“Prezidentin bu etimadı mənim üzərimə böyük vəzifə qoymuş oldu. Buna görə Prezidentə təşəkkür edirəm. Bu, həm çətin, həm də şərəfli vəzifədir”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı yeni baş nazir Novruz Məmmədov deyib.
O bildirib ki, bu gün Azərbaycan dünya miqyasında yeri olan bir ölkədir.
“Dünyada mürəkkəb siyasi proseslərin müşahidə olunduğu vaxtda ölkəmizdəki sabitliyi qorumaq böyük vəzifədir. Üzərimə qoyulan bu çətin vəzifəni icra edərkən ölkə prezidenti, millət vəkilləri, hökumət nümayəndələri ilə birlikdə fəaliyyət göstərməyə çalışacam. Heydər Əliyev siyasi kursunu davam etdirəcəm. Mən daha çox xarici siyasətlə məşğul olmuşam, ona görə də deyə bilərəm ki,ölkəmiz enerji, mədəniyyət, multikulturalizm kimi sahələrdə uğurlu siyasət həyata keçirib. Beynəxlaq əməkdaşlıq sahəsində beynəlxalq münasibətlərə töhvə verib.
Bu günə qədər əldə edilmiş uğurların istiqamətini daha da konkretləşdirmək, qarşıda bizi gözləyənləri nəzərə alaraq addım atmağa çalışacam.
Həmçinin cənab prezidentin dəstəyi, hökumət nümayəndələri ilə birlikdə işləyərək uğurlara nail olacağımıza inanıram. Bu günə qədər Azərbaycan çox böyük layihələr həyata keçirib. Dünyanın heç bir ölkəsi Azərbaycanla müqayisə edilə bilməz.
Bu yaxınlarda Qoşulmama hərəkatının nazirlərinin görüşü keçirildi. Yaxın 3 ildə Azərbayca siyasəti həyatında böyük uğura imza atacağımıza söz verirəm. Həm sizə, həm də cənab prezidentə söz verərəm ki, üzərimə qoyulan vəzifəni layiqincə yerinə yetirəcəyəm.
Burada haqqımda deyilən sözlər məni qürurlandırdı. Başda Oqtay Əsədov olmaqla bütün millət vəkillərinə, Prezident İlham Əliyevə bu məsuliyyətli vəzifəyə görə təşəkkür edirəm”.