Gəncədə 2 polisimizin həlak olmasıyla yadda qalan qarşıdurma təəssüfləndirici və düşməni sevindirən hadisədir.
Bunu Teleqraf.com-a millət vəkili Tahir Kərimli deyib.
Millət vəkili bildirib ki, Azərbaycan regionda baş verən gərgin proseslər fonunda öz sabitliyini qoruyub saxlayan yeganə dövlət idi, bu sabitliyi gözü götürməyənlər vardı:
“Azərbaycanın stabil inkişafı, öz işğal edilmiş ərazilərini azad edəcək qədər güclü ordu yaratması başqa dövlətlərdə qıcıq yaradır. Bu sabitliyi pozmaq və ölkəmizi parçalamaq niyyətləri göz qabağındadır. Buna görə də baş verənləri təsadüfi hesab etmirəm. Nəticədə də belə hallardan istifadə edilir.
Əgər dövlət müqəddəsdirsə, onun gerbini sinəsində daşıyan polis bu dövlətin nümayəndəsidir. Polisə əl qaldırmağa nə ad vermək olar? Heç bir halda buna bəraət qazandırmaq olmaz”.
Tahir Kərimli sosial şəbəkələrdə gedən kampaniyaya da diqqət çəkib:
“Hesab edirəm ki, Gəncə camaatı çirkin niyyətli insanları müdafiə etmədi. Demək ki, xalqımız əmin-amanlıq və sabitliyi seçib. Bəzən sosial şəbəkələrdə elə təbliğat gedir ki, dindarları da qıcıqlandırırlar, təxribatlara əl atırlar. Ehtiyatlı olmaq lazımdır, dindarlardan da xahişim budur ki, belə təxribatçı çağırışlara uymasınlar. Onlar bilməlidirlər ki, inancları təhqir edilməyib. Anlamaq lazımdır ki, Azərbaycan dövlətini sarsıtmaq üçün onlardan istifadə etməyə çalışırlar. Səbrli olmaq və hər şeyin qanunla tənzimlənməsini gözləmək lazımdır”.