31 Mart 2018 01:39
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankarada professor Aygün Əttarın mühazirəsi əsasında 1918-ci ilin martında erməni daşnakların Azərbaycan xalqına qarşı törətdikləri soyqırımının 100 illiyi ilə əlaqədar konfrans keçirilib.

Teleqraf.com xəbər verir ki, Avrasiya Araşdırmalar Mərkəzində (AVİM) keçirilən konfransda Türkiyə Silahlı Qüvvələrinin generalları və Xarici İşlər Nazirliyinin rəsmi şəxsləri və səfirlər, Ankaradakı səfirliyimizin əməkdaşları, Azərbaycan və Türkiyədən olan elm adamları, tanınmış tarixçilər, QHT və KİV təmsilçiləri də dinləyicilər arasında olublar.

1917-ci ildə çar Rusiyasında baş vermiş bolşevik inqilabının Qafqaza, o cümlədən Azərbaycanın ictimai-siyasi həyatına təsirindən danışan professor Aygün Əttar Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, onun süqutunun səbəbləri barədə fikirlərini bölüşüb. Erməni toplumunun Azərbaycan torpaqlarına köçürülməsi ilə bağlı tarixi proseslərdən müfəssəl məlumat verən alim diqqətə çatdırıb ki, 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər bölgələrində erməni daşnakların xalqımıza qarşı divan tutmasının başlıca məqsədi azərbaycanlıları milli dövlət qurmaq hədəfindən yayındırmaq olub. O dövrdə düşmən bunu edə bilməsə də silahlı erməni quldur birləşmələri vasitəsilə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə təzyiq göstərməyə, eləcə də Cümhuriyyətin hərbi gücünü sərhədləri qorumaqdan yayındırmağa nail ola bilib.

Konfransdan sonra iştirakçılar professor Aygün Əttarın "Erməniçilik müasir dövrün problemi kimi" elmi əsərinin imza gününə qatılıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər