Gəncədə baş verən hadisələrin sifarişçilərini və onun icraçılarını şiddətlə lənətləyirəm. Unutmayaq ki, çəkilən tətik, tökülən qanlar bizim suverenliyimizə, müstəqilliyimizə təhdiddir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Beynəlxalq Avrasiya Fondunun rəhbəri Umud Rəhimoğlu dünən Gəncədə baş verən hadisəyə münasibət bildirərkən qeyd edib.
Mingəçevir İES-də baş verən qəzanı xatırladan Umud Rəhimoğlu işıqların söndürülməsinə diqqət çəkib: "Sonra məkrli şəkildə evlərimizə girib aralığı qarışdırmağa çalışdılar. Gəncə bizim ən böyük evlərimizdən biridir. Ölkəmizin qədim tarixi-mədəni mərkəzlərindən birində son günlər baş verənlər bir vətəndaş olaraq məni son dərəcə narahat edir. Bütün bunlar əslində Cocuq Mərcanlıda səslənən sülh çağırışlarından, torpaqların azad olunması ilə bağlı bəyanatlardan sonra baş verdi. Azərbaycan ordusunun Günnüt istiqamətində uğurlu əməliyyatı, bütün cəbhə boyu genişmiqyaslı hərbi təlimlər, düşmənlərimiz üçün bir mesaj idi. Digər tərəfdən Ermənistanda baş verən son olaylar, militarist qüvvələrin iç üzünün açılması, irticaçıların, cinayətkarların həbs edilməsi, bununla da danışıqların normal aparılması üçün imkanların yarandığına ümid etdiyimiz bir zamanda Gəncədə yaradılan iğtişaş ölkəmizin suveren və müstəqil siyasətinə qarşı yönəldilmiş qəsddir. Əlbəttə dövlətimiz güclüdür, ölkə başçısının güclü iradəsi mövcuddur".
U.Rəhimoğlunun fikrincə, xalq bu imtahandan da üzüağ çıxacaq: Gənclərimizə, aydınlarımıza səslənir, xalqımızı həmrəy olmağa, kənar qüvvələrin, dağıdıcı ünsürlərin çağırışlarına uymamağa səsləyirəm".