27 Aprel 2018 22:57
1 564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali və Cənubi Koreya liderləri görüşə, hətta müəyyən mərhələ üçün mövcud olan gərginliyi cilovlaya da bilərlər. Ancaq bu, ümumilikdə Koreya yarımadasında problemi həll etməyəcək.

Bu fikirləri Teleqraf.com-a politoloq Rasim Musabəyov deyib.

O bildirib ki, Şimali Koreya lideri Kim Çen İn heç vaxt nüvə silahı əldə etməkdən vaz keçməyəcək:

“Pxenyan nə nüvə silahından, nə də raket proqramından imtina edəcək. Mümkündür ki, hansısa bir müddət üçün Pxenyan təlim və sınaqları dayandıracaq. Bunun qarşılığında da tətbiq olunan sərt sanksiyaların altından çıxmaq niyyətindədir. Birinci növbədə isə yanacaq lazımdır. Şimali Koreyanın özünün nefti və yanacağı yoxdur. Çin və Rusiya tərəfindən ona benzin və dizelin verilməsi əsas məsələdir. İndiki ciddi sanksiyalar davam edərsə, altı aydan sonra Pxenyan nə tanklarını, nə avtomobillərini, nə də sınaqlarını həyata keçirmək üçün yanacaq əldə edə biləcək. İndi yumşalıb və məqsəd sanksiyaları dəf etməkdir. Amma mən inanmıram ki, onlar nüvə və raket sınaqlarından tamamilə imtina etsin. İndiki yumşalması sadəcə, manevrdir. Vəziyyəti düzəldikdən sonra təkrar sınaqlara başlayacaq”.

Xatırladaq ki, Şimali və Cənubi Koreya liderləri Kim Çen İn və Mun Çje İn hərbi demarkasiya sərhədində - Phanmuncom atəşkəs kəndində görüşüblər. Bu, tərəflər arasında 65 ildən sonra ilk yüksək səviyyəli görüşdür. Dövlət rəhbərləri Cənub və Şimal arasında münasibətlərin yaxşılaşdırılması, sülh və birləşmə perspektivləri barədə danışıqlar aparıblar. Dünya Koreya yarımadasında sülhün əldə edilməsi baxımından bu danışıqlara xüsusi əhəmiyyət verir.


Müəllif: Cavad

Oxşar xəbərlər