Bir neçə gündür İrəvanda davam edən aksiyalar artıq gərgin müstəviyə keçib. Proseslərin bu həddə gəlib çatmasında 2015-ci ildə konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumun böyük rolu var.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib.
O qeyd edib ki, referendum nəticəsində prezidentin xalq tərəfindən deyil, parlament tərəfindən seçilməsi qərara alındı:
“Sərkisyan anlayırdı ki, prezident postunda uzun müddət qala bilməyəcək. Lakin hakimiyyətdən əl çəkmək də istəmirdi. Bunun üçün də 2015-ci ildə ölkə referendumla sistemin dəyişilməsinə getdi. Gözlənilən nəticədə əldə edildi və ölkə parlamentli respublika sisteminə keçdi. Əslində, bu qərarla Sərkisyan və onun Qarabağ klanı ilk qələbəni əldə etmiş oldu. Növbədə isə yeni prezidentin seçilməsi dayanırdı. Hakim partiyanın namizədi Armen Sərkisyan martın 2-də Ermənistanın növbəti prezidenti seçildi. Parlamentin deputatları onu 90 səs lehinə, 10 səs əleyhinə olmaqla prezident seçdilər. Qeyd edim ki, Ermənistanın eks-prezidenti Serj Sərkisyan hakim Respublika Partiyasının adından ölkənin Böyük Britaniyadakı səfiri Armen Sərkisyanın namizədliyini təklif etmişdi. Maraqlı məqam isə Armen Sərkisyanın yeganə namizəd olması ilə bağlı idi. Nəticə etibarilə Armen Sərkisyan Ermənistanın yeni prezidenti oldu. Bununla da prezident kürsüsünü Sərkisyan hakimiyyətinə bağlı bir şəxs ələ keçirmiş oldu”.
S.Sərkisyanın parlamentin aprelin 17-də keçirilən xüsusi iclasında ölkənin baş naziri seçildiyini xatırladan T.Rzayev əlavə edib ki, əslində hər şey Sərkisyan hakimiyyətinin ustaca hazırlanmış hakimiyyətdə qalma siyasi manevrinin tərkib hissəsi idi:
“Bu gün həm prezident, həm də baş nazir postu faktiki Sərkisyan və Qarabağ klanının əlində cəmləşib. Bunun nəticəsində təcavüzkar ölkədə etiraz dalğaları geniş vüsət alıb. Zənnimcə, Sərkisyan və onun komandası vəziyyətin bu qədər gərginləşəcəyini gözləmirdi. Hazırda vəziyyət olduqca gərgindir və hakimiyyət ciddi narahatlıq keçirir. Bununla belə, mən düşünmürəm ki, bu iğtişaşlar mövzud vəziyyəti dəyişə bilsin. Çünki bundan da böyük xalq kütlələri əvvəllər dəfələrlə etiraz aksiyaları keçirmiş, lakin son nəticədə məğlub olmuşdular. Bu baxımdan hazırkı aksiyaların ölkənin siyasi tarixində böyük izlər qoyacağına rəğmən, əvvəlkilərin aqibətini yaşayacağını güman edirəm”.
S.Sərkisyan iqtidarının Rusiyaya arxalandığını vurğulayan müsahibimiz Moskvanın hazırkı hakimiyyətdən razı göründüyünü söyləyib:
“Belə olmasaydı, Rusiya müxalifətə lazımi dəstək göstərərdi. Gələcəkdə Sərkisyan hakimiyyəti Rusiyadan uzaqlaşsa, o zaman bəlkə də bu ölkədə hakimiyyət dəyişikliyini görə bilərik. Bundan sonra ehtimal ki, Ermənistan xarici siyasətində ikibaşlı siyasət aparılacaq. Bunu deyərkən prezident Armen Sərkisyanın Qərbi Avropanın bir çox ölkələrində səfir işlədiyini nəzərdə tuturam. Zənnimcə, belə bir şəxsin prezident postuna gətirilməsi səbəbsiz deyil. Ola bilsin, Armen Sərkisyanın xarici siyasətdə Qərbə inteqrasiya xətti götürəcəyini müşahidə edə biləcəyik. Lakin bu qətiyyən o demək deyil ki, Ermənistan Rusiyadan üz döndərəcək. Əksinə Rusiya ilə hazırkı əlaqələrin qorunmasına və inkişafına çalışılacaq. Yəni, həm Qərb, həm də Rusiya ilə münasibətlərin yüksək səviyyədə olması eyni anda Ermənistan xarici siyasətinin prioriteti olacaq”.