18:07
Prezident İlham Əliyev akademik Əhəd Yaqubovun 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
2018-ci ilin may ayında görkəmli Azərbaycan alimi, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Əhəd Ələkbər oğlu Yaqubovun anadan olmasının 110 illiyi tamam olur.
Neft-qaz geologiyası və vulkanologiya sahəsi üzrə qiymətli tədqiqatlar müəllifi akademik Əhəd Yaqubov Azərbaycanın palçıq vulkanlarının kompleks öyrənilməsinin təşkilatçısı kimi şöhrət tapıb, onların ilk atlası və xəritələrinin tərtibinə rəhbərlik edib. Xəzər dənizi neft yataqlarından bir çoxunun kəşfi alimin adı ilə bağlıdır.
Sərəncamda qeyd olunur ki, ölkədə geologiya elminin inkişafına mühüm töhfələr vermiş və yüksəkixtisaslı kadrların hazırlanmasında təqdirəlayiq xidmətlər göstərmiş akademik Əhəd Yaqubovun anadan olmasının 110-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası akademik Əhəd Yaqubovun 110 illiyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirsin.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1759 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 61, № 7, maddə 533, № 10, maddə 780, № 12, maddə 983; 2010, № 2, maddələr 77, 80; 2011, № 2, maddə 85; 2015, № 2, maddə 108, № 9, maddə 988; 2016, № 9, maddə 1479; 2017, № 5, maddə 771, № 6, maddə 1081; 2018, № 1, maddə 47) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.14-cü yarımbəndində “qanunvericiliyə uyğun olaraq səlahiyyətləri daxilində” sözləri “Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla,” sözləri ilə əvəz edilsin”.
***
Prezident İlham Əliyev Ağstafa şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Ağstafa şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 4,6 milyon (dörd milyon altı yüz min) manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.
***
Prezident İlham Əliyev Qazax Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, səhiyyə obyektlərinin tikintisinin davam etdirilməsi məqsədi ilə qərara alıram:
1. Qazax Rayon Mərkəzi Xəstəxanasının (I növbə) tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 14,6 milyon (on dörd milyon altı yüz min) manatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.
***
Prezident İlham Əliyev “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nın və “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının 2017-ci il 2 may tarixli 667-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
1. “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə uyğun olaraq dövlət və bələdiyyə yüklülüyü üzrə bildirişlərin daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə (bundan sonra – reyestr) daxil edilməsi üçün reyestrə inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısını üç ay müddətində müəyyən edib həmin informasiya sistemlərinin reyestrə inteqrasiyası üçün tədbirlər görsün;
3.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası bu Fərmandan irəli gələn məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.