20 İyun 2018 12:10
1 972
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayonunda pambıq tarlalarında becərmə işləri apararkən zəhərlənən fəhlələrdən 12 nəfəri İmişli Rayon Mərkəzi Xəstəxanasında müalicə alır.

Bu sözləri Teleqraf.com-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.

Onun sözlərinə görə, zəhərlənən pambıqçılara bütün lazımi yardım göstərilib, onların vəziyyəti stabildir: “Heç bir xəstənin həyatına təhlükə yoxdur. Yəqin ki, bu gün evə buraxılacaqlar”.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov bildirib ki, pambıq sahəsində çalışan insanların zəhərlənməsi ilə bağlı müvafiq komissiya yaradılıb, araşdırma aparılır, nəticə haqda geniş məlumat veriləcək.

Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Mansur Pirioyev də hazırda pambıq sahəslərində zəhərlənən fəhlələrlə bağlı araşdırma aparıldığını deyib. Onun sözlərinə görə, hadisənin baş verdiyi pambıq sahələrindən laboratoriya üçün nümunələr götürülüb.

Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, sovet dövründə pambıqçılqı geniş yayılsa da kütləvi zəhərlənmə hadisələri qeydə alınmırdı: “Pambığın yetişdirilməsində istifadə olunan kimyəvi maddələr uzun müddət torpaqda və havada qalır. İnsanlar təhlükəsizlik qaydalarına əməl etmədikdə zəhərlənmə təhlükəsi olur.

Fikrimcə, bu hadisələrdə söhbət təhlükəsizlik qaydalarının pozulmasından gedir və bu məsələ ilə bağlı vacib tədbirlər görülməlidir ki, yenidən belə hadisələr baş verməsin. İnsanlar müxtəlif müdafiə kostyumlarından geyinməli, kimyəvi maddələrin nəfəs yoluna düşməsinin qarşısı almaq üçün ilkin qoruyucu tədbir görülməlidir”.

Professor əlavə edib ki, üç rayonda pambıqdan zəhərlənmələrin baş verməsi cəmiyyətdə ciddi narahatlıq yaradır: “Buna görə də ilk hadisə baş verəndə qabaqlayıcı tədbirlər görmək lazım idi. Pambıq becirilməsi işinə cəlb olunan kontingent arasında izahat işi aparılmalı, təhlükəsizlik texnikası qaydaları izah olunmalı və bu işin üzərində nəzarət artırılmalıdır”.

Qeyd edək ki, dünən İmişli rayonunda pambıq tarlalarında becərmə işləri aparan fəhlələr zəhərlənib. İlkin məlumata görə, zəhərlənənlərin sayı 80 nəfərə çatdığı bildirilib.

Xatırladaq ki pambıqdan zəhərlənmə hadisəsi bir müddət öncə Saatlı və Tərtərdə də baş vermişdi. Tarlada işləyən 23 nəfər kimyəvi zəhərlənmə diaqnozu ilə Saatlı rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Sonradan onlardan 8 nəfəri Bakıya Toksikoloji Mərkəzə göndərilmişdi.

Tərtərdə zəhərlənən 14 yerli sakin isə Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılmışdı. Hər üç faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Müəllif: Elxan Süleymanov

Oxşar xəbərlər