22 İyun 2018 10:58
1 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər bir fövqəladə hallar orqanlarının əməkdaşının 5 ildə bir dəfədən çox olmayaraq, attestasiyası keçirilə bilər.

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Fövqəladə hallar orqanları əməkdaşlarının attestasiyası qaydası”nda əksini tapıb.

Hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) və tutduğu vəzifədə faktiki olaraq 1 ildən az müddətdə qulluq keçən əməkdaşların attestasiyası keçirilmir.

Fövqəladə hallar orqanları əməkdaşlarının attestasiyasının keçirilməsi məqsədi ilə fövqəladə hallar naziri və ya onun müvafiq səlahiyyət verdiyi vəzifəli şəxslər tərəfindən attestasiya komissiyası yaradılır. Attestasiya komissiyası kollegial orqandır, azı 5 nəfərdən ibarət olmaqla, bütün hallarda tərkibi tək sayda yaradılır. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş əməkdaş attestasiyadan keçirildikdə, Fövqəladə Hallar Nazirliyinin korrupsiya ilə bağlı məlumatların verilməsi üçün müəyyən edilən struktur bölməsinin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir.

Attestasiyadan keçməli olan hər bir əməkdaşa attestasiyanın başlanılmasına ən azı 2 həftə qalmış onun bilavasitə rəhbəri tərəfindən hazırlanmış xidməti xasiyyətnamə verilir. Həmin əməkdaş ona verilən xasiyyətnamə ilə tanış olmalıdır. Xasiyyətnamədə əməkdaşın xidməti fəaliyyətinə qiymət verilir, fərdi xüsusiyyətləri, güclü və zəif cəhətləri, keçən dövr ərzindəki işinin nəticələri göstərilir. Sonrakı attestasiyalarda komissiyaya əvvəlki attestasiyanın attestasiya vərəqəsi də təqdim edilir. Attestasiya komissiyasının üzvləri tərəfindən əməkdaşa yalnız tutduğu vəzifəyə, ixtisasına, icra etdiyi işlərə və onların nəticələrinə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün qanunvericiliklə müəyyən edilmiş hüquqlarına, qulluq funksiyalarına aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan əməkdaşa onun xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onun siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Əməkdaşın attestasiyasının nəticələri əsasında attestasiya komissiyası aşağıdakı qiymətlərdən birini verir:

- tutduğu vəzifəyə uyğun gəlir;

- işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, 1 (bir) ildən sonra təkrar attestasiyadan keçmək şərtilə tutduğu vəzifəyə uyğun gəlir;

- tutduğu vəzifəyə uyğun gəlmir.

Attestasiya komissiyası attestasiyanın nəticələri əsasında ayrı-ayrı fövqəladə hallar orqanları əməkdaşlarının qazandıqları müvəffəqiyyətlərə görə mükafatlandırılması, irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi, attestasiyadan keçən fövqəladə hallar orqanları əməkdaşlarının təcrübə, yenidənhazırlanma və ya ixtisasartırma keçməsi, xidməti fəaliyyətinin, işinin nəticələrinin yaxşılaşdırılması, aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında tövsiyələr verə bilər. Bu halda attestasiya komissiyasının irəli sürdüyü tövsiyələr əsaslandırılmalıdır.


Müəllif: Mənbə/APA

Oxşar xəbərlər