texnikasına 300 milyon manatdan çox vəsait ayrılmışdır. Onun da böyük hissəsi pambıqçılıq texnikasıdır. Fermerlər yaxşı bilirlər ki, biz ən qabaqcıl texnikanı alırıq. Biz pambıqçılıqda dünyanın bir nömrəli texnikasını alırıq. Əvvəlki dövrdə təkcə 370 pambıqyığan kombayn alınmışdır və bu il əlavə 100 pambıqyığan kombayn alınacaq. Lazım olarsa, biz gələcəkdə də texnikanın alınması ilə məşğul olacağıq. Ancaq məlumat üçün bildirmək istəyirəm ki, keçən il, ümumiyyətlə, 10 minə yaxın texnika alınmışdısa, bunun 5700-ü pambıqçılıq üçün alınmışdır. Bu il pambıqçılıq üçün yenə də 3 mindən çox texnika alınacaq. Ümumiyyətlə texnikanın alınması üçün bu il dövlət büdcəmizdə 160 milyon manat vəsait nəzərdə tutulub, bunun 118 milyon manatı pambıqçılıq texnikasına xərclənəcək. Yəni, bu rəqəmlər özlüyündə göstərir ki, biz pambıqçılığa nə qədər böyük diqqət göstəririk. Digər kənd təsərrüfatı sahələrinə də diqqət göstərilir, o sahələrin səmərəliliyini artırmaq üçün texnika alınır və alınacaq. Ona görə biz, necə deyərlər, hələ təzə başlamışıq və elə etməliyik ki, texnika ilə bağlı növbəti illərdə bir dənə də problem olmasın.
Toxumlar haqqında burada təkliflər səsləndi. Bu, çox ciddi məsələdir, fermerlər bunu yaxşı bilirlər. Toxumlardan, onların keyfiyyətindən çox şey asılıdır. Fermerlərə daha keyfiyyətli toxumlar verilməlidir və bu sahəni stimullaşdırmaq lazımdır. Eyni zamanda, razıyam ki, yerli toxum növləri də yetişdirilməlidir və biz bu məsələ ilə məşğul olacağıq.
Keçən il pestisidlərin keyfiyyəti bəzi hallarda lazımi səviyyədə deyildi və məhsuldarlığa da bunun çox mənfi təsiri olmuşdur. Ona görə bu il bu sahəyə çox ciddi nəzarət olunmalıdır və ancaq yüksəkkeyfiyyətli pestisidlər gətirilməlidir. Nəzərə alsaq ki, artıq Azərbaycan özü bu sahədə yerli istehsala start verib, əminəm ki, bu sahədə bundan sonra problem olmayacaq.
Əlbəttə ki, pambıqçılığın inkişafı və məhsuldarlığın artırılması üçün suvarmanın xüsusi rolu vardır. Bu gün səslənən çıxışda qeyd olundu ki, bu sahədə nə qədər böyük işlər görülür. Ümumiyyətlə bu gün infrastruktur layihələri arasında suvarma demək olar ki, ön plandadır. İlk növbədə ona görə ki, digər infrastruktur layihələri - elektrik enerjisi, təbii qaz, yol infrastrukturu, içməli su layihələri demək olar başa çatır, eyni zamanda, ona görə ki, bu sahə bilavasitə kənd təsərrüfatının inkişafına təsir göstərir. Keçən il 100 min hektar torpağın yeni su təminatını təşkil etmişik. Bu il ən azı 100 min hektar suvarılmayan torpaqlara su verilməlidir və bunun böyük hissəsi pambıqçılığa aiddir. Bu sahədə həm artezian, subartezian quyularının qazılması, kanalların çəkilişi, meliorativ tədbirlərin yaxşılaşdırılması istiqamətində işlər görülür. Bu il kanalların tikintisi ilə bağlı mənim tərəfimdən bir neçə sərəncam imzalanmışdır. Əlbəttə ki, biz gələcəkdə bu işləri davam etdirəcəyik və pambıq yalnız yararlı, yaxşı suvarılan torpaqlarda əkilməlidir.
Əlbəttə, biz müasir irriqasiya sistemlərini tətbiq etməliyik. Dünyada bu sahədə qabaqcıl təcrübə öyrənilməlidir. Əlbəttə, ənənəvi üsullar var, ancaq bu gün bu sahədə inkişaf o qədərdir ki, biz ən qabaqcıl texnologiyaları Azərbaycana gətirməliyik. Kənd təsərrüfatı sahəsində böyük uğurlar qazanmış ölkələrin təcrübəsi tətbiq olunmalıdır ki, biz sudan səmərəli şəkildə istifadə edək. Keçən il Neftçala Sənaye Məhəlləsində pivot suvarma sistemləri zavodunun açılışı olmuşdur. Mən giriş sözümdə qeyd etdim, pambıqçılığın sənaye sahəsinin inkişafına da çox böyük təsiri var. Biz bunu görürük. Əgər biz kənd təsərrüfatı ilə ciddi məşğul olmasaydıq, bu pivot sistemləri zavodu da Azərbaycanda qurulmazdı. Pivot hazırda suvarma sahəsində ən qabaqcıl texnologiyadan biridir, amma təkcə bu deyil. Ona görə bu sistemin Azərbaycanda istehsalı, əlbəttə, çox müsbət haldır və həm özəl şirkətlər, həm dövlət pivot sistemləri alıb quraşdırmalıdır. Ancaq biz suvarma ilə bağlı digər üsullardan da istifadə etməliyik, o cümlədən damcılı suvarma sistemləri də geniş tətbiq edilməlidir.
Biz, eyni zamanda, pestisidlər zavodunun açılışını qeyd etdik. Bu, Sumqayıt Kimya Sənaye Parkında açılmış bir zavoddur. Elə etməliyik və əminəm ki, bu zavodun istehsal gücü daxili tələbatı tam ödəyəcək, hətta ixrac potensialı yaranacaq. Əlbəttə ki, keyfiyyətə də ciddi nəzarət olunacaq. Elə etməliyik ki, dövlət öz dəstəyini göstərərək pestisidləri alıb fermerlərə təqdim etsin.
Pivot sistemlərini tətbiq edərkən biz məhsuldarlığı qısa müddət ərzində ciddi şəkildə artıra bilərik. Yəni, indi təhlil və qabaqcıl beynəlxalq təcrübə göstərir ki, pivot altında olan pambıq sahələrində hektardan 35-40 sentner pambıq götürmək olar, rahat götürmək olar, daha da çox. Yəni, mən aşağı həddi deyirəm. Ona görə, əgər biz Azərbaycanda pivot sistemlərini geniş tətbiq etsək, - biz bunu edəcəyik, - əlbəttə ki, bu, özlüyündə məhsuldarlığa çox ciddi müsbət təsir göstərəcək.
Bir daha qeyd etməliyəm ki, pambıqçılıq ancaq intensiv üsullarla inkişaf etməlidir. Biz torpaq fondumuza çox ciddi yanaşmalıyıq. Biz indi böyük aqroparklar yaradırıq, 40-dan çox aqropark yaradılır. Onların böyük hissəsi heyvandarlıq üzrədir, eyni zamanda, bitkiçilik sahəsini əhatə edir. Bu aqroparklara yüz min hektardan çox torpaq ayrılmışdır. Ona görə, biz torpaq fondumuza çox böyük səmərə ilə ehtiyatla və diqqətlə yanaşmalıyıq. Biz nəinki pambıqçılığı, kənd təsərrüfatının bütün digər sahələrini də ancaq intensiv üsullarla inkişaf etdirməliyik.
Qeyd etdiyim kimi, pambıqçılığın işsizliyin aradan qaldırılmasına böyük dəstəyi var. Biz bunu keçən il görmüşük. Qeyd etdiyim kimi, 200 minə yaxın insan işlərə cəlb edilib. Bu il ən azı bu qədər insan işlərə cəlb edilməlidir və əlbəttə ki, zəhmətkeşlərin iş şəraiti lazımi səviyyədə təşkil olunmalıdır. Tarla düşərgələri, içməli su ilə, nəqliyyatla təminat lazımi səviyyədə olmalıdır. Həm tədarükçü şirkətlər, həm yerli icra orqanları bu sahəyə xüsusi diqqət göstərsinlər.
Burada da qeyd edildi, dövlət tərəfindən ayrılan subsidiyaların çox böyük təsiri olmuşdur. Yəni, 10 qəpik subsidiya böyük dəstəkdir. Eyni zamanda, biz pambığın satınalma qiymətini tədricən artırmışıq, 41 qəpikdən 60 qəpiyə qaldırmışıq. Biz bunu ona görə edirik ki, vətəndaşlar daha çox pul qazansınlar. Yəni, bizim əsas məqsədimiz bundan ibarətdir. Əlbəttə, pambıq ixracyönümlü məhsuldur və ölkəyə valyuta gətirir. Ancaq əgər biz ümumi valyuta gəlirlərimizi nəzərə alsaq, pambıqdan əldə olunan gəlir onun cüzi faizini təşkil edir. Yəni, bu, maliyyə baxımından o qədər də böyük əhəmiyyət daşıyan sahə deyil. Ona görə pambıqçılığın inkişafı bizim üçün, ilk növbədə, sosial amildir, sosial sahənin gücləndirilməsidir və yəni, işsizliyin aradan qaldırılması istiqamətində bunun çox böyük faydası var. Bu subsidiyaların verilməsi, alış qiymətinin artırılması yenə də bizim sosial siyasətimizi göstərir. Biz istəyirik ki, vətəndaşlar daha da çox pul qazansınlar. Tarlalarda işləyən o vətəndaşlar, əlbəttə, fermerlər daha çox pul qazansınlar və onların rifah halı yaxşılaşsın.
Məhsul yığımı vaxtında aparılmalıdır. Biz keçən il hələ ilin sonuna qədər pambığı yığırdıq. Sonra soyuqlar düşdü, yağışlar yağdı, məhsulun bir hissəsi tarlalarda qaldı. Ona görə yığım vaxtında aparılmalı və işlər elə təşkil edilməlidir ki, burada ləngimələr olmasın.
Qəbul məntəqələri, pambıqtəmizləmə zavodları fasiləsiz elektrik enerjisi ilə təmin olunmalıdır. Keçən il biz buna demək olar ki, nail olmuşuq. Bu il də bu sahəyə çox ciddi diqqət göstərilməlidir.
Ölkəmizdə geniş vüsət alan kənd yollarının salınması öz növbəsində, kənd təsərrüfatının inkişafına da müsbət təsir göstərir. Əlbəttə, bu, ilk növbədə, kəndlərdə yaşayan vətəndaşların rahatlığı üçün icra edilən layihələrdir. Keçən il 500-dən çox kənddə layihələr icra edildi, bu il isə ən azı 600 kəndin yolu yenidən salınacaq, ən azı, yəni, ondan daha da çox olacaq. Bu da özlüyündə kənd təsərrüfatının inkişafına ciddi təkan verəcək. İtkiləri minimuma endirmək lazımdır.
Əlbəttə, kadr hazırlığına ciddi fikir verilməlidir. Qeyd etdiyim kimi, son illər ərzində - 2016-cı ilə qədər pambıqçılıq tənəzzülə uğradığı üçün bu peşəyə yiyələnmək istəyənlərin də sayı çox az idi. Bu sahə demək olar ki, ciddi kadr təminatı ilə dəstəklənmir. Ona görə indiki şəraitdə Azərbaycan Dövlət Aqrar Universitetində pambıqçılıq ixtisasının yaradılması məqsədəmüvafiq sayıla bilər. Bu, nəzərə alınsın və eyni zamanda, texniki peşə məktəblərində də bu sahəyə xüsusi diqqət göstərilsin. Azərbaycanda pambıqçılığın böyük gələcəyi var. Bizə hazırlıqlı mütəxəssislər, kadrlar, müasir texnologiyaları bilən kadrlar lazımdır.
Mən keçən il Saatlı rayonunda keçirilmiş müşavirədə qeyd etmişdim ki, Mingəçevir Yüngül Sənaye Parkının açılışı gözlənilir. Bu ilin fevralında bu parkda birinci zavodlar, fabriklər işə düşdü. Bu, böyük sənaye kompleksi olacaq, Mingəçevir şəhərində işsizliyin aradan qaldırılmasına kömək göstərəcək. İndi iki fabrikdə 700-dən çox insan işləyir. Növbəti dövrdə yeni fabriklərin yaradılması nəzərdə tutulur. İndi hazırlıq işləri gedir. Ancaq qısa müddət ərzində iki böyük iplik fabriki işə düşdü. Mən bunu qeyd etdim, bir daha demək istəyirəm, bu fabriklər 20 min ton iplik istehsal edir. Fabriklər açılana qədər Azərbaycanda iplik istehsalı 24 min ton idi. Altı fabrik fəaliyyət göstərirdi. Bu iki fabrik demək olar ki, onun yarısını təmin edir. Bu da ixracyönümlü məhsuldur. Biz indi pambığı mahlıca, mahlıcı isə ipliyə çeviririk və ixrac edirik, eyni zamanda, daxili istehsalda bundan istifadə edirik. Yeni iplik fabriklərinin tikintisinə ehtiyac olacaq, çünki bizdə pambıq istehsalı artacaq. Biz elə etməliyik ki, tədarük edilən bütün pambıq, ondan hazırlanan mahlıc Azərbaycanda emal olunsun, ipliyə və ondan sonra hazır məhsula çevrilsin. Biz bu işlərə əlavə dəyər qataraq həm minlərlə yeni iş yeri yaradacağıq, həm də daha böyük qiymətə rəqabətqabiliyyətli məhsul ixrac edəcəyik. Yəni, biz artıq bu işin ortasındayıq. İplik fabriklərinin emal gücü 44 min tondur. Bu, çox yaxşı göstəricidir, daha da artmalıdır. Ondan sonra bununla paralel olaraq hazır məhsulun istehsalı da nəzərdə tutulmalıdır.
Bax, görün, pambığın istehsalı ölkəmizə nə qədər böyük xeyir gətirir. Qeyd etdiyim kimi, bu, ölkəmizə valyuta, yeni texnologiyalar gətirir, nəinki pambıq yetişdirən rayonlarda, indi Mingəçevir şəhərində iş yerləri yaradılır. Çünki bu fabriklər dünyanın ən qabaqcıl texnologiyaları əsasında fəaliyyət göstərirlər.
Keçən il olduğu kimi, bu il də bütün aidiyyəti qurumlar, mərkəzi, yerli icra orqanları, tədarükçü şirkətlər, fermerlər, zəhmətkeşlər bir komanda kimi fəaliyyət göstərməlidirlər. Mövsüm ərzində mövcud olan, yəni, qarşıya çıxacaq problemlər dərhal öz həllini tapmalıdır və elə etməliyik ki, biz bu mövsümü maksimum səmərə ilə başa vuraq.
Mən əmək resursları ilə bağlı rəqəmləri səsləndirdim. İki yüz minə yaxın insan bu işlərə cəlb edilmişdir. Rayonlarda əmək resurslarını müəyyənləşdirmək onları bu işlərə dəvət etmək üçün yerli icra orqanları işləməlidirlər, məlumat verilməlidir. Yəni, hər gün pul qazanmaq üçün pambıqçılıq çox əlverişli bir sahədir və rayonlarda da əmək resurslarımızın təhlili ciddi aparılmalıdır. Çünki son illər ərzində Azərbaycanda artan iqtisadi fəallıq nəticəsində on minlərlə yeni iş yeri yaradılıb, o cümlədən özəl sektorda. Çünki indi dövlət özəl sektora çox böyük dəstək verir.
Keçən il iqtisadi sahədə sabitləşmə ili olmuşdur, bu il isə inkişaf ilidir. Bu ilin iqtisadi göstəriciləri ürəkaçandır. İki ay ərzində qeyri-neft sənayesi 8 faizdən çox, qeyri-neft sektoru 2,3 faiz, kənd təsərrüfatı 3,4 faiz artmışdır. O cümlədən bitkiçilik 40 faizdən çox artmışdır. Ona görə bu iqtisadi fəallıq əlbəttə ki, özəl sektorda iş yerlərinin yaradılmasına xidmət göstərir. Eyni zamanda, pambıqçılıqda və kənd təsərrüfatının digər sahələrində çox fəal işlər aparılır. Orada da yeni iş yerləri yaradılır. Artıq bir neçə ildir ki, mənim təşəbbüsümlə dövlət tərəfindən yaradılmış ictimai işlərə vətəndaşlar cəlb olunurlar. Mənə dünən verilən məlumata görə, təkcə Bərdə şəhərində yüzlərlə insan ictimai işlərə cəlb olunub, digər şəhərlərdə də mənzərə təxminən eynidir. Ona görə biz əmək resurslarımızı bilməliyik. Həm mərkəzi, həm də yerli icra orqanları bunun təhlilini aparmalıdırlar. Biz gələcək iqtisadi inkişafımızı, o cümlədən əkin sahələri ilə bağlı planlarımızı, ümumiyyətlə iqtisadi sahə ilə sənaye sahəsi ilə bağlı planlarımızı əmək resurslarımızın düzgün təhlilinin aparılması üzərində qurmalıyıq.
Bizdə demoqrafik dinamika çox müsbətdir, əhali artır. Yaxın gələcəkdə on milyon səviyyəsinə çatacaq. Bu, bizim böyük üstünlüyümüzdür və biz əmək resurslarımızdan səmərəli şəkildə istifadə etməliyik. O cümlədən, builki mövsümdə bu sahəyə ciddi fikir verilməlidir.
Bir sözlə, mən əminəm ki, keçən il əldə edilmiş nəticələrin müsbət və mənfi tərəfləri bu il ciddi təhlil olunacaq. Bu il biz daha da yaxşı nəticələrə çatacağıq, məhsuldarlıq, pambığın tədarükü artacaq və pambıqçılığın inkişafı bundan sonra da sürətlə gedəcək. Bu işlərdə sizə uğurlar arzulayıram.
Bildiyiniz kimi, bir müddət bundan əvvəl mənim təşəbbüsümlə Azərbaycanda yeni orden təsis edilmişdir – “Əmək” ordeni. Bu təşəbbüsü mən hələ pambıqçılığa həsr olunmuş birinci müşavirədə irəli sürdüm. Bu orden təsis edilib və bu ordenlər artıq verilirBu ordenin üç dərəcəsi var. Bu gün bu mərasimdə keçən il pambıqçılığın inkişafında fərqlənən fermerlərə birinci dərəcəli “Əmək” ordenini mən şəxsən özüm təqdim etmək istərdi".