27 Aprel 2018 14:05
1 325
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Türkiyədən sonra ikinci səfərini Böyük Britaniyaya həyata keçirməsi mühüm əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki, London dünya siyasi mərkəzlərindən biridir.

Bu sözləri Teleqraf.com-a politoloq Rüstəm Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyaya həyata keçirdiyi səfəri şərh edərkən deyib.

Mütəxəssis bildirib ki, Bakı-London əlaqələri genişdir və onun tarixi keçmişi var:

“Azərbaycan müstəqillik əldə etdikdən sonra Tetçer dövründən başlayaraq London-Bakı münasibətləri yaranıb. Bu münasibətlər İlham Əliyevin dövründə xüsusi inkişaf yolu keçib. Prezidentin London səfərini mən daha çox geosiyasi istiqamətdə şərh etməyi vacib sayıram. Əvvəla, nəzərə almaq lazımdır ki, London həm də ABŞ siyasətini əvəz edir. Yəni ABŞ və İngiltərə demək olar ki, eyni siyasi xətt yürüdürlər. Prezidentin London səfəri Azərbaycanın geosiyasi proseslərə maraq göstərdiyini, bu prosesdə öz maraqlarını qoruduğunu və faydalanmağa çalışdığını ortaya qoyur. Nəzərə almaq lazımdır ki, indi dünyada geosiyasi vəziyyət əsas müzakirə mövzusudur. Bu səfərlə Azərbaycan həm də Yaxın Şərqdə gedən proseslərə təsir etmiş olur. Digər tərəfdən təhlükəsizlik məsələləri çox vacibdir. Azərbaycan bütün tərəflərlə münasibətlərini inkişaf etdirməkdə maraqlıdır. Prezidentin belə bir səfər həyata keçirməsi, Böyük Britaniya Baş naziri Tereza Meylə müzakirələr aparması, müqavilələrin imzalanması Bakı-London münasibətlərində növbəti mərhələ olacaq”.

Rüstəm Məmmədov deyib ki, Böyük Britaniya Azərbaycana ən çox investisiya qoyan ölkədir, eyni zamanda BP şirkəti Azərbaycanla uzun illərdir ki, sıx əməkdaşlıq edir:

“Təbi ki, neft maraqları var. Bundan da hər iki tərəf fayda götürür. Ancaq mən İngiltərənin Azərbaycana münasibətini ancaq neft maraqları ilə bağlamazdım. Əsrin əvvəllərindən İngiltərə Azərbaycana maraq göstərib, hətta bura özünün ordusunu da göndərmişdi. İndi Rusiya-İngiltərə qarşıdurması da müşahidə olunur. Prezidentin bu səfəri gərgin qarşıdurmanın yumşaq hala düşməsi baxımından da maraqlı ola bilər. Hesab edirəm ki, prezidentin apardığı xarici siyasət kursu doğrudur və dövlət başçısı səfərlərinin vaxtını zərgər dəqiqliyi ilə seçir”.


Müəllif: Cavad

Oxşar xəbərlər