Rusiyanın “MİR 24” telekanalı Azərbaycanda keçirilmiş prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsinə reportaj həsr edib.
Reportajda deyilir ki, seçkilərin gedişatını 800-dən çox beynəlxalq müşahidəçi, o cümlədən MDB-dən 200 müşahidəçi izləyirdi.
MDB-nin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev telekanala müsahibəsində vurğulayıb ki, müşahidəçilər seçkilər prosesində heç bir pozuntu aşkar etməyib:
“Biz həm Bakıda, həm də regionlarda seçkiyə hazırlıqları və səsvermə prosesini müşahidə etmişik. Şəxsən mən 10-dan çox məntəqədə oldum. Bizim təəssüratlarımız: seçkilər yaxşı təşkil olunmuşdu və intizamla keçdi”.
Reportajda bildirilir ki, Qərb müşahidəçiləri, xüsusilə də AŞ PA Mərkəzi Seçki Komissiyasının prezident seçkilərinə yaxşı hazırlıq səviyyəsini qeyd edib:
“Yerli MSK bu qiymətləndirmədən razı qalıb. Heç bir pozuntu olmayıb. Bütün gecə komissiya üzvləri bülletenləri sayıblar. İlham Əliyev öz rəqiblərinə heç bir şans verməyib – 86 faiz səs ona verilib”.
Reportaj daha sonra Bakı küçələrinə keçir. Burada vətəndaşlar İlham Əliyevin qələbəsini qeyd etmək üçün toplaşır:
“Seçki günü sabitlik bayramına çevrildi – bu ifadə Dənizkənarı Parkda səsləndirildi. Həmin bulvarda ki, burada hər il iki milyon turist gəzişir. Bu, 15 il əvvəl olduğundan 3 dəfə çoxdur”.
Reportajda qeyd olunur ki, Rusiya Prezidenti Vladimir Puitin İlham Əliyevə zəng edərək onu inamlı qələbə münasibətilə təbrik edib:
“Rusiyalı liderin sözlərinə görə, inamlı qələbə yalnız bir şeyi ifadə edir: əhali öz liderinin siyasətini dəstəkləyir”.
Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü.
Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5641 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,03 faizini toplayıb.
Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.
Azərbaycanda 5 332 817 nəfər səsvermə hüququ olan şəxs var.