Hələlik Gürcüstanda baş verən ictimai-siyasi proseslərə vətəndaş itaətsizliyi qiymətini vermək mümkün deyil. Amma bu, ən az indiki vəziyyət üçün keçərlidir.
Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov belə deyib.
Gürcüstan müxalifətinin etiraz aksiyalarına qoşulmadığını qeyd edən politoloqun sözlərinə görə, ümumiyyətlə, bu nümayişlərdə müxalifətin fəallığı hiss edilmir, proseslərin idarə edilməsi də bu siyasi düşərgənin əlində deyil:
“Buna görə də, proseslərin hansı istiqamətdə inkişaf edəcəyi maraq doğurur. Lakin müxalifətin müəyyən hissəsi bu aksiyalarda iştirak etməkdə maraqlı görünür. Bu baxımdan, askiyaların uzunmüddətli olacağına şübhə yoxdur. Aksiyalarda iştirak edən vətəndaşların təkcə bununla kifayətlənəcəyini düşünmürəm. Gürcüstan hakimiyyətinin güzəştlərinə baxdıqda ehtimal etmək olar ki, proseslərin nəzarətdən çıxmasında maraqlı olan və bunun arxasında duran siyasi qüvvələr var. Buna görə də, Rusiyanın Gürcüstandakı uzantılarının burada fəal iştirak etdiyi məsələsi gündəmdədir. Hər halda bu aksiyalar öz-özlüyündən ortaya çıxmayıb, yəni, kortəbii deyil”.
Elşən Manafov hesab edir ki, Rusiya faktorunun vurğulanması təsadüfi deyil: “Çünki son zamanlar Gürcüstan hakimiyyətinin Avropa İttifaqı və NATO-ya inteqrasiya xəttinə uyğun addımlar atması Moskvanın maraqlarını ifadə edə bilməz. Başqa sözlə, Gürcüstanın Qərbə inteqrasiyasının qarşısını almaq üçün bu aksiyaların məqsədyönlü şəkildə təşkil olunduğuna şübhə yoxdur”.
Qeyd edək ki, bir neçə gündür Tiflisdə davam edən etiraz aksiyalarında hakimiyyətdən istefaya getmək tələb olunur.